20 Yanvar tariximizin qanlı və şanlı səhifəsidir

 

20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da silsilə tədbirlər keçirilir.

Mədəniyyət müəssisələrində keçirilən xatirə gecələrində tariximizin qanlı və şanlı səhifəsi olan 20 Yanvar faciəsi barədə söhbət açılır, yaradılan guşələrdə həmin faciəni əks etdirən kitablar, qəzet yazıları və fotoşəkillər nümayiş olunur.

Yanvarın 17-də Astara Rayon Mərkəzi Kitabxanasında qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar xatirə gecəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov açmışdır.

Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Nazim Fərəməzov 20 Yanvar qanlı faciəmiz, həm də şanlı tariximizdir mövzusunda məruzə etmişdir. Məruzədə 20 Yanvar faciəsinə gedən yolun mərhələlərindən, azadlıq uğrunda aparılan mübarizədən, SSRİ-nin rəhbəri, ermənilərə havadarlıq edən M.Qorbaçovun fərmanı ilə Bakıya - dinc əhalinin üstünə qoşun yeridilməsindən söhbət açılmışdır.

Qeyd olunmuşdur ki, xalqımız bu faciədən sarsılmayaraq azadlıq mübarizəsi yolunu davam etdirmiş, 1991-ci ilin oktyabrında müstəqilliyə qovuşmuşdur.

Məruzədə həmçinin qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış etmiş, faciə ilə əlaqədar xalqımıza başsağlığı vermiş, respublikaya rəhbərlik edənlərin səriştəsiz fəaliyyətini tənqid etmişdir.

Xatirə gecəsində Rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru, UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının üzvü Əfqan Şəfiyev, kitabxanaçı-şairə Sakitə Əliyeva, rayon MKS-nin direktor müavini İlyas Məmmədov, metodikabiblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova, Astara qəzetinin baş redaktoru Sakitağa Kərimov çıxış etmiş, 20 Yanvar faciəsinin heç vaxt unudulmayacağını, şəhidlərin xatirəsinin daim əziz tutulacağını bildirmişlər.

 

Natəvan Mədətzadə,

Astara Rayon Mərkəzi

Kitabxanasının əməkdaşı

 

Mədəniyyət.- 2012.- 20 yanvar.- S. 12.