Musiqi sənətinin təməli məktəbdən
başlayır
Şövkət Ələkbərova adına 20 saylı
uşaq musiqi məktəbi qabaqcıl tədris
ocaqlarındandır
Musiqi insan həyatında ən təsiredici gücə
malik vasitələrdəndir desək, yəqin haqlı
olarıq. Hər səslənən musiqi yeni mənəvi aləm,
fərqli düşüncə yaradır. Bu aləmin sirlərinə
yiyələnib onun ecazkarlığını ətrafa
aşılamaq isə uzun illəri, hətta bir ömrü
alır. Musiqi sənətinin təməli musiqi məktəbindən
başlayır. Bu günlərdə paytaxtımızın
qabaqcıl tədris müəssisələrindən olan
Şövkət Ələkbərova adına 20 saylı
uşaq musiqi məktəbində qonaq olduq.
Müəllimlər yetişən nəslin təlim-tədrisi
ilə səylə məşğul olurlar
Məktəb 1967-ci ildən
Bakı şəhərində fəaliyyətə
başlayıb. 1993-cü ildən tədris ocağına Xalq
artisti Şövkət Ələkbərovanın adı
verilib. Bu günə qədər yüzlərlə
şagirdin ilk musiqi təhsili məkanı olan məktəbdə
hazırda 400-ə yaxın şagird təhsil alır. Burada Azərbaycan
və rus bölməsi üzrə 11 ixtisas - fortepiano, skripka,
klarnet, fleyta, tar, kamança, qarmon, nağara, xanəndəlik
və sair, habelə nəzəriyyə fənləri tədris
olunur. Ötən il məktəbin məzunlarından 15-i
musiqi sahəsi üzrə ali və orta ixtisas təhsil
ocaqlarına qəbul olunub. Qeyd edək ki, məktəbi hər
il təxminən 60-65 şagird bitirir.
Sevindirici hal odur ki, məktəbin
məzunları ali təhsil ocaqlarını bitirdikdən sonra
bəzən çalışmaq üçün yenidən
buraya qayıdırlar. Yeni musiqiçi nəslinin yetişməsində
səylə çalışırlar. Hazırda musiqi məktəbinin
14 müəllimi bu tədris ocağının yetirmələridir.
20 saylı uşaq musiqi məktəbinin
direktoru Sevda Məmmədova hazırda tədris müəssisəsində
92 müəllimin çalışdığını dedi:
“Tədrisdə önəmli rol müəllimin üzərinə
düşür. O tərbiyəçidir, maarifçidir, bir
növ ixtisası üzrə yol göstərəndir. Bu
gün bir çox qabaqcıl müəllimlərimizin şagirdləri
festivallarda, müsabiqələrdə iştirak edərək
uğurlar qazanırlar. Qanun ixtisası üzrə Kəmalə
Cahangirova, kamança üzrə Salman Əzizov, fortepiano
üzrə Mehriban Ələsgərova, Sevinc Sadıxova, Ruqiyyə
Eldarova, Lalə Quliyeva, Rəna Zülfüqarova və digərlərini
qeyd etmək olar”.
Direktor müxtəlif illərdə
tanınmış musiqi xadimlərinin məktəbdə
pedaqoq kimi çalışdığını da qeyd etdi.
Xalq artistləri Oqtay Rəcəbov, Ramiz Quliyev, əməkdar
artistlər Nərgiz Əliyarova, Həmid Vəkilov, Əməkdar
incəsənət xadimi Eldar Mansurov və başqaları bu məktəbdə
dərs veriblər.
Uğurlar, nailiyyətlər
Məktəb daim müxtəlif
musiqi festivalları və müsabiqələrdə iştirak
edir. Sevda Məmmədova uşaq xor kollektivləri üzrə
keçirilən respublika müsabiqəsindəki
uğurları xüsusən qeyd etdi: “Bu müsabiqə üzrə
2004-cü ildə ikinci, 2005 və 2006-ci illərdə birinci,
2009-cu ildə yenidən ikinci və 2011-ci ildə keçirilən
müsabiqədə Qran Pri mükafatına layiq
görüldük. Xormeyster Tatyana Yatsenko xor kollektivimizin rəhbəridir
və bacarıqlı müəllimlərimizdəndir. Xor
üzrə məktəbin uğuru müəllim və
şagirdlərin birgə zəhmətinin göstəricisidir.
Məktəbimiz xalq çalğı alətləri üzrə
müsabiqələrdə də daim iştirak edir. Müxtəlif
illərdə, müxtəlif alətlər üzrə qələbələrimiz
olub. Məktəbin şagirdləri beynəlxalq festivallara da
qatılırlar. Ukraynada, Qazaxıstanda keçirilən musiqi
festivallarındakı uğurlu iştiraklarını qeyd etmək
istərdim”.
Milli və klassik musiqi alətlərinə daha çox
maraq var
Hər zamanın bir dəbi
olduğu kimi, XXI əsrin ikinci onilliyində hansı musiqi alətlərinə
marağın olduğunu da direktordan soruşduq. S. Məmmədova
fortepianoya hər zaman marağın daha çox olduğunu
bildirdi: “Təbii ki, bura gələn şagirdlərin
azyaşlı olduqlarına görə seçimi valideyni edir,
lakin sonrakı illərdə uşağın istəyi önəm
kəsb edir. Milli musiqi alətlərindən
son illər tara
maraq daha da artıb. Tar milli musiqi alətimiz
olduğundan ona marağın artması bizi çox sevindirir. Azyaşlılar arasında bunun
geniş yayılması
təqdirəlayiqdir. Lakin kamançaya
maraq nisbətən azalıb. Həmçinin nəfəs alətlərini
seçən şagirdlərin
sayı azdır.
Bu sahədə bacardığımız qədər
təbliğat aparırıq.
Hər il
məktəbimizə şagird
qəbulundan öncə
konsert proqramı ilə çıxış
edirik və həmin konsertdə nəfəs alətlərinin
ifasına daha çox yer veririk. Nəfəs alətləri üzrə
müəllimimiz də
azdır. Biz çalışırıq ki,
onları da təbliğata cəlb edək. Orta məktəblərdə nəfəs alətləri
üzrə konsertlər
təşkil edək.
Mədəniyyət və Turizm
Nazirliyi də bu sahəyə şagird axınını
artırmaqda maraqlıdır.
Ona görə də təbliğat sahəsində
onların gördüyü
işlər, nəfəs
alətləri üzrə
keçirilən müsabiqələr,
festivallar inanıram ki, yaxın gələcəkdə bu problemi həll edəcək”.
Şagirdlər nə deyir?
Məktəbi canlandıran isə
hər zaman şagirdlərdir. Onlar həm
də musiqimizin gələcəyidirlər. Məktəbdə təhsil
alan bir
neçə şagirdin
fikirlərini öyrəndik.
Yaqut Novruzova fortepiano üzrə 5-ci sinifdə təhsil alır: “Uşaqlıqdan fortepianoya
marağım var idi. Artıq 5 ildir ki, musiqi üzrə təhsil alıram və bu günə
qədər də uşaqlıqdakı sevgim
qalıb. İndicə imtahandan çıxdım
və nəticələrim
də yaxşı oldu. Müəllimlərimi çox sevirəm.
Bizim yolumuzda çox əziyyət çəkirlər.
Gələcəkdə böyük musiqi
səhnələrində çıxış
etməyi arzulayıram”.
Nigar Cəfərli isə musiqi məktəbini öz evləri kimi doğma sayır: “Evimizdə pianino olduğundan hər zaman musiqiyə marağım olub. Ali təhsilimi
də musiqi üzrə davam etdirmək istəyirəm.
Musiqi müəlliməsi olmaq istərdim”.
Aytən Sadıxova isə musiqi üzrə hər hansı ixtisasa yiyələnməyi
xoşbəxtlik hesab edir: “V sinifdə fortepiano üzrə təhsil alıram. Musiqi mənim üçün
rahatlıqdır. İfa etdiyim
zaman tam sərbəst
oluram. Hələlik sənət seçimi
etməmişəm. Musiqi də
mənə doğmadır.
Ola bilsin, elə
seçimim səhnə
oldu”.
Tədris üçün
daha yaxşı şərait yaradılacaq
Musiqi məktəblərində ən mühüm məqamlardan biri də məktəbin musiqi alətləri ilə təmin edilməsidir. Son illər Mədəniyyət
və Turizm Nazirliyi musiqi məktəblərinin alətlərlə
təmin olunması ilə ciddi məşğuldur. 20 saylı uşaq musiqi məktəbinin də musiqi aləti bazası Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən təmin
edilir. Nəzəriyyə kitabları, proqramlar,
musiqi üzrə dərsliklər yenidən
nəşr olunur və məktəb tam şəkildə dərsliklərlə
təmin olunur.
20 saylı
uşaq musiqi məktəbi iki binada fəaliyyət göstərir. Binalar köhnə
olduğundan məktəb
təmir proqramına salınıb. 2012-ci ildə 20 saylı uşaq musiqi məktəbi müasir standartlı bina ilə təmin ediləcək.
Uşaq və qocalar evi də
unudulmur
Musiqi məktəbi bir
çox xeyriyyə işləri həyata keçirir, müxtəlif
bayramlar ərəfəsində,
uşaq evlərində,
qocalar evində konsert proqramları təşkil edirlər.
Kamança ixtisası
üzrə müəllimə
Sevda Ələsgərova
bu cür tədbirlərə həm
müəllimlərin, həm
də şagirdlərin
həvəslə qoşulduğunu
bildirdi: “Çalışırıq
ki, musiqimizdən hər kəsə pay düşsün. Həm uşaqlar
üçün stimul
olsun. Bacardığımız qədər maraqlı
musiqi nömrələri
ilə çıxış
edirik, xalq musiqisinə, milli mahnılarımıza yer ayırırıq”.
Hər il məktəbin
yekun konserti keçirilir. Bu tədbirdə
məktəbin xalq çalğı alətləri
orkestri, xor kollektivi çıxış
edir. Solo musiqi nömrələri konserti daha da
rəngarəng edir.
Savadlı musiqiçilər yetişdirmək
Ş. Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin əsas hədəfidir. Musiqimizin təbliğatı mədəniyyətimizin təbliğidir.
Düzgün musiqi zövqünün
formalaşması isə
köklü bir mədəniyyətin iz salması deməkdir.
Azərbaycanın zəngin musiqisi
bütün dünyada
tanınır. Bu zənginliyi qorumaq isə mədəniyyətimizi,
mənəviyyatımızı və özlüyümüzü
qorumaq deməkdir.
Reyhan İsayeva
Mədəniyyət.-
2012.- 18 yanvar.- S. 11.