Aşıq
Pərinin azad ruhu
Haqq
aşığı
Görkəmli alman şərqşünası Adolf Berje 1867-ci ildə Leypsiqdə nəşr etdirdiyi “Məcmuəyi-əşari-şüərayi-Azərbaycan” adlı məcmuədə yazırdı: “1829-cu ilin axırlarında Araz çayı sahillərində uzanan Maralyan kəndində 18 yaşında bir qız zühur etdi. Eşidilməmiş bir gözəlliyə malik olan bu qız Aşıq Pəri idi...”
Azərbaycan qadın aşıq sənətinin banisi sayılan Aşıq Pəri 1813-cü ildə Cəbrayıl qəzasının Maralyan kəndində anadan olub. Aşıq Pəri şeirlərinin birində doğma diyarını belə tərənnüm edirdi:
Pərinin dərdi tüğyandır,
Sakin yeri Maralyandır,
Gülüm qönçəsində yandı,
Bülbüllər
əfqan eylədi.
Deyilənlərə görə, Aşıq Pərinin atası xırda alverlə məşğul olduğundan ona el arasında tacir Hacı Sayad deyərlərmiş. Pərinin anası Gülüstan xanım isə zəmanəsinin mütərəqqi fikirli qadınlarından biri olduğundan, Pəri kiçik yaşlarından ruhani təhsili alır, ərəb-fars dillərinə dərindən bələd olur. Qarabağ aşıq məktəbinin nümayəndələrindən biri - Məhəmməd bəy Aşiqdən aşıq sənətinin sirlərini öyrənir. O dövrdə geniş yayılmış “Vəlican”, “Nağılkəsməşikəstə”, “Güllü qafiyə”, “Qara qafiyə” saz havalarını cürə sazda çalmağı ustadından öyrənir. Pəri saz çalıb-oxumaqla yanaşı, məclislərdə bədahətən şeirlər deyər, qeyri-adi istedadı, azad ruhu, azad fikirləri ilə hər kəsi heyrətləndirərdi.
Görkəmli alman şərqşünası Adolf Berje daha
sonra yazır: “...Onun
deyişmələri, hazırcavablıqla dediyi
şeirlər diqqəti cəlb edirdi. Öz dövrünün
istedadlı şairləri ilə deyişmələrdə həmişə
müvəffəqiyyət qazanardı. Heç
kəsin ona qalib gəlməsinə
imkan verməzdi”.
Can içində
mən bu canı neylərəm,
Ləli-Yəmən,
bədəxçanı neylərəm,
Xanı, bəyi, mən paşanı neylərəm,
Pəriyəm, eylərəm dualar
sənə.
Aşıq Pəri aşiqanə
lirik şeirlər yazar, saf məhəbbəti,
ana təbiəti, ülvi insan hisslərini özünəməxsus
ustalıqla tərənnüm
edərdi. Odur ki, həyatilik və səmimilik Aşıq Pəri şeirlərinin əsas xüsusiyyətlərindəndir.
Dad eylərəm
haray naşı əlindən,
Yandı ciyər eşq atəşi əlindən,
Mən nə deyim gözüm
yaşı selindən
Ürküşür sonalar, göllər
oyanır.
Tanrı Aşıq Pərini
sanki Qarabağ ədəbi mühitinə
düşünülmüş şəkildə göndərmişdi.
O, həm zahiri gözəlliyi, həm istedadı ilə Qarabağ ədəbi mühitini öz ətrafında cəmləşdirmiş,
sazla-sözün işığında
onları valeh etmişdi.
Böyük ədəbiyyatşünas alim
Firudin bəy Köçərli 1903-cü ildə
yazırdı: “Özünün
ağıl və istedadı ilə çoxlarında heyrət
doğuran gözəl
və gənc şairə Aşıq Pəri ozamankı savadlı, təhsil görmüş ədəbi
simaların diqqət mərkəzində dayanırdı”.
Aşıq Pəri müasirləri Məhəmməd
bəy Aşıq, Cəfərqulu ağa Nəva, Əsəd bəy və başqa neçə-neçə
dövrünün görkəmli
sənətkarları ilə
yaxın dost olmuş,
onlara şeirlər həsr etmişdir.
Aşıq Pərinin şeirləri
XIX əsrin ortalarından
ədəbiyyatşünasların diqqətini cəlb etmiş, bütün təzkirə və ədəbiyyat müntəxəbatlarında
şairənin şeirlərindən
nümunələr verilmiş,
adı iftixar hissi ilə çəkilmişdir. 1856-cı
ildə Nesesov Teymurxanşurada - indiki Şimali Qafqazın Buynaksk şəhərində
çap etdirdiyi “Məcmueyi-Vaqif və müasirani-digər” adlı
məcmuəsində Aşıq
Pəri yaradıcılığından
söz açır.
Mir Möhsün Nəvvab,
Salman Mümtaz, Əliabbas Münzib, Əzizə Cəfərzadə,
Sədnik Paşayev və başqaları Aşıq Pərinin yaradıcılığı barədə
dəyərli fikirlər
söyləmişlər.
Aşıq Pəri çox
yaşamamış, təxminən
1848-ci ildə, 37 yaşında
dünyasını dəyişmişdir.
Bir dilbər pəriyə Pəri qan ağlar,
Çəkilib
sinəmə düyünlü
dağlar,
Ölübdür
bülbülüm, lal
olub dağlar,
Saralıb, savılıb güllər,
ağlaram.
İllər, qərinələr keçsə də, aşıq sənətinin
gözəl Pərisi
Qarabağın bir parçası kimi ruhumuzda, yaddaşımızda,
tariximizdə yaşayacaq,
onun zərif duyğuları zaman-zaman aşıq şeirini bəzəyəcək.
Təranə Vahid
Mədəniyyət.- 2012.- 20
yanvar.- S. 14.