Bakı
xanlarının evi
Bir
vaxtların əzəmətli sarayından giriş portalı
və bərpa olunmuş kiçik məscid günümüzə
gəlib çıxıb
Zəngin tarixə malik Azərbaycan memarlığında
iqamətgahlar, saraylar
da mühüm yer tutur. Şirvanşahlar sarayı, Şəki xanlarının, Naxçıvan
xanlarının, Lənkəran
xanlarının, Bakı
xanlarının sarayları
zəngin memarlıq tariximizdən xəbər
verir. Bu saraylardan bəziləri bu günə qədər qorunub-saxlanılsa
da, təəssüf ki, onların sırasında zaman-zaman dağıntıya məruz
qalanlar da olub. Bu sıraya
haqqında söhbət
açacağımız Bakı
xanlarının evini də aid etmək olar.
Şirvanşahlar dövlətinin süqutundan
sonra, XVIII əsrdə
Azərbaycan ərazisində
yaranan xanlıqlar dövründə Bakı
xanları Şamaxı
qapısının (indiki
Qoşa qala qapıları) sol tərəfindəki
ərazidə yerləşən
sarayda yaşayıblar.
Saray maraqlı memarlıq quruluşuna malik olub. Ərazidə aparılan arxeoloji ekspedisiya qrupunun rəhbəri, professor Kamil
İbrahimov Bakı xanlarının evinin memarlıq quruluşu baxımından Şəki
xan sarayına bənzədiyini bildirir: «Bakı xanlarının evi düzbucaq formalı iç-içə
otaqlardan ibarət olub. Sadə memarlıq quruluşuna
malik olan tikili Şəki Xan sarayına bənzər bir sarayı xatırladıb.
Vaxtilə bu ərazidə
hovuzlu, gül-çiçəkli
bağça da mövcud imiş. Bu əzəmətli saraydan hazırda sadəcə giriş portalı və bərpa olunmuş kiçik məscid salamat qalıb».
Bakı xanlığı 1747-ci ildən 1806-cı ilədək
müstəqil xanlıq
kimi mövcud olub. Saraya gəlincə, burada I Mirzə Məhəmməd
xan, Məlik Məhəmməd xan, II Mirzə Məhəmməd
xan, Məhəmməd
Qulu xan, Hüseynqulu xan yaşayıblar. Tədqiqatçı
K.İbrahimovun sözlərinə
görə, sonuncu Bakı xanı Hüseynqulu xanın tariximizdə xüsusilə
əhəmiyyətli yeri
var: “Huseynqulu xan I Mirzə Məhəmməd xanın
nəvəsidir. Hüseynqulu xan
1792-ci ildə əmisi
Məhəmmədqulu xanın
vəfatından sonra taxta cıxmışdır.
O, yeznəsi Qasım bəy Mansurxan bəy oğlunun və digər yaxın bəylərin köməyi ilə hakimiyyətə gəlib,
14 il, 1806-cı ildə
ruslar Bakını alanadək burada hakimlik edib”.
Rus qoşunlarının şəhəri işğal
etməsi zamanı böyük qarət və dağıntılara
məruz qalan sarayla bağlı geniş məlumatlar burada aparılan arxeoloji qazıntılar zamanı əldə edilib. K.İbrahimovun
sözlərinə görə,
1985-1986-cı illərdə Bakı xan sarayının
ərazisinin bir hissəsində arxeoloji qazıntılar aparılarkən
buradan külli miqdarda maddi-mədəniyyət
nümunələri ilə
yanaşı, kəhriz
sistemi və yeraltı memarlıq tikililəri də aşkar olunub: «Burada XI-XIII əsrlərə
aid dulus küplər,
çoxlu sayda monoxrom (təkrəngli) və polixrom (çoxrəngli) qab qırıqları, ocaq yerləri tapıldı. Ən maraqlısı ərazidə
aşkar edilən su kəməri idi. Arxeoloji qazıntı və
kəşfiyyat zamanı,
eləcə də torpaq təmizləməsi
zamanı saxsı borulardan səliqə ilə çəkilmiş
maraqlı yeraltı su kəməri diqqəti cəlb edirdi.
Şimal-cənub istiqamətində uzanan boruların bir-birinə geydirilməsi
texnikası ilə ərsəyə gələn
su kəməri texnikası XIV əsrə
aid idi. Bəllidir ki, İçərişəhərdə
şəhər mədəniyyəti
IX əsrdə formalaşıb.
Beş əsr sonra isə belə bir texnika əsasında
kəmər qurulub.
Bu günə qədər də həmin ərazidən axan bu su
çox durudur».
Qeyd edək ki, Xan sarayının ərazisində qala divarlarının dibində
yeraltı hamam da olub. Bu adsız hamamın təqribən XIV əsrin
sonları XV əsrin əvvəlləri Şirvanşahlar
dövlətinin dinclik
və əmin-amanlıq
dövründə inşa
olunduğunu deyən mütəxəssis onun hələ də torpaq altında qaldığını bildirir:
«İçərişəhərin bütün hamamları kimi bu hamam
da temperatur rejimini sabit saxlamaq üçün yer altında tikilib. Vaxt keçdikcə torpaq
qatının qalınlığı
artaraq onu tamam örtüb. Hamamın yer altında olmasına baxmayaraq, indiyə qədər qalmış divarlarına
görə demək olar ki, onun
otaqlarının üstü
günbəzlə örtülüb.
Hamamın günbəzləri isə yer səthindən
yuxarıda yerləşibmiş.
Günbəzdə olan deşiklərdən
hamamın içərisinə
işıq düşürmüş.
Bu növ hamam
sistemi Bakı və Abşeron üçün tipikdir».
1806-cı il rusların Bakını işğalından
sonra xan sarayında və həyətində rus hərbi qarnizonu yerləşdirilib. Məhz həmin
dövrdə istifadəyə
yararsız olan və bir hissəsi
uçmuş hamamın
günbəzləri sökülərək
üzəri torpaq qatı ilə örtülür.
Mehparə
Mədəniyyət.-
2012.- 18 yanvar.- S. 13.