QaraYanvarNamə
O
Gün nəyə tən? O Axşam pərşuma oxşam! O
Gecə necə gecə?!
Xitablarım yaraşıqlı günlərimizə,
işıqlı axşamlarımıza - müstəqil
gündüz-gecələrimizədir...
Xoş dəmlərimizdə “quş qanadlı” deyə təşbeh
etdiyimiz illərin o Gün, o Axşam, o Gecə
möhürlü İli “qış qanadlı” keçdi
ömrümüzdən.
Ancaq o qanlı tarixçə bizi şanlı müstəqillik
tariximizə yaxınlaşdıran ən iri və ən diri
addım oldu...
İyirmi iki ildir ki, bu barədə bütün sabiq
milli ələmlilər düşünür, mikrofonlu,
tribunalı dilidönəmlilər danışır, publi-əliqələmlilər
yazır.
Bəndəniz
də bir şahılıq karandaşını o Gecənin xəncərilə
qəddəyib, qara başını o tırtıllı hadisələrin
xatirələrilə səddləyib, bu “QaraYanvarNamə”ni
yazar olur...
Fonetik səsləniş
Bu “namə”ni yalnız elə
mütaliə etməklə kifayətlənmə, əziz
oxucum, hörmətli həmvətənlim! Sözlərin o
üzündəkiləri görməyə, duyğuların o
tayında uyuyanlara baxmağa da çalış...
Bu, tabu-tapşırıq deyil.
Görəv-göstəriş də deyil. Bu, qəlbi-qəribə,
səyi-qaibə bir göstəridir. Və daha çox, 22
yaşadək olan oxucu-“tamaşaçı”lara aiddir. Nədən
ki, burada yazılıb-“göstərilən”ləri o yaşdan
o yanaların hamısı görüb.
Deməli belə, - həyat bünövrəsi o Gecədən üzü bəri qoyulmuş şanlı müstəqil vətəndaşlar, yeni-yeni yeniyetmələr, sabahımıza hörgü uşaqlar, gələcəyimizə körpü körpələr! Deməli, siz “yanvarbryat”lar keçmiş “oktyabryat”lardan, “Sehrli xalat” filmindən tanış olduğunuz “piyanar”lardan, “qamsamol”lardan və biz “tarix-Nadir”çilərdən daha yetkin-yetkili olduğunuz üçün, inanıram ki, bu an nəsə bir şey icad eləyib, bu naməni həm də nümalayacaq, o Gecəni görəcəksiniz də...
Heç də təəccüblənməyin ki, iyirmi iki il öncəki o müsibətin passiv şahidliyində sizi də - o vaxtın uşaqlarını, körpələrini, hətta, hələ “bətn” vətənində olanları belə, istisna etmirəm.
Bəli, o Gecənin dəhşət-vəhşət payından hələ Anadan Vətənə gəlməmişləriniz də dadmışdı və mən bir az da o “bətndaş-qarındaş” qardaş-bacıların xatirinə bu icad-“görmə” ixtiranızın arzusundayam.
Bu gün 22 yaşı tamam olan o qara, o yara, o dinsiz, imansız, qansız Gecə elə qanlı-qadalı idi ki, onu yalnız canlı yayım kimi yazıb-yozasan gərək. O gurultu-guppultulu, ölüm-itimli, ağrı-iniltili Gecənin reportajını yalnız sözün öhdəsinə buraxmaq olmaz; gərək bu görəcək mənzərəyə göz də göz olsun...
Canlı yazı-yayım nə qədər müşkül olsa da, bu işə ürəklə qol qoysaq, alınacaq. Qoy lap hərdən üslubi xəta, gözqırpımı yayınma, xəyal-keçidlərdə ötürmələr, yanlış-yanılmalar da olsun, neynək. Təki o Gecə barədə olan bu bir səhifə-süjeti canlı-qanlı canlandıra bilək.
“Rejissor”umuz “Arzu Hamılı”dan xahiş edək ki, söz-gözümüzdəki hüzn-kədər sovuşanadək fonda şaqraq bir musiqi parçası səsləndirsin - o Gecənin hərb “simfoniya”sının acığına!
Hə, budur, Qara Qarayevin “İldırımlı yollarla”sından adaljio-rəqs!
“Səs operatoru”muz “Azad Müstəqilli” bizi aldı; bu sənət atəşini astaca-ustaca yığıb, “sözü” avtomat, pülemyot və tank-toplardan qopan siyasi-texniki atəşlərə verdi.
Hə, başlayaq yaza-yaza baxmağa, görə-görə yazmağa:
Salam, məşəqqət
və məşəl Gecə!
Axşamın xeyir, ah(!)-ax(!)şam! Bizi qırmızı yalan-yamanlardan qurtarası ağ şamın qutlu, 19 Yanvar Axşamı! Zülmətindən zülm tökülən, ciknəsindən qulaq tutulan vəhşi Gecə, qəzan mübarək! Səhərədək yuxusuz, zirzəmilərinədək sükutsuz, zifafınadək sevgisiz, toysuz, musiqisiz, yaradılıcıqsız, mədəniyyətsiz Gecə! Sənin pələ qulağına yoz-boz cürə sözümüz, təpə gözünün içinə bir sürə alçı baxışımız var!
Bizim qanlı və şanlı Gecəmiz, o nədir elə - “qəhrəman sovet ordumuz”un saldatları Biləcəridən “Şamaxı yolu”na qalxa-qalxa çəkmələrini... yox, yox (bu söz incə-mincə səslənir), sapoqlarını niyə belə taqqıldadırlar asfalt üstündə?! Onların qarşısına əliyalın çıxan bu gənclərə - xəbərdarlıq etmədən - nədən atəş açırlar?! Qaçıb ağaclar arxasında daldalanmaq istəyən o yeniyetmənin qarasına bütöv bir avtomat darağı boşaltmaq “ayıb” deyil-deyil, bəs, bircə nəfər “sovet balası”na 60 patron boşaltmaq “hayıf” da deyil?!.
“XI Qızıl
Ordu” (“Qızıl”a bax, a! Özləri “qırmızı” - “krasnoe” deyirdilər, biz isə qızıl!)
meydanı... Hə, “XI Qızıl Ordu” meydanında “təcili yardım” maşınından düşüb,
yerdə çapalayan
nəhəng gövdəli
bir cavana yaxınlaşan bu gənc şəfqət bacısının böyür-başına
bu qədər güllə yağışı
yağdırarlarmı, ay Qobsek
Gecə?! Bu qədər
zərif, bu qədər zəif, ağbəniz, aybəniz qızcığazı, bu
sayaq humanist xanımı
bir belə yağır-bağır etməkmi
olar, ay qarabəniz Gecə?!
Sübh tezdən Prezident
Aparatı binası qarşısına toplaşan
xalqın üstünə
şığıyan bu
BTR-in qabağına atılan
bu cavan - “Çkalov (!) küçəsi aşağı
sürütdürülən bu qəhrəman kimdir, belə? Hər qəzet səhifəsindən hər
varağa “humanist” bir ölkə təpədən
dırnağa cumanist-total
texnikası ilə öz vətəndaşını
“poçemu” belə motal kimi yumbalayır?..
Dəmir yol vağzalında
gecələmiş bu
gülsatan oğlan asfalt üstündə qərənfil-“qələm”lə
nə yazıb? “Elnən gələn
vay”? Bəs “toy-bayramdır” sözləri
hanı? Həə...
“iş başında”
güllələndiyinə görə fikrini tamamlaya bilməyib... Bu, bitkin bir əsər, əsri bir dram deyilmi, tragediya Gecə?! Xalqı ruhdan düşməməyə çağıran
“yarımçıq” meydan
epopeyası!..
Gəl, bunların əvvəlki “həmkarlarını” da xatırlayaq, müdhiş
və mübarək Gecəmiz! Aha, “icad” rejissor-operatorlarımız bizi
aldılar; Soltan Hacıbəylinin “Karvan”ını
səsləndirdilər.
Gəl, səndən düz 70 il əvvəl “parlaq” süngülərlə
Bakıya soxulan “XI qırmızı ordu”nun zireh-qatarını xatırlayaq.
Cəllad qələmindən
çıxmış “37”li, “ÇK”lı, “NKVD”li repressiv sürgün-sibirləri...
Cavidləri, Müşfiqləri
aparan gecələri, gündüzləri, axşamları,
səhərləri, vaxt-bivaxtları
yada salaq, mənhus Tiranlıq və möhtərəm Azadlıq Gecəmiz! O illərin qırmızı
şüarlarından kor,
güllə-baranlarından kar Gecəmiz!..
Qulağını
bəri elə, bizim də beş-üç
şüarımız var. Bir
Vətənlik faciəmizə
bir millətlik öygülərimiz var...
Hə, “musiqi tərtibatçımız”
“Özgür Məmləkətli”
valı dəyişdi
- Fikrət Əmirovun
“Azərbaycan kapriççiosu”sunu
gurlatdı!
...Gün aydın, güllə çilçırağına tutulmuş Azadlıq Gecəsi! Sənin o zil qaranlığında,
buz qoynunda elədən-belə, belədən-elə
çovuyan o işıldaquş,
o bayquş güllələr
olmasaydı, bu xalq ayağa daha cəsarətlə qalxmaz, əsarətdən
daha tez qurtulmazdı. Heç
biz özümüz də
bu - bir sözü bəd, bir sözü şad yazımızı,
bir gözü ağlar, bir gözü gülər baxımızı heç
bir senzordan, redaktordan keçirə bilməzdik!
Keçmiş
ola, - öncəsi
yara-qalmaqallı, nəticəsi
istiqlallı Gecəmiz!
İllər uzunu sinəni istehsalat orden-medalları ilə bəzəyən o Mərkəz
o Gecə o əlvan metalları al-qırmızı
qurşunlara çevirib,
sənin üstünə
çilədi! Amma itirən o - məsafəcə
uzaq, “böyük qardaş”lıqca “yaxın”
Mərkəz oldu, qazanan isə bu “ucqar” - Azərbaycan!..
Sən böyük bir milli dövran olacaqsan, yetmiş illik müstəmləkəliyin
sonuncudan əvvəlki
ləkə Gecəsi!
“Pəpə” yeyəndən,
“məmə” deyənə
qədər hamı -
o “Rəzillik Orkestri”nin yoğurub-doğurduğu
ən kütləvi qətliam marşından sonra əzəmətli “Müstəqillik Simfoniyası”
ifaçılarına çevriləcək...
Bir baxın, sürücülər
maşınlarını zirehli
qan-qadalar üstünə
sürürlər. Təbiblər xalqın əsl həbibinə çevrilirlər.
Şəfqət bacıları “Aslanın
erkəyi-dişisi olmaz”
zərb-məsəlinin mülki-hərbi
abidəsini yaradırlar.
Oğrular, cibgirlər belə,
bütün gecə uzunu ciblərə, çantalara yox, sir-sifətlərə baxıb
məna cilir, anlam oğurlayırlar.
Və yəqin hələ Sənin “qırx”ın, bəlkə
də “il”in çıxanadək əllərini
dinc qoyub, mayalarından yeyəcəklər...
Sən ən maarifçi gecə olacaqsan, Universitet Gecə! Sən uzun illərin semestr imtahanlarına tutuquşu cavablar vermək zorunda qalan bu tələbə
xalqı əsl dövlət-dövlətçilik imtahanına çəkəcəksən.
Milli dövlət imtahanına “göndəriş”lədiyin
bu tələbə-xalq
1991-ci ilin 18 oktyabrında
- əsasən sənin
hesabına - əla-ali
qiymət alaraq, bütün universitetlərin
fövqündə dayanan
Müstəqil Milli Şərəf Universitetini
bitirib, “öz əli, öz başı” dövranına
qədəm qoyacaq!
Sən ən dini, ən
mömin, şəhid-şühəda,
qazi-mücahid meydanısan,
Tanrısal Gecə! Bax, məlum və “məşhur” allahsızlıq
dövranının təbliğatına
uyanlar belə, sənin bu zülüm-zülmət
qaranlığında əllərini
göylərə qaldırıb
dua edirlər, millətə nicat diləyirlər. Süfrələri
həftələr-aylarla ət
görməyənlər xeyir
işlər üçün
saxladıqları toy toğlularını
belə kəsib, Sənin mübarək şəhidlərinin ruhuna
ehsanlar verəcəklər...
Sən həm də bizim ən siyasi-elitar
anımızsan, ictimai
anlaq Gecəsi! Bütöv bir millətin açıq havada toplanmış Milli Məclisisən; hər kəs özlüyündə
bir millət vəkilinə çevrilir
bu anlar. Hər kəs öz qafasında, düşüncəsində qərarlar
qəbul edir və öz ürəyində, öz qəlbində onların icrasına başlamağa
başlayır...
...Belə. Əvvəli qaranlıq, sonu işıqlı Gecəmiz! “QaraYanvarNamə”
yazarlığımız və
“tamaşa”çılığımız
burda bitir. Adətən,
naməyə cavab gözlənər. Amma
Sən narahat olma, mənim 22 yaşlı Milli Gecəm! Sən 20 ildir ki, bu cavabı vermədəsən. “Mən
müstəqil ölkə
vətəndaşıyam!” qürurumuzdan, çilçıraqlı
paytaxtımızdan, artıq
21 yaşına adlamış
gənc və qoca, qədim və yeni, hər
gün bir ləçək də çiçəklənən Azərbaycanımızdan
ibarət bir cavab...
“İcad”-P.S.
Ötən (“Öncəgörmə”-monoloq”dakı) “Psixo-P.S.”də
yazmışdım: “ardı
gələn sayımızda”,
burda isə qeyd edirəm: fotolar növbəti (son) səhifəmizdə...
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 20 yanvar.- S. 15.