Mədəni irsin təbliğ və tədqiqinə töhfə

 

   Mirasİctimai Birliyi iki illik fəaliyyəti ərzində mühüm nailiyyətlər əldə edib

  

   Yanvarın 16-da Beynəlxalq Mətbuat Mərkəzində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yaranmasının iki illiyinə həsr olunmuş tədbir keçirildi.

  

   Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tədbiri açaraq qurumun fəaliyyəti və gələcək planlar barədə danışdı. Qeyd olundu ki, təşkilat 2010-cu ilin yanvarında maddi-mədəni abidələrimizin öyrənilməsi, mühafizəsi və təbliği sahəsində ictimai fəallığı artırmaq məqsədilə təsis edilib. İki il ərzində birlik tərəfindən bir sıra uğurlu layihələr, o cümlədən Azərbaycanın mədəni həyatında, xüsusən də elm aləmində ciddi rezonans doğuran orta əsr Ağsu şəhərinin arxeoloji tədqiqi və konservasiyası layihəsi həyata keçirilib: “Layihənin əsas məqsədi Azərbaycanın turizm marşrutundan kənarda qalmış bu bölgəsinə yerlixarici turistlərin diqqətini cəlb etməkdir. Ağsu arxeoloji ekspedisiyası iki il ərzində doqquz min kvadratmetrlik ərazidəki üç qazıntı sahəsində qədim şəhərin qalıqlarını və minlərlə eksponatı üzə çıxıb. Aşkar olunmuş qalıqların konservasiyası və turistlərə nümayişi üçün ətraf abadlaşdırıldı, burada sərgi kompleksi yaradıldı”.

   F.Xəlilli bildirdi ki, layihə çərçivəsində Azərbaycan və ingilis dillərində üçcildlikAğsu şəhəri orta əsrlərdə” kitab-albomu nəşr olunub, agsuexpedition.org internet səhifəsi istifadəyə verilib, minlərlə eksponatın elektron pasportlaşdırılması, üçüncüdördüncü qazıntı sahələrinin 3D formatında vizuallaşdırılması, sənədli filmlərin istehsalı, KİV nümayəndələrinin qazıntı yerinə infoturu həyata keçirilib. Bundan başqa, ölkəmizdə və xaricdə “Ağsu möcüzəsi” mövzusunda sərgilər, müxtəlif mədəniyyət, təhsil müəssisələrində seminarlar təşkil olunub.

   Natiq vurğuladı ki, “Miras”ın təşəbbüsü ilə “Avrasiya regionunda arxeoloji turizmin perspektivləri (Qədim dövrdən son orta əsrlərə qədər tarixi-mədəni irs əsasında)” mövzusunda IV Beynəlxalq Avrasiya arxeologiya konfransının bu il Ağsuda keçirilməsi planlaşdırılır. Həmin konfrans bölgənin arxeoloji abidələrinin turizm məhsuluna çevrilməsində əhəmiyyətli rol oynayacaq.

   Sonra birliyin fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

   Tədbirdə çıxış edənlər “Mirasİctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirdilər, tariximizin qaranlıq səhifələrinin üzə çıxarılması və mədəni irsimizin təbliği işində kollektivə uğurlar arzuladılar.

 

 

   Ceyhun

 

   Mədəniyyət.- 2012.- 18 yanvar.- S. 14.