Balaca aktyorun həyat səhnəsində
böyük rolu -
şəhidlik
5
yaşından səhnədə bir-birindən fərqli
obrazlar yaradan Tahir Xudaverdiyev vətənin ağır
günündə 22 yaşında həyat səhnəsində
şah rolunu yaratdı. Şəhid aktyor kimi yaddaşlara, qəlblərə,
xatirələrə köçdü...
İllərin o üzündəki ömür
... Akademik Milli Dram Teatrının
aktyoru, Əməkdar artist Firuz Xudaverdiyev hərdən
tamaşaçı salonundan oturub boş səhnəyə
uzun-uzadı tamaşa edir... Bu səhnəyə ilk dəfə
36 il əvvəl qədəm qoyub. Amma bunadək artıq 7 il
səhnə təcrübəsi vardı, Mingəçevir
Dövlət Dram Teatrında C.Cabbarlının “Almaz” pyesində
Fuad, S.S.Axundovun “Eşq və intiqam”ında Şəmsi bəy,
S.Vurğunun “Fərhad və Şirin”ində vəzir, İ.Əfəndiyevin
“Məhv olmuş gündəliklər”ində Ədalət və
s. rolları oynamışdı.
Firuz Xudaverdiyev Mehdi Məmmədovun
sinfini bitirmişdi, elə Akademik Milli Dram Teatrına da
1976-cı ildə sənət müəlliminin təklifi ilə
gəlmişdi.
Səhnədə taleyinə
kiçik rollar düşsə də, Firuz Xudaverdiyev
zaman-zaman xırda rolların böyük aktyoru kimi
tanınıb sevildi. Ən kiçik rolları belə,
böyük şövq və məhəbbətlə
oynadı. Cəlil Məmmədquluzadənin “Dəli
yığıncağı”nda kişi, A.Şaiqin “Fitnə”
sində qoca, V.Şekspirin “Maqbet”ində əsgər,
L.Frankın “Yad adam”ında çolaq, Anarın “Səhra
yuxuları”nda polis və onlarca belə maraqlı, yaddaqalan
rolları onu bir aktyor kimi sevdirdi. O da bütün qəlbi ilə
sənəti, səhnəni sevdi...
Xoş təsadüf
...Xoşbəxt günlərin biri
idi. Firuz Xudaverdiyev ailəsi ilə dənizkənarı parkda
gəzintiyə çıxmışdı. Qəfildən Mehdi
Məmmədovla üz-üzə gəldilər.
Görüşdülər. Böyük rejissor uşaqlara
mehribanlıqla nəzər saldı. Bu görüş izsiz
qalmadı. Növbəti günlərin birində Mehdi Məmmədov
Firuz Xudaverdiyevə məsləhət gördü ki, Tahiri
teatra gətirsin. Bu balaca oğlana rol verib sınamaq istəyirdi.
Firuz bir ata kimi tərəddüd etsə də, rejissorun əminliyi
onu sakitləşdirdi. Tahirin böyük səhnədə ilk
rolu “Dəli yığıncağı”nda xəstə
uşaq obrazı oldu.
...İlk tamaşa günü
hamıdan çox Tahirin atası - Firuz həyəcan
keçirirdi. Tez-tez sual verirdi: “Görəsən, Tahir Mehdi
müəllimin ümidini doğrulda biləcəkmi?”
Uşaqlıdan dilli-dilavər, hazırcavab olan Tahir ilk roldaca
özünü doğrultdu. Balaca aktyorun oyunu
tamaşaçılar tərəfindən alqışlarla
qarşılandı.
...Həmin tamaşadan sonra Tahir
bir-birindən maraqlı rollar oynadı. C.Cabbarlının
“Sevil” pyesində Gündüz, L.Frankın “Yad adam” pyesindəki
dilənçi oğlan rolları onu tamaşaçılara
bir az da sevdirir. O zamanlar Yaşar Nuri Tahir haqqında belə
deyirdi: “Həmişə mən oynadığım
tamaşalarda o da iştirak edir. “Dəli
yığıncağı”, “Sevil”, “Sizi deyib gəlmişəm”...
Teatrda hamı onu görəndə başını
sığallayır və “necəsən, oğlum?” deyə
soruşur. Amma mən nədənsə onu görəndə
kövrəlirəm... Xüsusən sənət dostum Firuz
Tahirin əlindən tutub teatra gələndə... Bir zamanlar mən
də bax beləcə atamın əlindən tutub teatra gələrdim...”.
Anarın Mirzə Cəlilin əsərləri
əsasında qələmə aldığı “Sizi deyib gəlmişəm”
əsərində Tahirin oyandığı Əhməd rolu
balaca aktyorun ən yaddaqalan rollarından biri olur. Moskvalı
teatrşünas A.Belixov Tahirin bu rolunu yüksək qiymətləndirərək
yazırdı: “Tahir Əhməd rolunu o qədər təbii,
canlı oynadı ki, mən elə zənn etdim o, təcrübəli
bir aktyordur”.
Ağasadıq Gəraybəyli isə
Tahir haqqında belə deyirdi: “Tahir elə ilk gündən
çox zirək uşaq idi. Onun zirəkliyi səhnədə
gözə çarpırdı. O, məşqlərə,
tamaşalara çox həvəslə gəlirdi”.
Teatrda çox hadisələr baş verir. Tahirlə bağlı
bir hadisə isə bu günəcən
xatırlanmaqdadır. Mehdi Məmmədov Hüseyn Cavidin 100 illik yubileyi münasibəti ilə dramaturqun “İblis” tamaşasını
hazırlayırmış. Tahirə tapşırır ki, otur burda, mən
deyənə kimi yerindən tərpənmə.
Sonra necə olursa rejissorun başı başqa aktyorlara qarışır. Aradan üç
saatdan çox vaxt keçir. Rejissorun birdən yadına düşür ki, axı uşağa demişəm tərpənmə.
Gəlib
görür ki, Tahir əvvəl necə oturmuşdu, elə də oturub. Yarızarafat, yarıciddi üzünü
artistlərə tutub deyir: “Kaş bir çox yoldaşlar da Tahir kimi nizam-intizamlı,
səbirli olaydı...”.
Sadaladığımız bu faktlar “Azərbaycan pioneri” jurnalında vaxtı ilə çap olunub. O zaman Tahir ikinci sinifdə
oxuyurdu. Balaca aktyorla bağlı yazıda Tahirin sinif rəhbəri Şahnəzər müəllimin
də ürək sözləri var: “Tahir səmimi, qoçaq oğlandır. Onun istedadlı aktyor olacağına şübhə etmirəm...”
Şəhid atasının
arzusu
1972-ci il may ayının
26-da Mingəçevirdə anadan olan Tahir
Xudaverdiyev Xırdalan qəsəbəsindəki 3 saylı
orta məktəbdə
oxuyub. Sonra təhsilini Bakıdakı
10 saylı Texniki Peşə Məktəbində
davam etdirib. Uşaqlıqdan teatra, incəsənətə
maraq göstərdiyindən
Xırdalan musiqi məktəbini bitirib.
Tahir böyüdükcə arzuları
da böyüyürdü.
Tar, kamança və qarmonda gözəl mahnılar ifa edir, təhsilini
İncəsənət İnstitutunda
davam etdirmək, peşəkar aktyor olmaq istəyirdi. Amma tale onun alnına başqa rol yazmışdı...
Krımda hərbi xidmətdə
olan Tahir ilyarımdan sonra Vətənə qayıdır.
1992-ci ildə Milli Ordunun sıralarında
əvvəlcə Ağdərə
cəbhəsində düşmənə
qarşı döyüşlərdə
iştirak edir. Sonra döyüş yolu Ortakənd, Sırxavənd,
Çıldıran, Drmbon
yaşayış məntəqələrindən
keçir. Dəfələrlə ölümlə üzbəüz
dayanır, müharibənin
şiddətli döyüş
səhnələrinin şahidi
və iştirakçısı
olur.
Ağdərədən sonra Tahir Füzuli cəbhəsində
döyüşür. Bu döyüşlərin birində
- 1994-cü il aprelin 16-da Tahir ağır yaralanmış
yoldaşı Akifi xilas etmək üçün onu döyüş meydanından
çıxarmağa çalışarkən
ayağı altında
partlayan düşmən
mərmisindən yaralanıb
yerə çökür.
Dikəlmək istəyərkən
köksündən aldığı
güllə yarası
onun həyatına son
qoyur...
Üstündən
illər keçsə
də Firuz Xudaverdiyev o günləri yenə də göz yaşları ilə xatırlayır:
“Bu hadisə
aprelin 16-da baş versə də, Tahirin cəsədini aprelin 23-də gecə gətirdilər. Səhər anası
Tahiri belə görsəydi yaşaya bilməzdi. Gecə saat birdən sonra Tahiri maşın
işığında Xırdalan
Şəhidlər xiyabanında
dəfn elədik...”
Araya sükut
çökür. Firuz
müəllim qəhərini
udub deyir: “Tahiri həmişə yanımda hiss edirəm. Çünki Tahir övladım olmaqla yanaşı, 5 yaşından
18 yaşınadək biz həm
də dost olmuşuq, bir səhnədə çıxış eləmişik,
aylarla qastrollara getmişik. Tahir mənim bir sözümü iki eləməzdi...”
Tahir Vətənini, xalqını,
torpağını, sevdiyi
kimi qəlbində saf məhəbbət də gəzdirirdi. “Sevdiyi vardı.
Belə bir hadisə də olmuşdur. Tahirin üçündə bizə
xəbər verdilər
ki, iki nəfər
gəlib, Tahirin qəbrinin üstünə
getmək istəyirlər.
Öyrəndik ki, Tahirin istədiyi qız qardaşı ilə gəlib. Sonra Tahirin qəbrinin üstünə həmişə
gül qoyardı...” Firuz müəllim bu hadisəni ürək ağrısı
ilə xatırlayır...
18 ilə yaxındır ki, Firuz müəllim hər gün teatra gedəndə yol boyu Tahiri
xatırlayır, səhnəyə
baxanda Tahiri anır, qəlbindəki sonsuz kədəri gizlədə-gizlədə səhnədə
neçə-neçə maraqlı,
yaddaqalan rollar oynayır. Ömrünün
ahıl çağında
Firuz Xudaverdiyevin ən böyük arzularından biri isə elə bu səhnədə şəhid atası rolunu oynamaqdır...
...Firuz Xudaverdiyev hərdən tamaşaçı salonunda
oturub boş səhnəyə uzun-uzadı
tamaşa edir...
Təranə Vahid
Mədəniyyət.-
2012.- 18 yanvar.- S. 7.