“Ağlım
kəsəndən evimizdə saksafon səsi
eşitmişəm”
“Hər
zaman şən notlar ifa etmək istədiyimdən caza meylim
artdı”
Musiqi mədəniyyəti tariximizdə instrumental
ifaçılıq sahəsinin parlaq nümayəndələri
olmuşdur. Milli musiqi alətlərimizlə yanaşı fortepiano,
skripka və nəfəsli alətlər üzrə bu gün
də tanınan və seçilən, adı tarixə
düşən sənətkarlarımız az deyil. Onların
ifaları nəinki ölkəmizdə, onun hüdudlarından
kənarda da tanınır, rəğbətlə
qarşılanır.
“İnstrumental ifaçılar”
rubrikasının ilk qonağı ifaçılıq məktəbinin
layiqli davamçılarından biri, Azərbaycan
Televiziyası və Radiosu nəzdindəki estrada-simfonik
orkestrinin bədii rəhbəri və baş dirijoru,
tanınmış saksafon ifaçısı, Əməkdar
artist Akif Süleymanbəylidir.
Müsahibim 1959-cu ildə Bakıda anadan olub. Bülbül
adına orta ixtisas musiqi
məktəbinin klarnet
sinfini, Ü.Hacıbəyli
adına Dövlət
Konservatoriyasının (indiki
Bakı Musiqi Akademiyası) nəfəsli
alətlər şöbəsini
bitirib. Sənətə gəlməyinin maraqlı
tarixçəsi var. Elə
ilk sualımız da bu barədə oldu.
- Saksafona maraq göstərməyinizin
səbəbi nə idi?
- Rəhmətlik
əmim konservatoriyanın
təsərrüfat müdiri
işləyirdi. Üzeyir
bəylə yaxın
dost idilər. Üzeyir bəy
40-cı illərdə Moskvadan
konservatoriyaya nəfəsli
alətlər üzrə
müəllimlər dəvət
edir. Azərbaycanda
bu sahəyə maraq göstərənlər
az olduğundan
Üzeyir bəy əmimdən xahiş edir ki, tanışlarından
olan gəncləri bu sənətə cəlb etsin. Əmim də mənim böyük qardaşlarımın
marağını görüb
onları məsləhət
görür. Qardaşlarım məndən 10-15 yaş böyük olduqları üçün elə ağlım kəsəndən
evdə saksafon aləti görmüşəm,
səsini eşitmişəm.
Qardaşlarımdan biri
- Rafiq Süleymanbəyli
uzun illər A.Zeynallı adına
musiqi kollecində nəfəsli alətlər
şöbəsinin müdiri
vəzifəsində çalışıb.
- Bəlkə sənət yolunuza bir nəzər salaq?
- Musiqiçi kimi əmək fəaliyyətim televiziya və radionun nəzdindəki estrada-simfonik
orkestrindən başlayıb.
Onda Bülbül adına orta
ixtisas musiqi məktəbinin son sinfində
oxuyurdum. Onu da qeyd edim ki, orta
ixtisas məktəbinin
klarnet sinfində müəllimim Mehdi Novruzov, Konservatoriyada isə Qulam Səmədzadə və Elxan Babayev olublar.
Tələbəliyimin son kursundan müəllimlik
fəaliyyətinə başlamışdım.
İlk dəfə olaraq Bülbül adına musiqi
məktəbində məhz
saksofon sinfinin açılmasına təşəbbüs
göstərdim və
buna nail oldum. 1983-cü ildə rəhmətlik Rəşid
Behbudov məni rəhbərlik etdiyi Mahnı Teatrına dəvət etdi. Rəşid müəllim rəhmətə
gedən ilədək
(1989) orada çalışdım.
Sonra yenidən orkestrə qayıtdım.
Hazırda Rostropoviçlər adına 21 saylı və Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət
göstərən Bülbül
adına orta ixtisas musiqi məktəblərində dərs
deyirəm. Bu gün uşaqlar arasında saksafon ifaçılığına maraq
var, istedadlı uşaqlar çoxdur.
Həmçinin AzTV-nin nəzdində
fəaliyyət göstərən
estrada-simfonik orkestrinin
bədii rəhbəri
və baş dirijoruyam.
- Səkkiz ildir ki, bu
orkestrə rəhbərlik
edirsiniz. Estrada-simfonik orkestri ilə çıxış
edən müğənnilərimizin
sayı çoxdurmu?
- Vaxtı ilə İ.Quliyeva, M.Tağıyev, F.Kərimova,
O.Ağayev, A.İslamzadə,
B.Dadaşova və başqaları bu orkestrin müşayiəti
ilə oxuyublar. Son dövrdə isə
musiqi sahəsində texniki imkanlar genişləndiyindən orkestrə
tələbat azalıb.
Orkestri bu gün anlayan
və qavrayan gənc müğənnilər
azdır. Eyni zamanda
canlı səslə,
orkestrin müşayiəti
ilə oxumağı bacaran gənc müğənnilər azdır.
40 nəfərlik kollektivi olan orkestri fəaliyyətdə
saxlamaq üçün
çox savadlı musiqiçilər və aranjimançılar lazımdır.
Canlı
orkestr üçün
notları, partiyaları
yazan aranjimançılar
hazırda, demək olar ki, yoxdur.
Bizim orkestr üçün mən özüm aranjiman edirəm, sonrası nə olacaq, Allah bilir.
- Bu günə
kimi neçə albomunuz dinləyicilərə
təqdim olunub?
- İki
musiqi albomum işıq üzü görüb. Bu albomlarda unudulmuş, köhnə bəstəkar
mahnılarını dinləyicilərə
yeni aranjimanda təqdim etmişəm.
Ə.Tağıyev, T.Quliyev,
R.Hacıyev, C.Cahangirovun
az səslənən
melodiyalarını bir
az caz, bir
az da rok
variasiyaları ilə
musiqisevərlərə çatdırmaq
istəmişəm. Hazırda estafeti
oğlanlarıma vermək
istəyirəm. Hər ikisi
sənətdədir. Cahangir piano, Teymur
isə saksafon ifaçısıdır.
- Caz musiqisinə olan sevginiz nə ilə bağlıdır?
- Atamı erkən yaşlarımda itirmişdim. Ailəmiz muğama, milli
musiqiyə yaxın olduğundan atamdan sonra evimizdə muğam səslənəndə
anam və bacım çox kövrələrdilər, atamın
xatirəsi onları üzürdü. Bu səbəbdən də istər qardaşlarım,
istərsə də mən evdə həmişə kövrək
notlardan qaçardıq.
Sadəcə, bir az şən
notlar ifa etmək məqsədi ilə caza meylim
artdı. Düşünürəm ki, cazı sevmək, duymaq üçün mühit lazımdır. İnsanın yaşayıb böyüdüyü
mühit onun musiqi zövqünün formalaşmasında böyük
əhəmiyyət kəsb
edir.
- Azərbaycanda
bu gün cazın inkişafını
necə qiymətləndirirsiniz?
- Biz vaxtilə
cazı öyrənmək
üçün xarici
filmlərə təkrar
bilet alıb gedirdik ki, filmdə
səslənən musiqinin
harmoniyasını tutub
özümüz işləyə
bilək. İndiki gənclərdə həmin aura çatmır.
Nadir hallarda olur
ki, milli musiqi alətində ifa edən gənc
Avropa, Avropa musiqisini bilən gənc isə milli musiqini dərindən bilsin.
Hazırda hər millət
klassik caz üzərində öz milli caz kompozisiyalarını
yaradır, sintez edir. Bu ənənəvi
cazdan maraqlı olur. Çalışqan gənclərimiz çoxdur. Amma bu sahədə
dərin təfəkkürə
malik olmaq lazımdır. Rəhmətlik Vaqif Mustafazadə milli musiqimizə dərindən bələd
idi, eyni zamanda Avropa musiqisini gözəl bilirdi. O, iki dünyanı özündə
birləşdirmişdi. Ona görə
də onun yaratdıqları ölməz
və əbədiyaşardır.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 18 yanvar.- S. 12.