“Taxt-tacı ataram, vətəndən ayrılmaram”
Qacar eli
Azərbaycan xalqına
tarixən bənzərsiz
siyasi xadimlər, tarixi şəxsiyyətlər
və görkəmli hərbçilər bəxş
edib. Bəhmən Mirzə Qacar (1811-1884) da onlardan biridir...
İran-Rusiya müharibəsi başa
çatdıqdan sonra
şahzadə Abbas Mirzə Yəzd, Kirman şəhərlərində
baş qaldıran qiyam və üsyanları
yatırır. Daha sonra
Fətəli şahın
göstərişi ilə
Herata doğru hərəkət edir.
Bir neçə hücumla Heratı mühasirəyə
alır. Şəhərin
alınmasına az qalmış Abbas Mirzə bərk xəstələnir
və Məşhədə
qayıtmaq məcburiyyətində
qalır. Vəziyyətinin
pisləşdiyini hiss edir.
Ölüm ayağında Qaimməqamı
(vəziri) yanına çağırır. Vətən
qarşısında öz
vəzifəsini yerinə
yetirə bilmədiyinə
təəssüf edir
və deyir:
- İndiyə
qədər mənə
hər cür fədakarlıq göstərmisən.
Əminəm ki, bundan sonra da
xidmətini tamamlayıb
Məhəmməd Mirzəni
şahlığa çatdıracaqsan.
Qaimməqam bərk kədərlənir
və deyir:
- Məhəmməd
Mirzə mənimlə
yola getmir.
Abbas Mirzə oğlunu yanına çağırtdırır
və deyir:
- Yanımda hər ikiniz bir-birinizə xəyanət
etməyəcəyinizə, var qüvvənizlə İrana xidmət edəcəyinizə and için!
Onlar hər ikisi bir-birilərinə sədaqətli
olacaqlarına and içirlər.
Qaimməqama “artıq
ölümdən qorxmuram,
rahat öləcəyəm!”,
- deyə 46 yaşında
(1833) gözlərini əbədi
yumur. Vəliəhd Abbas Mirzənin
ölümündən sonra
Fətəli şah da çox yaşamır.
Bir il
sonra (1834) vəfat edir...
Abbas Mirzənin oğlu
Məhəmməd Mirzə
şah taxtında oturur. Özündən kiçik qardaşı
Bəhmən Mirzə
Qacar (1811-1884) isə Azərbaycanın hakimi, eyni zamanda İran
ordusunun baş komandanı olur. Bir müddət ölkəni
beləcə idarə
edirlər. Ancaq işlər
belə çox davam etmir. Saray fitnə-fəsadları baş
qaldırır. Vəzir Hacı
Ağası xan Bayatın təhriki ilə o, qardaşına qarşı çıxır.
Hətta
onun gözünü çıxartdırmaq qərarına
gəlir. Vəziyyətin elə ciddi olduğunu görən Bəhmən Mirzə Qacar rus səfirliyinə
müraciət edir.
Ruslardan sığınacaq istəyir.
Gizlin dəniz yolu ilə Lənkərana gəlir. Oradan da Tiflisə
gedir. Rus hökuməti onu
dəbdəbə ilə
qarşılayır. Rusiyanın hər
hansı bir yerində yaşamaq hüququ verir. Bəhmən
Mirzə isə Şuşada (1851) yaşamaq
istədiyini bildirir.
Hökumət onu ailəsi,
yaxın əhatəsi
ilə birlikdə, eyni zamanda kitabxana
və xəzinəsini
də Şuşaya köçürür. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində
oğlanlarına və
nəvələrinə Avropa
təhsili verir. Özü isə siyasətdən uzaqlaşır. Azərbaycan
tarixinə dair “Təzkireyi-Məhəmmədşahi” və “Şükürnameyi-Şahənşahi”
adlı əsərlər
yazır...
Onun otuz bir oğlunun əksəriyyəti
hərbçi olur.
I Dünya müharibəsi
ərəfəsində onların
arasından altı
general, bir neçə
müxtəlif dərəcəli
yüksək çinli
zabit çıxıb.
Əmir Kazım Mirzə Qacar (1853-1920) və Amanulla Mirzə Qacar (1862-1937)
general, Seyfulla Mirzə
Qacar (1864-1926) və Məhəmməd Mirzə
Qacar (1872-1920) polkovnik,
Port-Arturun müdafiəsi
zamanı ağır yaralanan Əli Qulu Mirzə Qacar (1854-1905) rus ordusunun podpolkovniki rütbələrini almışlar.
Böyük qızı
Dilşad xanım imperatriçənin saray xanımı adına
layiq görülmüşdü...
Bəhmən Mirzənin övladları
sovet hökumətini qəbul etmir. Bu yolda bir çoxları
hətta canlarını
belə qurban veriblər...
Onu da qeyd edək
ki, Azərbaycanın Marağa (XIII əsr, məşhur astronom Nəsrəddin Tusinin kitabxanası), Təbriz
(XIII-XIV əsrlər, alim
və dövlət xadimi Rəşidəddin Fəzlullahın kitabxanası),
Ərdəbil (XV-XVI əsrlər,
Şah İsmayıl Xətainin saray kitabxanası), Şamaxı
(XII əsr, şair Xəqaninin əmisi Kafiyəddinin kitabxanası)
və s. şəhərlərindəki
tarixi kitabxanalarla yanaşı, Şuşada
da tarixçi və ədəbiyyatçı
Bəhmən Mirzə
Qacarın kitabxanası
zamanında geniş tanınıb. Bəhmən
Mirzə Qacar Şuşaya köçəndə
özü ilə 95 dəvə yükü qiymətli əlyazma və kitab gətiribmiş...
Bəhmən Mirzə Qacar
kitabsevərlər arasında
ən çox kitab nişanı olan şəxsdir. Onun bizim dövrə
9 kitab nişanı gəlib çatmışdır...
İstedadlı
sərkərdə və
alim olmuş Bəhmən Mirzənin xatirəsi onun əsərlərində, Azərbaycan,
Rusiya, Ukrayna və Gürcüstanın
muzey və kitabxanalarına səpələnmiş
əlyazmalarında, habelə
onun zəngin kolleksiyasına məxsus tətbiqi sənət nümunələrində yaşamaqdadır...
Savalan Fərəcov
Mədəniyyət.-
2012.-18 yanvar.- S. 18.