Daşlara hopmuş tarix
XIX əsrin
sonu - XX əsrin əvvəllərində Bakı
memarlığı
Şərqlə
Qərbi qovuşduran Azərbaycanda hər iki sivilizasiyaya məxsus
mədəniyyət elementləri əksini tapıb. Bu elementlər
özünü memarlıqda da büruzə verir. XIX əsrin
sonu - XX əsrin əvvəllərində Bakıda neft bumu ilə
yanaşı, tikinti də vüsət almışdı.
Nəticədə bu gün də
öz möhtəşəmliyini qoruyub saxlayan, dünyanın
ən müxtəlif memarlıq üslublarına xas tikililər
meydana gəldi. Bakının mərkəzində vaxtilə
neft milyonçuları tərəfindən tikdirilən,
yaşı bir əsri ötmüş bu möhtəşəm
binalar illər keçməsinə baxmayaraq öz cazibədarlığını
qoruyub saxlayıb.
Qotik üslubda yeganə yaşayış mülkü
Neft sənayesinin surətli
inkişafı yerli və Avropa sənayeçilərinin
Bakıda təmərküzləşməsinə təkan
verdi. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi
Əsədullayev, Murtuza Muxtarov, Nuru Əmiraslanov, Teymur bəy
Aşurbəyov, İsa bəy Hacınski, Hacı Mustafa Rəsulov,
habelə Nobel qardaşları, Rotşild, Şibayev və
başqalarının neft səhmdar cəmiyyətləri
meydana gəldi.
Qeyd edək ki, bu dövrdə
inşa edilən tikililər haqqında mütəxəssislər
tərəfindən müxtəlif fikirlər səslənməkdədir.
Onlardan bəziləri bu tikililərin Şərq və Qərb
elementlərini birləşdirdiklərini desələr də,
digər qisim ekspertlər bu nümunələrdə milli
memarlıq elementinin olmadığı qənaətindədirlər.
Memarlıq doktoru, professor Nəriman Əliyev XX əsrin əvvəlində
Bakı milyonçuları tərəfindən ilk dəfə
Azərbaycan memarlığına Avropa memarlıq elementlərinin
gətirildiyini deyir: «Həmin dövrdə Bakı
memarlığında polyak memarlarının xüsusi rolu
olub. Məsələn, Bakıda qotik üslubda tikilən ilk
binanın memarı polyak Yozef Ploşko olmuşdu. Bu,
milyonçu Murtuza Muxtarova məxsus mülk, indiki «Səadət»
sarayıdır. Adətən Avropada qotik üslubda ictimai binalar,
kilsələr tikilib. Həmin dövrdə Bakıda inşa
edilən binaların memarlıq üslubuna gəlincə,
onların zahiri görünüşündə milli
memarlıq elementləri mövcud deyildi. Bakıya qazanc
dalınca gələn xeyli sayda mütəxəssis
binaları sırf Avropa üslubunda inşa edirdi».
Bakı Avropa şəhərinə çevrilir
Bakı memarlığında Avropa
üslubunun bərqərar olması ilə yanaşı, fasad
memarlığında yeniliklər meydana gəldi. Məsələn,
əgər həmin dövrə qədər yerli ustalar şəhər
binalarının fasadlarını Şərq ornamentləri ilə
bəzəyirdisə, artıq bu zaman müxtəlif fiqurlar, hətta
insan-məlaikə fiqurları işlənməyə
başladı. Qeyd edək ki, ümumilikdə müsəlman
Şərq memarlığında olduğu kimi, Azərbaycan
memarlığında da uzun illər insan təsvirlərinə
tabu qoyulmuşdu. Amma Azərbaycanın yeni burjuaziya təbəqəsi,
bir-biriləri ilə rəqabət aparan milyonçular bu
tabunu da aradan qaldırdılar. Həmin dövrdə
İtaliyadan gələn daşyonan ustalar yerli ustalara fasad
üzərində müxtəlif heyvan, insan fiqurları
yonmağı öyrədirdilər. Beləliklə, Bakı
milyonçularının mülkləri üzərində
şir, qartal, əfsanəvi varlıq, insan başı
dekorları vuruldu. Maraqlıdır, bu fiqurlar sadəcə bəzək,
yoxsa rəmzi xarakter daşıyırdı? Memarın
bildirdiyinə görə, bu fiqurlar mülkə yaraşıq
verməklə yanaşı, həm də rəmzi məna kəsb
edib: «Məsələn, əfsanəvi varlıq olan məlaikə
fiqurunu yonmaqla memar binanın sahiblərinə xoşbəxtlik
arzu edir. Bu o demək idi ki, məlaikə ev sahibini qoruyur, himayə
edir. Bu rəmzlər özlüyündə bir yenilik deyildi.
Azərbaycan milli sənətkarlığında da buna rast gəlinib.
Götürək Azərbaycan xalçaları üzərindəki
əjdaha şəkillərini. Bu
özü-özlüyündə qüvvət ifadəsini
ehtiva edir. Məlaikə də qoruyan mələk obrazında
çıxış edirdi. Şir, qartal dekorları da
xüsusi bir məna daşıyır. Avropa memarlıq
üslubuna daxil olan fasadlarda fiqurların yonulması o zaman
Bakıda o qədər genişləndi ki, demək olar ki, bir
sıra Avropa şəhərlərini geridə qoymuşdu».
Memar söhbət əsnasında
maraqlı bir məqamı da diqqətə
çatdırdı: «Bakı milyonçularının
tikdirdikləri mülkləri gəzərkən onların hər
birində Şərq üslubuna malik otaqlara rast gəlmək
olur. Buradan da bəlli olur ki, Azərbaycan
milyonçularının Avropa üslublu binalar tikdirmələrinə
baxmayaraq onun daxilində Şərq-Azərbaycan memarlıq
üslubuna da yer verirdilər. Həmin otaqların tikilməsinə
yerli mütəxəssisləri də cəlb edirdilər. Əlbəttə,
bu da yüksək mədəniyyətin olmasına və yerli
xalqa hörmət əlaməti idi. Maraqlı burasıdır
ki, xaricilər də sonralar Azərbaycan milli
memarlığının xüsusiyyətlərindən istifadə
etməyə, məsələn, şəbəkələrdən
faydalanmağa başladılar.
Xaricdən gələn sənayeçilər
və inşaat üzrə mütəxəssislərə gəlincə,
onları bura böyük qazanclar cəlb edirdi».
Qərbdən
Şərqə
Xaricdən dəvət olunan
memarlar arasında xüsusilə Bakının quruculuğuna təkan
vermiş Adolf Eyxler, Ferdinand Lemkul, Nikolay fon der None, Pyotr
Ştern, İosif Qoslavski, Kazmir Skureviç, Yozef Ploşko,
Yevgeni Skibinski, Konstantin Borisoqlebski kimi görkəmli
memarların adını çəkmək olar. Onlar daha
çox şəhəri gözəl binalarla zənginləşdirməyə
çalışan yerli neft milyonçularının
sifarişləri əsasında
çalışırdılar. Təsadüfi deyil ki,
milyonçu Kərbəlayi İsrafil Hacıyev Bakı Şəhər
Dumasında çıxış edərkən demişdi:
«Bakı neftinin istismarından böyük mənfəət əldə
edən avropalı neft sənayeçiləri bu istiqamətdə
heç bir şey etməmişlər».
Nəriman Əliyev bildirir ki, XIX əsrin
ikinci yarısında dünya memarlıq sənəti müstəqil
xarakter daşımağa başlayır və bu sahədə
müşahidə olunan səthi görüntülər əsas
meyara çevrilir: «Memarlıqda belə xarici dekorativ istiqamətə
retrosspektivizm deyirlər. Bu da tarixi və milli ənənələrlə
təsəvvürlər yaradan əski üsullara
üstünlük vermək deməkdir. Bakının sürətli
inkişafı məhz eklektizm və üslublaşdırma
dövrü ilə bir vaxta düşür. Yeni ideyalar
Bakıya çox tez , yeni inşaat materialları və konstruktiv
təkliflər ilə bərabər gəlib
çatırdı. Beləliklə, Azərbaycan paytaxtı
Avropa şəhərinə çevrildi».
Lakin zaman keçdikcə Şərq
üslubu yenidən öz yerini almağa başlayır.
Çünki şəhərin memarlıq və
inşaatında əcnəbilərlə yanaşı, yerli
memar və ustalar da əhəmiyyətli rol oynadılar.
Qasım bəy Hacıbababəyovun, Məşədi Mirzə
Qafar İsmayılov, Zivər bəy Əhmədbəyovun,
Hacı bəy Axundov kimi yerli memarlar zəngin Şərq
elementlərindən istifadə etməklə binalar inşa etməyə
başladılar. Bu sırada ustaların da əməyi əvəzsiz
idi. Bunların sırasında Əmircan kəndindən ustad Kərbəlayi
Əhmədi, ustad Məlik və başqalarını göstərmək
olar. Memar Zivər bəy Əhmədbəyov tərəfindən
tikilən “Təzəpir” məscidinin inşasında ustalar Kərbəlayi
Məcid və Kərbəlayi Sadıx, bənnalar Hacı Abbas,
Hacı Xeyrulla və Məmməd Xəlifə, daşyonanlar
Soltan Ağayev və Salman iştirak ediblər.
Yuxarıda qeyd etdiyimiz kimi, Qərbdən
gələn memarlar getdikcə Şərq və ya yerli
memarlıq elementlərindən faydalanmağa başladılar.
Məsələn, Bakı memarlığında böyük
rol oynayan Y. Ploşko qotik və modern üslubunda evlər
tikdikdən sonra yerli memarlıq mövzusuna müraciət etməyi
qərara aldı və 1912-ci ildə polyak mənşəli
Rilski qardaşlarının sifarişi ilə yerli memarlıq ənənələrinə
uyğun bina tikdi. Beləliklə, zaman keçdikcə
Bakıda yenidən Şərq memarlıq üslubu bərqərar
olurdu.
Neft bumunun yadigarı olan bu tikililərə
gəlincə, onlar təkcə memarlıq abidəsi kimi deyil,
həm də bütöv bir əsrin daşlara hopmuş tarixi
yadigarıdırlar.
Mehparə
Mədəniyyət.-
2012.- 20 yanvar.- S. 11.