Atüstü turizm marşrutlarına maraq böyükdür

 

   Respublikamızın 20-yə yaxın rayonunda atüstü turizm marşrutlarının təşkili üçün imkanlar var

  

   Atçılıq turizmi hazırda dünyada turistlərin diqqətini ən çox cəlb edən sahələrdən biridir. Bu turizm növünə maraq göstərənlərin sayı ildən-ilə artır. Azərbaycanda da, turizmin digər növləri kimi, atüstü turizmin inkişafı üçün kifayət qədər imkan və perspektiv var.

  

   Atüstü turizm marşrutları üçün bələdçilər hazırlanacaq

  

   Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovun sözlərinə görə, atçılıq turizmi cəlbedici turizm növü kimi, həm də ölkəmizdə atçılığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli sahədir. Çünki ölkəmizin zəngin atçılıq ənənələri, böyük atçılıq məktəbi var. Ona görə də artıq bir neçə ildir Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Respublika Atçılıq Turizm Mərkəzi fəaliyyət göstərir, bir neçə atçılıq klubları, federasiya var: «Amma atçılıq turizminin inkişaf etdirilməsi ilə bağlı həm özəl sektor, həm təhsil müəssisəsi kimi biz, həm də digər qurumlar konkret addımlar atmalıdır. Bu iş ilk növbədə dağlıq ərazilərdəki turizm obyektlərindən müxtəlif tarixi və coğrafi yerlərə, turistlər üçün cəlbedici məkanlara atlarla turların təşkil olunması ilə başlanmalıdır. Dünya təcrübəsi də onu göstərir ki, atçılıq turizmi çox bahalı bir turizm növüdür. Bu gün insanlar çox bahalı maşınlar minə bilsələr də at minmək arzularını hər zaman reallaşdıra bilmirlər. Təbiət qoynunda dincəlmək istəyən insanlara belə bir turizm xidmətinin təklif olunması həm iqtisadi baxımdan, həm də Azərbaycanın tarixi-mədəni ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi nöqteyi-nəzərindən çox gözəl bir vasitədir».

   Prorektor bildirdi ki, turizmin inkişafı ilə bağlı Dövlət Proqramına (2010-2014) uyğun olaraq, Respublika Atçılıq Turizm Mərkəzi ilə birgə bu istiqamətdə təlimlər keçirilməsi ilə barədə təkliflər hazırlanıb və Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub: “2012-ci ildə də bu istiqamətdə işlərimiz davam etdiriləcək. Bu sırada atüstü turizm marşrutları üçün bələdçilərin hazırlanması da var. Azərbaycanın 20-yə yaxın rayonunda atüstü turizm marşrutlarının təşkili üçün imkanlar mövcuddur. Bunların içərisində həm dağlıq, həm də aran rayonları var. Yerli icra orqanları və bələdiyyələr də bu işdə bizə yaxından köməklik göstərə bilərlər».

  

   Yeni marşrutlar təqdim ediləcək

  

   Qeyd edək ki, ölkəmizdə atçılıq turizminin inkişaf perspektivləri nəzərə alınaraq 2006-cı ildə Şəki rayonunda Atçılıq Turizm Mərkəzi yaradılıb. Mərkəzin direktoru Elman Qədirovun sözlərinə görə, qurumun mütəxəssisləri tərəfindən atüstü turizm marşrutları əsasən Şəki- Balakən-Zaqatala-Qax, Oğuz-Qəbələ zonaları üzrə işlənib hazırlanıb. Yaxın perspektivdə isə Quba-Qusar, İsmayıllı istiqamətində marşrut işləyib hazırlamaq nəzərdə tutulur: «Digər yeni atüstü marşrutunu Gəncəbasar və Lənkəran zonalarında yaratmaq istəyirik. Məncə, bu ərazilərdə atüstü turizm marşrutlarının işlənib hazırlanması yüksək effekt verərdi. Hazırda mərkəzin Şəki rayonu ərazisində birgünlük və üçgünlük marşrutları var».

   Atüstü gəzintilərə həmişə maraq olduğunu deyən mərkəz direktoru bildirdi ki, bu sahədə turizm marşrutlarının tanıdılması üçün ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin də köməyinə ehtiyac var.

   Azərbaycanın turizmin bir çox növləri, o cümlədən atçılıq turizmi üçün potensiallı bölgələrindən biri də Gədəbəy rayonudur. Rayon dağlıq ərazidə yerləşdiyindən bir çox tarixi-mədəni abidələr olan yerlərə yalnız atla getmək mümkündür. IX əsrin abidəsi olan Qız qalasına, Pir qalasına, Koroğlu qalasına və s. gedən yollar qalın meşələrdən keçir.

   Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fazilə Məmmədova da bu abidələrə atüstü turizm marşrutlarının təşkilini vacib sayır. Onun sözlərinə görə, nəinki yerli insanların, rayona səfər edən xarici turistlərin də bu tarixi məkanlara getməyə böyük marağı olur: «Biz arzu edən qonaqlarımızı mümkün qədər bu abidələrə aparmağa çalışırıq. Amma konkret marşrutların təyin edilməsi və bunun üçün yüksək şərait yaradılması çox yaxşı olardı. Gələcəkdə biz belə marşrutların işlənib hazırlanmasını nəzərdə tutmuşuq».

 

 

    Fəxriyyə Abdullayeva

 

    Mədəniyyət.- 2012.- 13 yanvar.- S. 5.