“Həyatımı
kinosuz təsəvvür etmirəm”
Hər hansı ekran əsəri haqqında danışanda ilk növbədə rejissor və aktyorları xatırlayırıq. Amma filmlərin ərsəyə gəlməsində kadr arxasında qalan yaradıcı heyətin də zəhməti böyükdür. Həmsöhbətimiz belə insanlardan biri, 50 ildən artıq Azərbaycan kinosuna xidmət edən sənətkar, Əməkdar mədəniyyət işçisi Pərviz Quliyevdir.
Pərviz Əsəd oğlu Quliyev 1942-ci il yanvarın 19-da Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra saxsı qablar zavodunda əmək fəaliyyətinə başlamış, orda rəssam kimi çalışmışdır. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almışdır. Sonradan foto sənətinə, ekran əsərlərinə sevgisi onu kino sahəsinə gətirib. 1961-ci ildən bu sahədə fotoqraf olaraq çalışır. Bu illərdə o, Azərbaycan kinosunda özünə unudulmaz ad qazanıb.
Televiziyada, mətbuatda onun müxtəlif filmlərdən çəkdiyi fraqmentlərə tez-tez rast gəlirik. Peşəkar fotoqraf 1977-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsinin fəxri fərmanı, 1980-ci ildə “Kinematoqrafiya əlaçısı” nişanı, 1989-cu ildə “Əmək veteranı” medalı ilə təltif olunmuşdur. 2008-ci ildə respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Yanvarın 19-da 70 yaşını qeyd edəcək sənətkarla söhbəti təqdim edirik.
- Pərviz müəllim, 70 illik yubileyinizi və əmək fəaliyyətinizin 50 illiyini qeyd edərkən dönüb geriyə baxanda nələri xatırlayırsınız? Rəssamlıq sahəsində təhsil alsanız da, sonradan fotoqraf sənətini, kinonu seçdiniz. Niyə məhz kino?
- Fotoqrafiyaya uşaqlıqdan marağım vardı. Atam mənə “Smena” fotoaparatı almışdı. Onunla şəkillər çəkməyə başladım. Evimizin zirzəmisində balaca bir otağı özüm üçün laboratoriya düzəltmişdim. Sonra tədricən bu sahədə püxtələşdim. Kinoya da uşaqlıqdan böyük həvəsim olub. Məktəbdən qaçıb kinoteatrlara gedərdim. Və yaxud da filmlərin çəkilişlərini izləyərdim. Yadımdadır, 1957-ci ildə görkəmli kinorejissor Əjdər İbrahimov “Bir məhəlləli iki nəfər” filmini çəkirdi. Hər gün dərsdən qaçıb çəkiliş meydançasına gedər, filmin çəkilməsini çox maraqla izləyərdim. Çox vaxt evdə buna görə məni danlayardılar. Amma faydası yox idi. Çünki artıq kinoya vurulmuşdum.
- Bəs “Azərbaycanfilm” kinostudiyasına necə gəldiniz?
- Görkəmli kinodramaturq Cəfər Cabbarlının oğlu Aydın Cabbarlı anamın işlədiyi xəstəxanada həkim işləyirdi. Anam kinonu hədsiz sevdiyimi ona söyləmişdi. O da bir gün məni kinostudiyaya gətirdi. On yeddi yaşım var idi. Kinostudiyanın direktoru Məhərrəm Aşumov idi. Məhərrəm müəllim foto sexinin rəisini çağırdı. Mənim laborant kimi onun yanında işləyəcəyimi dedi. Beləcə, 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında foto-laborant kimi fəaliyyətə başladım. Altıncı dərəcəli fotoqrafdan birinci dərəcəli rəssam-fotoqrafadək, laborantlıqdan foto sexinin rəisi vəzifəsinə qədər yüksəldim. Buna görə görkəmli sənətkar Adil İsgəndərova borcluyam. Təzə kinostudiyaya köçəndə direktor Adil İsgəndərov dedi ki, bizim milli kadrlarımız olmalıdır. Mənə foto sexinin rəisi vəzifəsində işləməyi təklif etdi. Düzü, əvvəl tərəddüd etdim. Lakin sonradan razılıq verdim. 1969-cu ildən indiyəcən burada çalışıram. Ömrümün əlli ildən çoxunu Azərbaycan kinosuna həsr etmişəm. Düşünürəm ki, sənətimi düzgün seçmişəm. Çünki həyatımı bir gün də olsun kinosuz təsəvvür etmirəm.
- Debüt işiniz hansı filmdə olub?
- Kinorejissor
Eldar Quliyevin çəkdiyi “Biri vardı, biri yoxdu” filmində. Bu film həm mənim, həm Xalq artisti
Sədayə Mustafayevanın
və Eldar müəllimin bədii kinoda debüt idi.
- İndiyə
qədər neçə
filmin kadrlarını
çəkmisiniz?
- 50-yə yaxın
filmdə işləmişəm.
Kinorejissorlardan T.Tağızadə,
H.Seyidzadə, H.Seyidbəyli,
Ə.Atakişiyev kimi
korifey sənətkarlarla
birlikdə çalışdığıma
görə özümü
xoşbəxt hesab edirəm. “Arşın mal
alan” (1965), “Mən ki gözəl deyildim”, “Şərikli çörək”, “Gün
keçdi”, “Yaşamaq
gözəldir, qardaşım”
və başqa filmlərin çəkilişində
olan kadrarxası iş prosesini, aktyorların müxtəlif
rakurslu şəkillərini,
filmlərin kadrlarını
çəkmişəm.
- Bu sual yəqin oxucular üçün də maraqlıdır, kinoda fotoqrafın rolu nədən ibarətdir? Ümumiyyətlə, filmlərdə fotoqraf
olmalıdır ya yox?
- Kino çəkilişləri
fotoda başlanır. Çəkilişlərə dəvət
alan aktyorları
pavilyonda foto sınaq üçün çəkirik. Aktyoru elə çəkməliyik
ki, onun xarakterik siması rolu ilə uyğun
gəlsin. Ondan sonra
fotolara baxış, filmə aktyor seçimi başlanır.
Eyni zamanda çəkilən şəkillər müxtəlif
qəzet və jurnallarda, televiziya verilişlərində mütəmadi
olaraq istifadə olunur.
- Fotoqraf həm də bir növ filmin
reklam işləri ilə məşğul olur, elə deyilmi?
- Filmin çəkilişləri zamanı
operator nə çəkir,
fotoqraf da o kadrları çəkir. Sonra şəkilləri afişalarda,
reklamlarda, mətbuatda
dərc edirik. Bundan əlavə, filmlərin sənədləri (sinopsis,
montaj vərəqi, rejissor ssenarisi, lentlərin pozitivi, neqativi və s.) içərisində şəkillərin
də neqativi olmalıdır. Əvvəllər
kinostudiyada il
ərzində 7-8 bədii
film çəkilirdi. Çəkib qurtarandan sonra filmləri Moskvaya, SSRİ
Dövlət Kino Komitəsinə
təhvil verirdik.
Bu zaman filmlərdən
çəkilən şəkillər
də digər materiallarla birlikdə təhvil verilirdi. Bu günəcən “Azərbaycanfilm”də nə
qədər film çəkilib,
hamısının neqativi
sexdə qorunur.
- Əzim Əzimzadə adına
Rəssamlıq Məktəbində
təhsiliniz yarımçıq
qalıb. Nə üçün?
- Düzdür,
məktəbi bitirə
bilmədim. Səbəb isə kinoya
hədsiz marağım,
bu sahədə çalışmağım oldu.
Çünki başım filmlərin
çəkilişlərinə elə qarışmışdı
ki, təhsilə vaxtım yox idi. Daim ekspedisiyalarda, ezamiyyətlərdə
olurdum.
- Foto çəkilişlərində müxtəlif psixologiyalı
insanlarla işləyirsiniz.
Uşaqlarla işləmək necədir?
- Uşaqlarla işləməyi sevirəm.
Onlarla işləmək mənim
üçün o qədər
də çətin olmayıb. Ona görə ki, bir il uşaq fotoatelyesində fotoqraf işləmişəm.
Uşaqlarla dil tapmağı
bacarıram. “Şərikli
çörək”, “Asif,
Vasif, Ağasif” və s. uşaq filmlərinin fotolarını
çəkmişəm.
- Bu filmlərin
qəhrəmanları neçə
uşaq içindən
seçilib?
- “Asif,
Vasif, Ağasif” filminin sınaq çəkilişlərinə 500-dən artıq, “Şərikli çörək” filminə
isə 1000-dən çox
uşaq gəlmişdi.
Bildiyimiz
kimi, birinci filmdə üç uşaq seçilib filmə çəkildi.
“Şərikli çörək”
filmində də kinorejissor Şamil Mahmudbəyovun uşaqlar arasında apardığı
düzgün seçimə,
onların maraqlı ifasına görə film
1970-ci ildə Azərbaycanın
Dövlət Mükafatına
layiq görüldü.
- Fotosınaqsız
filmlərə çəkilmək
olar?
- Olar, niyə olmur. Bizim tanınmış aktyorlarımıza
fotosınaq lazım deyil. Onlar sınaqsız da
çəkilə bilərlər.
- Fotoqrafların
və rəssamların
yaradıcılıq potensialını
sərgiləri təsdiqləyir.
Sizin necə, sərginiz keçirilibmi?
- Bir dəfə sərgim “Araz” kinoteatrında keçirilmişdi. 2011-ci il
dekabrın 2-də isə
Muzey Mərkəzində
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi, Dövlət
Film Fondunun təşkilatçılığı
ilə “Azərbaycan kino salnaməsi” adlı fotosərgim keçirildi. Sərgidə şəxsi kolleksiyamdan
fotolar nümayiş olundu. Bu 50 ildə
Azərbaycanın görkəmli
kinorejissorları ilə
işləmişəm. Foto sexində fotoarxiv yaratmışam. Sərgilənən şəkillər orijinallığına
görə diqqət çəkirdi. Çünki
kadrarxası məqamlar,
kinorejissorların iş
prosesi zamanı olan şəkillər sərgi iştirakçılarında
xüsusi maraq doğurmuşdu. Bu sərgiyə görə təşkilatçılara dərin
təşəkkürümü bildirirəm.
- Fotoqraf kimi kinoda tanınmış
bir simasınız. Kinodan başqa, hansı mövzuda fotoşəkilləriniz
var?
- Müxtəlif
peyzaj, natürmort şəkillər çəkmişəm.
Keçmiş SSRİ məkanında keçirilən “Azərbaycanın
mədəniyyəti günləri”ndə
dəfələrlə respublikamızı
tərənnüm edən
fotostendlərin tərtibatçısı
olmuşam. “Azərbaycanfilm”in, Dövlət
Film Fondunun, Naxçıvan
Muxtar Respublikası
Film Fondunun foyesini tərtib etmişəm.
Dövlət Film Fondunda keçirilən
bütün yubiley tədbirlərində fotostendlərin
hazırlanmasında mənim
çəkdiyim şəkillərdən
istifadə edilir.
Kinoya həsr olunmuş kitab və jurnallarda,
kataloqlarda, “Kino Ensiklopediya”sında
mənim çəkdiyim
şəkillərdən geniş
istifadə olunub.
Hazırda da filmlərlə
bağlı şəkillər
üçün müraciət
edənlərə bacardığım
qədər kömək
edirəm.
- Pərviz müəllim, bu qədər sevdiyiniz sənətinizi ailədə
kimsə davam etdirirmi?
- İki
oğlum, dörd nəvəm var. Bizim ailə mədəniyyət,
incəsənət sahəsində
çalışır. Oğlanlarımın biri musiqiçi,
digəri isə rəssamdır. Həyat yoldaşım
Firəngiz xanım uzun illərdir ki, mədəniyyət sahəsində fəaliyyət
göstərir. Böyük qardaşım
Həsən Quliyev də uzun illər
Azərbaycan televiziyasında
baş operator vəzifəsində
çalışmışdır.
- Peşənizin
sirlərini öyrətdiyiniz
tələbələriniz varmı?
- Tələbələrim
çox olub. Kinoda işləyən fotoqrafların
çoxunu mən yetişdirmişəm. Onların hamısını
özümə tələbə
bilirəm.
- Hazırda hansı film üzərində
işləyirsiniz?
- Kinorejissor
Ramiz Həsənoğlu
görkəmli yazıçı
Anarın ssenarisi əsasında böyük
yazıçı-dramaturq Mirzə
Fətəli Axundzadənin
həyat və yaradıcılığından bəhs edən “Sübhün səfiri” filmini çəkir.
Filmin operatoru Kənan Məmmədovdur. Peşəkar yaradıcı kollektiv var.
Bu film üzərində işləyirik.
Arzular, planlar çoxdur. İnşallah, Allah mənə nə qədər ömür versə, o qədər də bu sahədə işləyəcəyəm.
Sənətkar sənətini aliləşdirəndə,
sənət sahibini ucaldanda qiymətlidir.
Pərviz Quliyevi əlamətdar
yubileyləri münasibətilə
təbrik edir, yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
Şəhla
Bürcəliyeva,
kinoşünas
Mədəniyyət.- 2012.- 18
yanvar.- S. 10.