Təbiətcə poetik, təbcə dramatik...

 

   Tofiq Kazımovun təfsirində həyatla sənət qafiyələnirdi  

 

   Poetiklik onun şəcərə qənimətlərindən idi - alovlu şairimiz Səməd Mənsurun ocağında doğulmuşdu; hələ də gərəyincə qiymətləndirə, qədərincə öyüb populyarlaşdıra bilmədiyimiz, dövrünün “mərkəzə göz et” deyənlərinə nisbətdə “nazını az” çəkdiyimiz Səməd Mənsurun...

  

   Əslində, Tofiq Kazımovun dramatizmik mahiyyətində də - üç teatr truppasının rəhbəri olmuş atasının ruhu vardı. Ömrünü bənzərsiz (tamamilə bənzərsiz!) poeziyası ilə bahəm, müasir məlum düşmənlərimizin “retro”-baba(yan)larının, siyasi və irfani zərbələrinə qarşı mübarizəyə həsr etmiş bu ziyalı cigidin oğlu Tofiq elə həmin dramatik illərdə (14 yanvar 1923) anadan olur və avtomobil qəzasına düşüb, dünyasını dəyişənədək (1980) o məğrur atanın mizan-düzəni ilə yaşayır, qurub-yaradır...

   Bəli, qurub-yaradır! Səhnə də bir sənət inşaatı meydanıdır; dahilər, ustadlar bu məbəd-“tikili”nin həm memarı, həm bənnası, adilər isə, sadəcə, iş icraçısı olurlar.

   O, işləri elə qururdu ki, teatr vahid bir milli müzakirə evinə, aktyor-tamaşaçı ailəsinə çevrilirdi. “Akademik” təyin-tamamlığı ilə çalışan baş teatrımız o zamanlar akademik elektoratı da doyururdu, hər qəzet başında xitab edilən proletariatı da (və bu minvalla, elitarlarla proletarlar yavaş-yavaş birləşirdi). Onun zadəgan mizan-düzənilə səhnə-salon tandemi, o dövrdən əvvəlki və sonrakı dövrlərin məxfi-eyhami bir duallığı yaranırdı.

   «Dincdurmaz ata» eyhamı da onu uzun illər izləyib. O vaxta qədər ki, ulu Heydər Əliyev onun hazırladığı daha bir “nadinc” tamaşaya - «Şəhərin yay günləri»nə (Anar) baxıb, kollektivi alqışlayıb və hətta Tofiq Kazımovun Dövlət mükafatı ilə təltif edilməsinə qol qoyub.

  

   Quruluş...

  

   Bir söz, səsləniş kimi - doğma, gözəl, sadə, əməl-iş olaraq çətin, mürəkkəb. Füzulianə “yaxşı nəzər etdikdə” - bu da sənət dövləti qurmaq kimi bir aktdır, qədir-qiymət “sərəncam”çısı isə ayrı-ayrı heyranlar, partiyalar, fraksiyalar yox, bütövlükdə xalqdır, zamandır. Dramaturji mahiyyətcə baxışa hesablanan, reallaşması gözə bağlı olan bu iş bütün rejissorların - ümumən rejissuranın başlıca görəvidir. Tofiq Kazımov isə dünyanın o rejissorları sırasındadır ki, o, bəzən, sözə də quruluş verirdi. Pyes mətnlərindəki sözlər, tərkiblər, üslublar onun teatrının səhnəsində yeni-yeni çalarlar, nüanslar saçırdı; təkbaşına oxucu ikən anlam əyarında itirənlər tamaşaçı ikən - məna-məzmunun “maya dəyəri”ndən də artıq qazanırdılar.

   Tofiq Kazımovun səhnə üçün əsər seçimində də xüsusi bir özəllik, milli iştah zövqü vardı. Duyğu, obrazlılıq, fantaziya, psixo-ekskurs, inter-etnobağlılıq baxımından heç bir hədd-sədd tanımayan sənətkar bu məsələdə xüsusi bir əndazə məktəbi yaradırdı: nə çəpərdaxili durğunluq, nə inter-ultra vurğunluq. Onun teatrının afişa “bazar”ında yerli məhsullarla “gəlmə”lər arasında xüsusi bir balans vardı. “Antoni və Kleopatra”, “Mariya Tüdor” kimi əcnəbi “kalori”lərdən iştahsızlaşma ehtimallılara “Pəri Cadu”, “Sən həmişə mənimləsən” kimi milli koloritlər təqdim edirdi.

   Hər quruluşda yenilik, hər işdə seçim, seçkinlik təbiətcə çox mülayim, çox poetik, təb-təsir və şəxsi nüfuzca çox dramatik olan bu sənətkarın mahiyyətində, qanında-canında idi. Onun “quruluş” nüvəsi tək elə əsər təfsiri, səhnə əşya-inventarları ilə məhdudlaşmırdı. O, öz komandasını yalnız çağdaşı olduğu ictimai-siyasi quruluşun seçdiyi müəlliflər, aktyorlar arasından yox, daha bəşəri, daha milli və daha istedadlı nominasiyalılar içərisindən seçirdi.

   Bunu da deməmək olmur ki, o özü də Tanrının seçilmişlərindən idi. Fiziksəl yar-yaraşığından tutmuş mənəvi kompleksallığına, fəhmi bacarığına qədər! Onun şəkli-halını böyük yaradan qurmuşdu, tərcümeyi-halını özü. “Ömür” quruluşundakı avto-qəza məsələsinə gəldikdə isə... Qoy bu da olsun bütün ədəbi-bədii janrlarda saysız-hesabsız tamaşalar yaratmış müqtədir rejissorumuzun avtoportret-novella janrlı “tamaşa”sı...

  

   Onun “özgə”ləri

  

   “Ədəbi”, “musiqi”, “tibbi” və s. deyə, ayrı-ayrı “cəm”iyyətlərə böldüyümüz sahələrdə teatr yeganə canlı orqanizm - “ölkə”dir ki, burada bütün ictimai quruluşlar, dövrlər, şahlar, nökərlər, katiblər, katibələr, prezidentlər, fəhlə-kəndlilər, qara-ağ camaatlar “yaşayır”, yaşadılır. Bu “ölkə”də hamının tərz statusu, üslubu, diksiyası, səs tonu, dekor-fonu reformalara uğrasa da, rejissor şahlığı, rejissura başqanlığı dəyişilməz olaraq qalır. Lakin bu, təbii, səlahiyyətə aid olan məsələdir. Qabiliyyət, fakturaya baxış məsələsinə qaldıqda, bəlkə də heç bir vəzifədə buradakı qədər ardıcıl, fövri, bədahəti sərəncamlar, qərarlar, fətvalar tələb olunmur. Əks təqdirdə, yuxarıların (və ya kollektivin) rejissor, rejissorun aktyor, bütövlükdə truppanın tamaşaçı seçkiləri baş tutmayacaq, kassa “qutusu” boş qalacaq.

   Böyük bir abzas tutumlu bu “remarka”nın əbəs hesab olunmaması arzusuyla əlavə edim ki, teatr - istər əlaya, istər bəlaya çevrilmiş ictimai həyatdan doyan və ya bezənlər üçün stimullaşdırıcı, ağıl-anlam dişini dəyişdirici, kəsirət gözünü bəsirətləyici ünvan olmalıdır. Bu gün saysız-hesabsız orta və yaşlı nəslin təsdiq edəcəyi faktik misallar və halal xoşluqlarla qeyd etmək olar ki, Tofiq Kazımovun tamaşaları erasında “dramteatr” dillər əzbəri, gözlər bəzəyi idi. Çox səbəblərdən biri də bu idi ki, hər gün bir-birinə dedikləri “öz söz” trafaretlərindən bezikənlər “gedək görək orada daha nə deyirlər”, “daha nə göstərirlər”, “daha nələrə toxunurlar” kimi sual-istixarə edirdilər. Bax, məsələnin məğzi bu “daha”larda idi! Tofiq Kazımov hər dəfə həyat səhnəsindəki özününkülərlə sənət səhnəsindəki “özgə”ləri iki-üç saatlıq daha ləziz kəlam qonaqlığına, daha yeni, daha kaleydoskopial quruluş mənzərələrinə dəvət edirdi. O, bu kiçik məkan-həyatda böyük həyatdakı doğruları, doğruluqları bir az da doğruldur, yalan-yalançılıqların üzünü sənətin ecazkar rənglərilə daha da qızardırdı. Yeri gəlmişkən, Sabit Rəhmanın “Yalan”ındakı gözəl bədii yumora, məzhəkə mayalı hadisələrə dramatik-hərəki qatqarlar da əlavə edib, müəllifin sözlə dediyini tamaşaçıya göz-qaş mimikaları, him-cim dinamikaları ilə daha canlı şəkildə çatdırırdı. Cəmiyyətin - guya daha analitik və guya daha praktik personalarının “ədəbiyyat, sənət quramalar üstündə qurulmuş yalandır” kimi “qənaəti” qarşısında “eşq olsun o yalana ki, insanları doğruluğa, paklığa səsləyir!” mahiyyətli sənət sərgiləyirdi.

   O vaxtlar biz - bir neçə televiziya işçisi - Tofiq müəllimlə tez-tez görüşmək arzusunda olsaq da, onun işgüzar zəhmi, belə deyək - xüsusi sənət çəkisi buna imkan vermirdi. Arzumuzun alındığı məqamlar da olurdu. Suallarımıza çox qısa cavablar verər, geniş eridusiyası, dəmir məntiqi ilə bizi “sual hakimiyyəti” kürsüsündən “endirib”, ortaq həmsöhbət, məsul tamaşaçı həddinə salardı. “Deyəsən, biz (televiziya) sizi (teatrı) üstələyirik, axı...” sualımıza cavabını dəqiq xatırlayıram: “Bunda pis heç nə yoxdur. Televiziya çox inkişaf edəcək. O qədər ki - kütlələri də tam inkişaf etdirəcək və xalq bütövlükdə yenidən əsl teatra - ana sənətə qayıdacaq...”

   Sonralar onun monoqrafiyaları ilə (Ağasadıq Gəraybəyli, Məmmədəli Vəlixanlı, Kazım Ziya, Əliağa Ağayev, İsmayıl Osmanlı haqda) tanış olduqca, bu kimi fikirlərin hansı düşüncələrdən qaynaqlandığını təbii qarşıladım. Daha sonra onun bir çox coğrafi məkanlarımızın (Naxçıvan, Gəncə, Ağdam, Quba) teatrlarında da gözəl tamaşalar hazırlaması, bir çox pyeslər (“Çağırış”, “İşıqlı yollarla”, “Şəfəq”, “Qoçaq Polad” və s.) yazması, dövri mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara dair analitik rəy, resenziya və məqalələrlə çıxış etməsi, teatr institutunda uzun illər aktyor və rejissor sənətindən dərs deməsi, yüzdən çox tamaşa hazırlaması faktları ilə də tanış olduq və bütün bunların əlli yeddi illik bir ömrə necə sığışdırıldığının “quruluş”unu vermək çətinliyi ilə üzləşdik.

   Hər şey bir yana, deyim ki, onun hazırladığı tamaşaların quruca sadalama faktı belə bu yazının “quruluşu”na sığışmaz. Çıxış yolunu “yaddaşımdan çıxarış”da tapıram. Əlavə edim ki, bunlar həm də onun ən çox xoşladığım tamaşalarıdır: “Unuda bilmirəm”, “Yalan”, “Məhv olmuş gündəliklər”, “Ölülər”, “Sənsiz”, “Pəri cadu”, “Nazirin xanımı”, “Yağışdan sonra”, «Hamlet», “Qızıl”, “Aydın”, “Qılınc və qələm”, “Ümid”, “Bəşərin komediyası və yaxud Don Juan”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Quşu uçan budaqlar”, “Karıxmış sultan”...

   Tofiq Kazımovun tamaşalarının sayı onun teatra cəlb etdiyi gənc aktyorlarla, təxminən, eyni hesabda olar. Sənətə başdan-başa yeni baxışla yaşamış bu sənətkar heç nəyə və heç kimə “toxunulmaz” statusunda baxmırdı. O cümlədən, “məşhur” möhürlü müəlliflərə və “populyar” saqqallı aktyorlara. O vaxtlar “Sən həmişə mənimləsən”də Nargilə kimi baş qəhrəman tələbə Amaliya Pənahovaya, “Ölülər”dəki İsgəndər kimi əsas katalizator-obrazı gənc Həsən Turabova tapşırması ilə dövrün bütün vəzifəli “qardaşoğlu”, “bacıqızı” “tapşırançı”larına əməlli bir dərs verdi.

   Və institutda, həyatda, teatrda belə-belə dərslər verə-verə, özü də dönüb oldu məktəb. Teatr tariximizdəki iki-üç canlı məktəbdən biri. Lap axırda da təkcə o dünyaya yox, mədəniyyət tariximizin qızıl səhifələrinə və -

  

   Xatirələrə köçdü...

  

   O xatirələrə ki, xatiratçıların hansından soruşsan, özünü yığışdırıb, həyalı görkəm alıb, bir az da hüznlənib dəqiqələrlə, bəziləri isə saatlarla danışa bilər. O külli xatirələrə Kazımovsayağı traktovka verə bilsən, bəlkə bu dəryadan bir tərəfə çıxmaq ola ya olmaya. Özü də üçcə “janr”a toxunmaq şərtilə: ev, ailə, iş. O, evində ideal ata, ər; həyatda məğrur ziyalı; işdə ciddi və qayğıkeş sərkər idi.

   O özü daha maraqlı xatirələri daha maraqla danışardı. Bir gün məşhurluqdan söz düşdü, onu çox öydük, qayıtdı ki, hər şey nisbidir. Dedi, bu yaxınlarda Ədil İsgəndərov bir neçə dostuyla Gəncə yaxınlığındakı doğma kəndinə qonaq getmişdi. Anası Həsənağa Salayevi görəndə yüyürür üstünə ki, ay oğul, bu Ədil məni eşitmir, yaxın dostusan, bunu başa sal, qoy yığışıb gəlsin kəndə. Axı o şəhərdə nə var e?! Day biz də qocalmışıq, mal-davarımıza ot-əncər gətirənimiz yoxdur...

   Tofiq Kazımov bütün ömrü uzunu o sayaq müqəddəs, “türkəçarə” ana-tamaşaçılara oyanış, o ananın əksi olanlara - bilgidən bol, əxlaq-əqidədən, sevgidən kəmlərə isə düz yola qayıdış dialoqu qurdu. Və bu “son ucu ölümlü” dünyanın baş monoloqunun ilk iki sözündən birincisinə - oluma nail oldu...

  

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2012.- 13 yanvar.- S. 7.