İnanışdan
aldanışa
“Al-kırmızı”
yalanların “yeşil” Nazimi...
Adamın heç inanmağı gəlmir
ki, bu qədər həqiqi,
doğal istedad və
fəhm sahibi olasan və
o qədər total yalanlar talantına - sovetlərə bir belə inanmış olasan...
Bu
aldanışa inanmırsan və əlbəəl də özün öz şəkkaklığını
dəbbələyirsən ki, əgər
sən bu qədər illər keçəndən
və bu yaş-başdan
sonra bu qənaətə
gəlibsənsə, bəs o yeniyetmə
neyləyəydi? Axı, Böyük
Oktyabr Sosialist
İnqilabının qalibiyyət gurhagur və
vurhavurunda o “urra!”lara inanmış
fağırın vur-tut, onbeşcə
yaşı vardı...
Dörd ildən
sonra - on doqquz yaşında olan bu oğlan öz
doğma, “karı memleketi”nin “vur ha!”
haykırtılarını “ura!”
çığırtılarına çevirmiş
Rusiyaya gəlir. Yad səslər,
boz sifətlər, hələ “net”-“yest” kəlmələrindən
başqa heç nə
anlamadığı danışıqlar dairəsində oturub-durub, durub-oturub “yeşil-yeşil hatireler”ə dalır...
O vaxt
hələ onun “Gülhane
parkında ceviz ağacı” olduğunu duyurmasına çox
qalırdı. Hələ gözləri önündə, bizim qara “20 Yanvar”dan səksən səkkiz
il əvvəlki bəyaz 20 yanvarı -
1902-ci il sənəsindəki doğumundan üzübərini
sinemalayırdı. Sonralar “Karlı-yamur
Aralıkında - igirmi
çamur karalıkında douldummu, anneciyimdən” - deyə qələmə
alacağı günlərdən üzü
bu yanaları yana-yana
duyğu-xanalayırdı. Xatirələrindəki - iki il öncə İstanbul Hərbi Dənizçilik Məktəbindən
qovulma “dayanacağına” yetəndə həm
kədərlənir, həm sevinirdi.
Birinci hissin səbəbi
o idi ki,
onu Türkiyənin işğalı əleyhinə
yazdığı şeirə görə qovmuşdular.
İkincinin - yəni sevincinin
hədəfi isə bir qədər şəxsi
və sentimental duyğulara
bağlı idi; onsuz da o, nə vaxtsa
dənizçilikdən çıxıb, poetik
dəryaçılığa baş
vuracaqdı. Amma bu, onu qəriblikdə çulğamış əcaib-qəraib
xatirələrin arzu “fəsli” idi. Bolşevik həmsöhbətlərindən
birinin “Nu, srazu nostalqiya?!” sözü olmasın, o,
ötən on doqquz ilin əzab “lirə”lərini bu
“rubl” məkanında xərcləyib qurtara bilmirdi. Doğum beşiyi Salonikidəki
ev-eşiyində nə yatmışdı ki,
nə də rahatlıq yuxuları görəydi?! Zadəgan
ailəsində doğulsa da,
dükan-bazarlarının bu tayı
kasıblıq, küçələrinin o
tərəfi dış, məmləkətinin çox
parası işğalçılar nəzarətində, məlumat-informasiya
qələmi düşmən əlində...
Burası Vatan, orası şeytan!..
Hə, “Burası İstanbul.
Taşları, divarları geçmiş,
nüfusu eski,
başkanları tepki...” Bəs nə etməli?
Bu “lal” sualdan qutsal qurtuluş: milli azadlıq
uğrunda çarpışan Anadoluya getməli! Bəs - hər sözünə
qəzavat, hər şeirinə bir həbs
gözləyən bu gənc - bəs buradan haraya, Anadolu?! Sənin kimi ayaqlar altında qalan bəyaz
bir məmləkətdən başdan-başa yalan bir ölkəyə - Rusiyayamı?! Axı, bu yalan “...şair
sözü, əlbəttə,
yalandır” doğrularından çox uzaq idi, ey
“emirgenliyini sümürgenlere
satan” və hələ Mustafa
Kamala hamilə Vatan!..
Aldanış-gəlişindən bir il sonra
Nazimi Moskvada Şərq
Zəhmətkeşləri Kommunist
Universitetinə qəbul edirlər. Bu ucaboylu, şirindilli türk balası
qırmızı-qırmızı sovet
yalanları, sarı-sarı rus
qızları əhatəsinə düşür.
Kreml hesab edir ki, “Xikmet”
özünü yağ
içində böyrək kimi hiss edir, Hikmətin kəndi
duyğuları isə yağı əlindəki Bamsı Beyrək
timsalında his verir.
Qələmi nə qaralasa da,
qəlbi Vətən dərdi namələyir.
1924-cü ildə Türkiyəyə
qayıdır. SSRİ-dəki “bolşe”
fısqırıqlardan havalanmış inqilab
ladlı qəzet və jurnallarda
(“Oraq-çəkic”, “Aydınlıq”) Lenin
ideyalarını vəsf edən məqalə və bədii
nümunələrlə çıxışlar edir. Həmin orqanlar tezliklə
bağlanır və Nazim təqib olunur. 1925-ci ildə “qiyabi”
olaraq on beş illik həbsə məhkum
edilən iyirmi üç
yaşlı bu “səyyari-cəlayi-Vətən”
yenidən gizli şəkildə SSRİ-yə
keçir.
Türkiyə qoxusu
tamarzılığına dözə bilməyən şair Bakı ilə əlaqələr qurur. “Tez-tez” arzusuna imkan-icazə verilməsə də, “gec” - lakin güc
görüşlərə nail ola bilir. 1928-ci ildə burada “Günəşi içənlərin türküsü” adlı ilk
şeirlər kitabı nəşr olunur. Sonra - zamanın siyasi “37”
“nəşr”indən bir il
keçmiş - “yeniləşən
Bakı”da da duruş
gətirə bilməyən şair yenidən
Türkiyəyə qayıdır və 1938-ci ildə həbsə
alınır. Lakin, iştə və “iş”də heç
bir dəlil-sübut
tapılmadığından, səkkiz ay sonra azad edilir
(Türk kommunistlərini mübarizəyə
səsləyən “Gecə gələn teleqram”
adlı şeir toplusuna
görə beş illik
həbs cəzası da bir
ildən sonrakı amnistiyaya düşmüşdü). Amma bu acı taleli şairin qazamat-qəzavat
serialları, acı bağırsaq kimi,
uzandıqca-uzanırdı. Qısaca ifadə etməli olsaq; hər yeni kitabdan sonra yeni həbs...
Həbsxana
zülümdarlıqlarını qınamaqla yanaşı, qeyd edilməlidir ki, onun yaradıcılıq məhsuldarlığının
əsası məhz bu məkanlara aiddir. O, məşhur “İnsan
mənzərələri” epopeyasını, “Məhəbbət
əfsanəsi”, “Yusif və Züleyxa” pyeslərini, “Həbsxanadan məktublar”
silsiləsi və digər əsərlərini məhz həmin
“cənnət”-məkanlarda yazmışdır. Bütün
altmış bir illik
ömründə, bəlkə də 28 gün
və ya uzağı, iyirmi
səkkiz ay xoş gün görməmiş şair
hakimin iyirmi səkkiz il dörd ay
müddət-möhnətli həbs qərarını dinləyərkən,
deyilənə görə, “evet-evet” kəlmələrindən
başqa, heç bir söz söyləməmişdir.
Və bu kəlmələrin - sonralar oğlu haqqında
yazacağı (əslində, bozlayacağı!..) “...Memet, Memet...”
sızlartıları ilə qafiyələnməsi o vaxtlar məni, bəlkə
də onun milyonlarla oxucusundan bir bal daha çox
zəlzələləmişdi! Bu titrətməm
o vaxta qədər davam etdi ki,
sonralar 1950-ci il
xronikasında belə bir informasiya
ilə də tanış oldum: “Mütərəqqi
dünya ictimaiyyətinin tələbi ilə
Türkiyə hökuməti N. Hikməti azad
etməyə məcbur olmuşdur”.
Həmin vaxtlar
Türkiyənin siyasi məşhurlarından
biri Nazim Hikməti
hamıdan çox dirildən bir kəlam da doğub-doğurubmuş ki,
bununla da sonralar tanış oldum:
“Mən bu dahi əfəndimizi
öz əllərimlə boğub
öldürər, sonra da...
məzarı üstündə hönkür-hönkür
göz yaşları axıdardım!..”
Yalanpış (bəlkə
də, Marks demişkən, hələ
zamanı yetişməmiş) “kommunizm”ə dair
yanlış düşüncələrinə görə ölüm cəzasına məhkum edilib, dərhal da
ağı-ağlama aministiyası ilə təltif edilən bu göylər gözlü,
div cüssəli, başıbəlalı
əfəndi sağlığında da,
fiziki yoxluğunda da Türk, Azərbaycan və
dünya ədəbiyyatında, ictimaiyyətində
yüzlərlə aforizmə, minlərlə nəqli-əqli fikir və düşüncələrə səbəb
olub. Deməli -
Nazimin
düşüncələri...
Nazim
düşüncələrdə...
Nazimin əsas düşüncələri ssenaristi
və ədəbi materialçısı olduğu
kinofilmlərdə (“Bir məhəlləli
iki oğlan”, “Məhəbbətim,
kədərim mənim”, “Sevdalı bulud”,
“Yaşamaq gözəldir,
qardaşım!”), pyeslərində (“Qərib adam”,
“Türkiyədə”, “İvan İvanoviç vardımı, yoxdumu”,
“Domokl qılıncı”), onlarca
poemasında, minlərcə şeirlərində uyuyur. Bu gün
onların hansını dəbərtsən, səninlə əsrdaşın,
çağdaşın kimi
danışıb-mənalanasıdır. Məsələn,
Nazim düşünüb
ki, eyni materialdan, eyni nüansdan, münasibətdən - minimum iki cür
istifadə etmək, yararlanmaq olar: sən ayağını yol
üstündəki dəmir daşa ilişdirib ufuldaya da bilərsən, onun
üstünə qoyaraq, tuflilərinin
bağını bərkidə də...
Türkiyədə doğulub
Rusiyada dəfn edilən qərib və qəribə
Nazim çoxlu-çoxlu
düşünülüb də. Biri belə bir ömür yaşamaya heyrətlənib,
beşi təəssüflənib, on beşi acıyıb. Bu “bir”ləri beşə, “beş”ləri on beşə vuranda riyazi bir roman
alınar deyə, məsələyə böyük
Məmməd Araz “hekayət”ilə xitam vermək istərdim:
...Deyirlər, Oşanin
Bir ovuc Türkiyə
torpağı gətirib,
Nazimin qəbrinə
səpibdi.
Nazimin qəbri
də -
Nazimin qəlbinə
səpibdi.
O, torpaq
içində
bir ana dodağı gətirib,
Nazimin qəbrini
öpübdü.
Nazimin qəbri
də -
Nazimin qəlbini
öpübdü...
...Nazim qırx
il, düz qırx il
Dünyanın şeir-sənət
limanlarına
Türkiyə yükü
boşaltdı.
Bəs ondan
şairə nə çatdı?
Bir ovuc torpaq...
O da ki, Nazimin
qəbrinə qismət oldu...
Eşidirsən Anadolu?
Qəbrinə qismət oldu!..
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 20 yanvar.- S. 11.