Ustadlardan dərs alıb, ustad oldu
Bəlağətli və şaqraq
səsi-avazı ilə
tanınan, şöhrəti
Azərbaycanın hüdudlarını
aşan, İranda, Türkiyədə, Gürcüstanda,
Orta Asiyada tanınan görkəmli sənətkarlarımızdan biri
də Şəkili Ələsgər olub.
Musiqi tariximizdə görkəmli
xanəndə kimi tanınan Ələsgər
Abdullayev 1866-cı ildə
Şəkidə anadan
olub. O, yoxsul valideynlərinə kömək
məqsədi ilə gənc yaşlarından zəhmətə qatlaşır.
Bənna
köməkçisi olur.
Xanəndənin Keştazlı Həşimlə
təsadüfi görüşü
onun həyatında dönüş yaradır.
Belə deyirlər ki,
günlərin bir günü Şəkinin zəngin ailələrindən
biri oğluna toy edir. Qarabağdan tanınmış xanəndə Keştazlı
Həşim bu şənliyə dəvət
olunur. Geniş və yaraşıqlı
salon qonaqlarla dolu olur. “Bayatı-Qacar”ın
sədası ürəkləri
riqqətə gətiribmiş...
Nəhayət, xanəndə dəstgahı
başa vurur. Bu məqamda bir qoca bənna “toy bəyinə” müraciət
edir: “Bəy, icazə verin bizim uşaq da oxusun”. Bənnanın
təklifi narazılıqla
qarşılanır: “O da
oxumaq bilir? Əşi, ayıbdır,
heç insafdır ki, xanəndənin yanında uşaq-muşaq
oxusun?” - deyə səslər eşidilir. Xanəndə işə qarışmalı olur. O,
məclis əhlinə
müraciətlə deyir:
“Camaat, sakit olun, qoyun oxusun.
Bəlkə yaxşı
səsi var”.
Gəncin bulaq kimi çağlayan
səsi, elə ilk dəqiqədən məclis
əhlinin diqqətini
çəkir. O, muğamı
oxuyub başa çatanda alqış sədaları salonu bürüyür. Xanəndə
gəncin gözəl
səsinə və istedadına heyran olur. Sonra əlini
bərk-bərk sıxaraq
deyir: “Oğlum, halal olsun, çox
gözəl səsin
var. Ancaq muğamata bələdliyin yoxdur. Mən nə qədər ki, Şəkidəyəm, tez-tez
yanıma gəl. Sənə bir-iki muğam və təsnif öyrədim”. Keştazlı Həşimin
şagirdi olan bu gənc sonralar
istedadlı xanəndə
olan Ələsgər
Abdullayev idi.
Gənc Ələsgər bu görüşdən sonra
öz səsinin qüdrətinə inanır
və məclislərə,
toy şənliklərinə yol tapır. O zil və məlahətli
səsi, muğamatı
mükəmməl bilməsi
ilə müasirlərinin
etimadını qazanır.
Ustad xanəndə Həşimdən ifaçılığın
sirlərini, qaydalarını
öyrənir, onunla birlikdə el şənliklərində
çıxış edir.
Onun ikinci müəllimi Bakı tacirlərindən
Ağa Səidoğlu
Ağabala olur. Bir gün Ağa
Səidoğlu Şəkiyə
qonaq gəlir. Fayton şəhərə
daxil olarkən Ağa Səidoğlu bir gəncin divar hördüyü yerdə yanıqlı səslə “Segah” oxuduğunu görür. Bənna “Segah”ı oxuyub qurtardıqdan sonra tacir onu
yanına çağırtdırır.
Bir qədər söhbət etdikdən sonra deyir: “Bacıoğlu,
sənin çox gözəl səsin, musiqi duyumun var. Tale sənə böyük bir istedad verib.
Yaxşı olar ki, mənimlə birlikdə Bakıya gedək. Orada xanəndəlik sənətinin
sirlərini öyrən”.
Ələsgər Ağa Səidoğlunun
təklifini qəbul edir, Bakıya gəlir və müəlliminin yanında
musiqi təhsilini artırır. Bir müddətdən sonra Ələsgər nəinki
Bakıda, hətta Azərbaycanın şəhər
və kəndlərində
usta bir xanəndə kimi tanınır. Qurban Pirimov deyərmiş: “Ələsgəri toya və məclisə dəvət edən şəxs bu barədə ona iki ay qabaq xəbər
verərdi. O, zəhmətkeş
xalqın içərisindən
çıxdığına görə xalqa çox yaxın idi. Buna görə də çalışardı
oxuduğu qəzəllərdə
xalqın istək və arzularını ifadə etsin . Bu səbəbdən
də xalq onu sevir və
yüksək qiymətləndirirdi”.
Ələsgər Bakıda teatr
tamaşalarının fasilələrində
və “Nicat” cəmiyyəti tərəfindən
təşkil olunan “Şərq gecələri”ndə
daima bir xanəndə kimi yaxından iştirak edir. Uzun illər məşhur
tarzən Şirin Axundov ilə yoldaşlıq edir. Onun ansamblı təkcə Azərbaycanda deyil, Ermənistanda, Gürcüstanda,
Dağıstanda, İranda
da məşhur idi.
1910-cu ilin fevral ayında
məşhur türk müğənniləri Mubar
Əfəndi və Mələk xanım Qafqaza qastrol səfərinə çıxarkən
Bakıda da olurlar. Onlar öz konsertlərinə
Ələsgəri də
dəvət edirlər.
Konsertin ikinci şöbəsində
Ələsgər tarzən
Şirin Axundovun və kamançaçı
Saşa Oqanezaşvilinin
müşayiəti ilə
əvvəl “Mahur”, sonra isə “Heyratı” ritmik muğamını oxuyur.
Tamaşaçılar və xüsusilə
qonaqlar tərəfindən
məhəbbətlə qarşılanan
Ələsgər türklərin
ikinci konsert tamaşasında da çıxış edir.
Həmin
konsertdə Saşa Oqanezaşvili “Şüştər”,
Şirin Axundov isə “Rast!” muğamını məharətlə
ifa edirlər.
Şəkili Ələsgər 1912-1918-ci illərdə dəfələrlə
Orta Asiyanın, İran və Türkiyənin bir çox şəhərlərində
konsertlər verir.
Hər yerdə gözəl bir nəğməkar kimi dinləyicilərin sonsuz məhəbbət və hörmətini qazanır. O, İran
məclislərinin birində
gözəl ifaçılıq
qabiliyyətinə görə
şah tərəfindən
qızıl medalla təltif olunub.
Ələsgər Abdullayev 1913-1914-cü illərdə “Sport-Rekord” və “Ekstrafon” səhmdar cəmiyyətləri
tərəfindən Tiflis və
Kiyev şəhərlərinə
dəvət olunur.
O, tarzənlərdən Qurban
Pirimovun, Saşa Oqanezaşvilinin müşayiəti
ilə “Çahargah”,
“Rast”, “Mahur-hindi “, “Zabul-Segah”, “Rahab”, “Şüştər”, “Hasar”
və s. muğamları
vala yazdırır.
Şəkili Ələsgər Azərbaycan milli musiqisinin bir çox sahələrində
yaxından fəaliyyət
göstərir. O, üç
il Cabbar
Qaryağdıoğlu ilə
birlikdə Şərq
orkestrinin tərkibində
Bakı zəhmətkeşləri
qarşısında çıxış
edib. Qurban Pirimovla Bakının
yay klublarında, “Şərq musiqisi gecələri”ndə çalıb
oxuyub. Qeyri-adi istedadlı ilə musiqi mədəniyyəti
tariximizdə dərin
iz qoyan Ələsgər (Şəkili)
Abdullayev 1929-cu il aprelin 1-də Bakıda vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 13 yanvar.- S. 11.