Şuşalı
əxlaq-əqidəsi
Dahi Mirzə Cəlilin böyük Həmidəsi...
Tale
eyni yüzilliyin eyni onilliyində doğulmuş bu iki nəhəngi
- Cəlil Məmmədquluzadə ilə Həmidə
Cavanşiri birləşdirməliydi. Yoxsa, nə müəllim
Cəlil dahi milli Mirzə olardı, nə “ev işi, paltar
tikiş”çisi, mülk sahibi, silk davamçısı Həmidə
böyük irfan sahibi, ziyalı xanım...
Bəli, onların birincisi
Naxçıvanın Nehrəmindən, ikincisi
Şuşanın Kəhrizlisindən öz şəxsi
işləri və tale “göndəriş”lərilə
mütləq eyni əcnəbi şəhərə - Tiflisə
getməli, orada birləşməli, millətin maarif-mədəniyyəti
naminə əlləşməliydilər.
Birləşməsəydilər,
birincinin yenicə ixtira (!) edib, təzəcə hərəkətə
gətirdiyi milli-mənəvi “lokomotiv”imizin (“Molla Nəsrəddin”)
yanacağı qurtarıb o qərib yolun ortalığında
qala, ikincinin mal-mülkü gündə bir “çiçi”yə,
qol-boyunbağılara xərclənə-xərclənə
heçə-puça çıxa bilərdi.
Bu “iki”lik
qovuşub-qoşalaşmasaydı, “Molla Nəsrəddin” dərgi-nəşriyyatını
yaratmasaydı, millətin böyük aydın iyirmilikləri,
fəal yüzlükləri, ayıq minlikləri, “gərnəşib”-oyanmağa
başlayan statistik milyonları da istənilən kondisiyaya
çatmayacaqdı.
Cinslik istisna olmaqla, heç bir
ayrı-seçkiliyə yer qoymayan bu “tərəflər” bu
izdivacla əzəli-əbədi gen-gender probleminin həlli
bünövrəsini də qoymuş oldular. Öz intellekti,
dünya dərki, milli dərdlər təbibliyilə “ictimai
şüur” abidəsini xatırladan Bəy və görkəmli
maarifçi-ziyalı, tarixçi Əhməd bəy
Cavanşir ocağında böyümüş Xanım! Onlar
mənşə-tayfa, nəsil-əsilzadə genindən
çox yüksəkdə duran milli-mədəni gen dönəminə
önəm verdilər.
Xatirələrəbənzər...
Qadınlar ən çox bənzədilən,
oxşadılan və oxşanılan məxluqdur. Klassik
şairlərimizin bədii
yaradıcılığını, real aşiqlərin “dilə-dişə”düşmə
macəralarını, “pünhanə düşüb, eşqə
dair söhbət”lərimiz zamanı işlətdiyimiz
yalan-gerçək epitetlərimizi xatırlasaq, yetər.
Fikir-xəyalın bədii məqamlarında
“canlı qəzəl Leyli”ni, “boyu uzun Burlaxatun”u, “ala
gözlü Nigar”ı xatırladan Həmidə xanım, bir
az ciddi, vətəndaşanə kirpik çalıb baxanda -
real xanımdan çox, xatirə-xatuna bənzəyir. Rənglərinin
əksər çəkisi əzab çalarlı qaralardan, dərd-sər
nüvəli bozluqlardan ibarət canlı bir portret-xatirəyə.
Bu rənglərdə ilk həyat yoldaşı - zadəgan nəslindən
olan polkovnik İbrahim bəy Davatdarovun müharibədə həlakı
canlanır, atasının dünyadəyişimi boylanır, zəngin
ata mülkünü təkbaşına idarəçilik
çətinliyi ifadə olunur, Mirzə Cəlilin “anlamaq dərdi”ni
necə yüngülləşdirmək çapaları ritmlənir,
“millətçi balası” damğası ilə
yaşayası övladları üstünə qanadgərmə
çabaları, bolşevik-sovet rejiminin gözünə
çox görünməmək xofları dalğalanır.
Xalqa (külli-Qarabağ
timsalında) kifayət qədər maddi kömək əli
uzatmış bir şəxs olan Həmidə xanım - Mirzə
Cəlilin əlindən-qolundan yapışıb millətə
mənəvi dəstək olmaqla, şəxsiyyətə
çevrildi. O, bu intellektual-universallığın bir
çox elementini ata evindən mənəvi “cehiz” olaraq gətirmişdi;
hələ yeniyetmə ikən rus dilini səlis şəkildə
qavrayıb-öyrənmiş, kənd qızları
üçün o qədər də səciyyəvi olmayan
milli və dünyəvi mədəni-maarif təmrinlərinə
yiyələnmişdi. Tale bu ucqar, ibtida-həyat məktəblisini
ali Mirzə Cəlil məktəbinə çox mükəmməl
hazırlamışdı. Bir neçə məqalə, məruzə,
“doklad” (!), çıxış və “Mirzə Cəlil
haqqında xatirələrim” kitabını qələmə
alsa da, onu yaradıcı, yazıçı silk-sinfinə aid
etmək olmaz. Lakin o, böyük yazıçı Mirzə Cəlilin
dahi universal yaradıcıya çevrilməsində iştirak
etmiş canlı həyatın yeganə yaradıcı-şərikidir.
Yeri gəlmişkən, evliliklərinin ilk illərində Həmidə
xanıma çatdırırlar ki, epidemiya Qarabağ
uşaqlarının axırına çıxmaqdadır. O,
peyvəndlə bağlı bir çox tibbi və maddi ehtiyat
tədarükünə başlamaqla bərabər, xəstəliklərə
qarşı “türkəçarə”likdən savay heç
bir çarə bilməyən anaları maarifləndirmək
üçün bir məruzə də hazırlamağa
başlayır. Bunun daha təsirli çıxması
üçün, bir az çəkinə-çəkinə, ərinə
müraciət edir. İşləri başından aşan
Mirzə Cəlil onun bu xahişini can-başla yerinə yetirsə
də, sonda Həmidə xanımın: “Mirzə,
hazırdırmı?” sualına belə cavab verir:
“Hazırdır... amma, arvad nədir, “doklad” nədir?..”
“Xatirələrəbənzər” xanım xatirələrdə
Onun o vaxtlar “Şuşa qəzası”
adında olan yurdu indilər kriminal-qəza ladında...
Bu böyük xanımın
oralarla bağlı xatirələri onun özünün də
yardım, mərhəmət əli uzatdığı, humanizm
dili yetirdiyi erməni fələyin badında...
Sabah “20 Yanvar”, birisigün
“26 Fevral”, ta biri gün “8 May”...
Bunlar Mirzə Cəlil atamızın bütün
ömrü uzunu axıtdığı milli-irfani
göz yaşlarını
silib-qurulamış Həmidə
anamız haqda xatirələrin “neytral” “epiloq”u...
Məsələnin
“proloq”una qədər
yol isə uzun, çox uzun! O qədər uzun ki, səfərimizi
yorulmadan başa vurmaq üçün, bu yola şairlərimizdən
birinin misralarıyla “körpü” salmaq gərək: “Qış gecəsi uzun olur, çox uzun. Lakin onu
utandırdı - hörükləri
bu qızın...”
Bu yazıya
daxil etdiyim bu misralar bu
məsələyə dəxli
olmamış deyil.
Xoş o xanımın halına ki, haqqında bəhs açdıqda, onlarlıq üçün
əbədi atribut olan gözəllikdən başqa, bir evlik-elatlıq özəlliyi
barədə də, incə-mincəliklərilə bərabər,
məhəlli-ictimai düşüncəlikləri,
naz-qəmzələri, uzun,
qara, kəsmə-şikəstə
saçları ilə
bahəm, ətrafa nur saçmaları haqda da vurğulayıb-vurğulana
biləsən...
Öz böyük “Cavanşir”lik
şəcərəsindən sonra “kəndçi” “Məmmədquluzadə” kimi
“nimdaş” nam-nişanı
da soyad kimi qəbul edən bir xanım
barədə, “Mirzə
Cəlil haqda xatirələrim”ində böyüklük,
şərəf-şöhrət közünü büsbütün
həyat yoldaşının
qabağına çəkən
bir xatun haqda daha nə
xatirə söyləyib,
nə xatircəmlik yaratmağa çalışasan?!.
Bununçün
gərək onun xeyriyyəçilik etdiyi cümlə-Qarabağın yüz
ildi ərşə bülənd olmuş “ağız ədəbiyyatı”
dualarını, sonralar
- yardıma ehtiyacı
olan ziyalılarımızın
memuar-“cüng”lərindəki
minnətdarlıq mətnlərini,
“El anası”, “Xalq xanımı” başlıqlarını
qələm ayağına
çəkəsən.
Amma elə şifahi
və yazılı ədəbiyyat nümunələri
də var ki, onları bütün əski ləhcə-üslublarına, nöqtə-vergülünədək
köçürüb-xatırlatmamaq mümkünsüz.
Bir vaxt Abbas Səhhətin
“Bu Mirzənin övrəti
kürreyi-ərz kadınlarına
bir xalisi-nümunədir”
sözlərini özünəməxsus
təsdiqi-sükutla qarşılamış
M.Ə.Sabir sonralar ona ünvanladığı
məktubda yazırdı:
“Mirzə Cəlil və Həmidə cənablarından çox
razıyam. Bilmirsən
mənə nə qədər ehtiram edirlər! Bu qərib
şəhərdə mehmanxana,
ya xəstəxanada yatmağıma da razı olmayıb, öz evlərində mənə mənzil ayırdılar. Xülasə,
bilmirəm onlara nə dil ilə
təşəkkür edim...”
Üzeyir bəy Hacıbəyli onun böyük vətən-insanpərvərliyi haqda yazdığı ayrıca məqaləsini belə bitirirdi: “Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi
şairi diriliyində
təqdir edən bir kişi olmasa
da, bir nəfər
arvad oldu ki, o ölməz şairin iadeyi-səhhəti
üçün, milyonçu
kişilərə rəğmən,
öz varından keçəcək qədər
böyük bir hamiyyət göstərdi”.
Allah sizə qəni-qəni rəhmət
eləsin, ey təkrarsız cütlük
abidəsi...
Tahir Əhmədalılar
Mədəniyyət.-
2012.- 18 yanvar.- S. 15.