“Dünya mənim gözlərimlə”
Gənc
rəssam Firəngiz Quluzadənin sərgisi
Yanvarın 15-də Müasir
İncəsənət Mərkəzində gənc rəssam
Firəngiz Quluzadənin «Dünya mənim
gözlərimlə» adlı fərdi sərgisi
açıldı.
Tədbiri Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov açaraq gənc rəssamların arasında peşəkarlığın artmasını müsbət hal kimi dəyərləndirdi: «Gənclərin bu sahəyə ciddi maraq göstərmələri bizi həddindən artıq sevindirir. Belə rəssamlardan biri də Firəngiz Quluzadədir. Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunun ənənələrini yaşadan bu gənc qız həm qrafika, həm də rəngkarlıq janrlarında gözəl əsərlər çəkir. İnanırıq ki, gənc rəssamın bu sərgiləri davamlı olacaq».
Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov isə gənc rəssamın əsərlərinin tədqiqat obyekti ola biləcəyini diqqətə çatdırdı: «Mənə elə gəlir ki, hər kəs uşaqlıqda rəssam olmağı arzulayır. Firəngiz xanım bu rəsmlərində həm uşaqlıq, həm də yetkinlik dövrünün duyğularını canlandırmağı bacarıb. Bu gün sərgidə nümayiş etdirilən rəsmlərin hər biri qorunub-saxlanmalıdır. Çünki onlar gələcəkdə sənətşünaslar üçün bir tədqiqat obyekti ola bilər».
Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunun müəllimləri Firəngizin zəhmətsevər tələbə olduğunu, öz sənətinə qarşı həddindən artıq tələbkar mövqe tutduğunu dilə gətirdilər.
F.Quluzadə özü isə ilk fərdi sərgisinin həyatında ən əlamətdar hadisələrdən biri olduğunu dedi: «Hələ uşaqlıqdan rəssam olmaq və fərdi sərgi təşkil etmək haqqında düşünürdüm. Elə bu arzu ilə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunun interyer-dizayn fakültəsinə daxil oldum. Əlbəttə, rəssam olmağımda atam Afət Quluzadənin də böyük rolu olub. Artıq üç ilə yaxın idi ki, fərdi sərgim haqqında düşünürdüm və nəhayət, o gün gəlib çatdı. İstərdim ki, bu sərgilər davamlı olsun».
Sonra gənc rəssamın maraqlı mövzuları əhatə edən sərgisinə baxış keçirildi.
Mehparə
Mədəniyyət.-
2012.- 18 yanvar.- S. 4.