Rasim Babayevin sənət fəlsəfəsi

 

   Azərbaycan incəsənətinin inkişafında və daha da mütərəqqi ənənələrlə davam etməsində sovet dövründə yetişmiş rəssamlarımızın böyük rolu olub. Eyni zamanda o da məlumdur ki, sovet ideologiyası milli incəsənət növlərinin yayılmasına, incəsənətdə milli-mənəvi dəyərlərin təbliğinə zaman-zaman maneələr törədib. Bu ideologiyanın hüdudları bir çox istedadlı rəssamlarımızın əsil yaradıcılıq potensialını tam üzə çıxarmağa imkan verməyib, onların bədii yaradıcılıq dünyasının müəyyən çərçivə daxilində qalmasına səbəb olub. Belə istedadlı sənətkarlardan biri Xalq rəssamı Rasim Babayevdir (1927-2007).

  

   Rasim Hənifə oğlu Babayev 1927-ci ildə Bakıda dünyaya göz açıb. İlk ixtisas təhsilini Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Texnikumunda (1945-1949), ali təhsilini isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1949-1956) alıb. 1959-cu ildə Rəssamlar İttifaqına üzv qəbul edilib. R.Babayev 1964-cü ildə “Əməkdar rəssam”, 1989-cu ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. O, dəfələrlə xaricdə yaradıcılıq ezamiyyətlərində olub, rəssamın müxtəlif ölkələrə həsr olunmuş əsərlərindən ibarət fərdi sərgiləri təşkil edilib. Yaratdığı sənət nümunələri bir çox ölkələrdə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

   Rasim Babayev sənətin bədii-texniki sirlərinə yiyələnmiş mahir rəssam olaraq, həmişə ali sənət amallarına sadiqlik nümayiş etdirib, bədii təxəyyülünün diktəsi və ülvi hisslərlə əsrarəngiz, düşündürücü əsərlər yaradıb. Təsviri sənətimizin rəngkarlıq və qrafika sahəsində yüksək bədii təsir gücünə malik, bir-birindən maraqlı əsərlər qalereyası ərsəyə gətirib. Baxmayaraq ki, sovet zamanında rəssamın yaradıcılıq nümunələrinin bir hissəsi qəbul edilməyib, bu, sənətkarı qətiyyən ruhdan salmayıb, o daha da əzmlə mili ənənəvi mövzulu əsərlər yaradıb.

   Rəssamın istər qrafika, istərsə də rəngkarlıq sahəsində yaratdığı əsərlərə nəzər yetirsək görərik ki, bu nümunələrdə daxili üsyan, barışmaz rəssam “mən”inin etirazı, bədii söz sənətində mətnaltı vurğu kimi qeyd olunan, təsviri sənətdə isə təsvir altı və təsvir arxası məna kimi qəbul edə biləcəyimiz nüanslar özünü büruzə verir. Bəzən belə əsərlərin adlarına nəzər yetirdikdə sadalanan “sirli”liyi, “çoxqatlı”lığı duymaq mümkündür. Rasim Babayevin əsərləri bədii-fəlsəfi mahiyyətli olduğu qədər milli-mənəvi, ideya-sosioloji cəhətləri baxımından da dəyərlidir. Onun yaradıcılığı xalqımızın minilliklərlə formalaşan, zahirdə unudulsa belə, xalqımızın qəlbində daima yaşayan və yaradıcı insanların əsərlərində sənətin xüsusi bədii dili ilə, incə “kod”larla gələcək nəsillərə ötürülən əlvan bədii çalarlarla zəngindir.

   Sənətkarın dəzgah qrafikasında yaratdığı linoqravür silsilələrinə və dəzgah rəsmləri nümunələrinə misal olaraq “Neft çənləri” (1958), “Neftin doldurulması” (1958), “Qız” (1958), “Qara şəhər” (1958), “Daşkəsən yollarında” (1961), “Fəhlənin portreti” (1962), “Almaniyada” (1963), “Qobustan” (1964), “Xınalıq” (1964), “Dəvələr” (1966), “Hamamlar” (1969), “Qaçaq Nəbi” (1969), “Köhnə Bakı” (1970), “Narlar” (1970), “Kənd” (1970), “Qədim qəbiristanlıq” (1970), “Rəssam Ə.Rzaquliyev” (1970) və başqa əsərlərini göstərmək olar.

   Sadalanan əsərlərin hər biri ayrı-ayrılıqda özünün məna tutumu, mövzu seçimi, bədii ifadə həlli və s. sənət meyarları baxımından orijinal sənət inciləridir. Biz onun Abşeron təbiətini, daha doğrusu, neft sənayesini əks etdirən əsərlərinə nəzər yetirmiş olsaq tamaşaçıya fərqli ovqat bağışlayan motivlərin olduğunu görə bilərik. Təbii ki, bu, rəssamın gördüklərinə fərdi münasibətinin, obrazlı rəssam təxəyyülünün nəticəsi idi. Ola bilsin ki, Rasim Babayev bu əsərlərdəki bədii-məcazi formalarla dövrünün hadisələrinə etirazını bildirib. Ümumiyyətlə, rəssamın yaradıcılığına şamil olunan qrotesklik, ironiya onun hər bir əsərində özünü qabarıq büruzə verir və bu da rəssamın yaşadığı məkana, zamana münasibətinin ifadəsidir.

   Rəssamın yaradıcılıq dünyasının zənginliyini və dolğunluğunu rəngkarlıq əsərlərindən kənarda təsəvvür etmək mümkün deyil. Əslində isə sovetlər dövründə rəssamın daha dərin və “sətiraltı” bədii ifadə qüvvəsinə və məna-məzmun yükünə malik olan dəzgah rəngkarlığı nümunələri geniş işıqlandırılmayıb. Onun rəngkarlıq əsərlərinə nümunə olaraq “Torpaq” (1963), “Sahil” (1965), “Yol” (1966), “Yaxın Şərq” (1967), “Ailə” (1971), “Səyyah” (1974), “Ordu” (1978), “Qapı” (1982), “Qadın” (1983), “Müharibə” (1983), “Novruz” (1983), “Qadın və div” (1986), “Faciə” (1987), “Adəm və Həvva” (1988), “Yüklü dəvə” (1992), “Bəla” (1997), “Gecə” (2003), “Divlər” (2004) və s. əsərlərini qeyd etmək olar.

   Rasim Babayevin zəngin təfəkkürünün əksi olan sənət nümunələri sanki rəssamı daha çox düşündürən, onu narahat edən, bəşər övladının biganəliyi üzündən eybəcər hala salınmış, insan təfəkkürünün kortəbii təsirinə məruz qalmış görüntülərə rəssam münasibəti, rənglərin dili ilə ifadə edilmiş yaradıcı insan “mən”inin əksidir.

   Rəssam “Torpaq” adlı əsərində maraqlı baxış nöqtəsi seçərək, kompozisiyanın mərkəzində baxımsızlıqdan cadar-cadar olmuş torpağın “ahu-naləsini”, arxa planda isə nəhəng iri neft çənlərini təsvir etməklə, mövcud reallığı inandırıcı rəng çalarları ilə ustalıqla əks etdirib. Rəssam sənaye mövzulu əsərində ekoloji problemi qabartmaqla tamaşaçıların diqqətini həmin məsələyə yönəltməyə çalışıb və məqsədinə uğurla nail ola bilib.

   Rəssam daim düşünür və tamaşaçısını da düşünməyə sövq edən, onun daxili hislərini saflaşdırmağa xidmət edən əsərlər yaradırdı. O, çox zaman kompozisiya qurumunu, işıq-kölgə həllini, mövzunu özünün yaradıcılıq iradəsinə və arzularına tabe etdirirdi. Bunun nəticəsində seçdiyini, daha çox sehrli rənglər vasitəsilə demək istədiklərini kətanda ifadə edə bilirdi. O özünün yaradıcı münasibəti ilə dünyəvi problemlərə, bəşəriyyəti düşündürən mövzulara toxunurdu, tamaşaçıları bu istiqamətdə, bu problemlər ətrafında düşünməyə səsləyirdi.

   Rəssamın dünyagörüşünün formalaşmasında və yaradıcılıq dünyasının püxtələşməsində təbii ki, Azərbaycan folklorunun - nağıl və dastanlarımızın, onların dərin fəlsəfi mahiyyətinin, milli-mənəvi dəyərlərin və milli etnoqrafik xüsusiyyətlərimizin böyük təsiri olub. Onun yaradıcılığında iki qüvvənin - xeyirlə şərin, işıqla zülmətin mübarizəsi təsvir olunub. Bu səbəbdəndir ki, rəssamın əsərləri heç bir əlavə şərhə ehtiyac olmadan tamaşaçısının qəlbinə yol tapır. Çünki bu, minilliklər belə keçməsinə baxmayaraq, insanları daim düşündürən və yəqin ki, gələcəkdə də düşündürəcək bəşəri mövzulardır.

   Rasim Babayev həmçinin kitab qrafikası sahəsində də uğurlu fəaliyyət göstərib, Azərbaycanın xalq nağıllarına və görkəmli yazıçıların əsərlərinə illüstrasiyalar çəkib. O, N.Hikmətin “Kəllə” (1958), T.Drayzerin “Dahi” (1958), R.Taqorun “Fəlakət” (1958), Y.V.Çəmənzəminlinin “Hekayələr”inə (1959), “Cırtdan” xalq nağılına (1960) və başqa ədəbi nümunələrə diqqəti cəlb edən, mövzunun məna və məzmun yükünün əyani qavranılmasına xidmət edən maraqlı illüstrasiyalar yaradıb.

   İstedadlı rəssam Rasim Babayev bənzərsiz yaradıcılıq dünyası və dərin bədii fəlsəfi mahiyyətli sənət əsərləri ilə Azərbaycan incəsənət tarixində həmişə fəxarətlə xatırlanacaq. Sonda rəssamın özü və yaradıcılıq dünyası haqqında dediyi fikirləri yada salmaq istərdik: “Qumu və Abşeronu çox sevirəm. Yaradıcılığım həyatın təzadları üzərində qurulub, qəhrəmanlarım divlər və mələklərdir. Xalq motivləri və mifoloji simvollar yaradıcılığımda mühüm yer tutur. Rəng palitrasının zənginliyini sevirəm. Kətan səthinin xalça fakturasını xatırlaması xoşuma gəlir. Şərq və Qərb incəsənətindən bəhrələnirəm”.

  

 

   Əsəd Quliyev,

   sənətşünas, AMEA-nın dissertantı

 

  Mədəniyyət.- 2012.-18 yanvar.- S. 8.