20
Yanvar təsviri sənət əsərlərində
Milli İncəsənət Muzeyinin ekspozisiyasından
nümunələr nümayiş olundu
Yanvarın
18-də Milli İncəsənət Muzeyi Azərbaycan Müəllimlər
İnstitutunda 20 Yanvar faciəsinin 22-ci ildönümünə
həsr olunmuş sərgi və anım mərasimi
keçirdi.
İnstitutun tələbə və
müəllim heyətinin iştirak etdiyi mərasimdə
muzeyin fondunda olan və 20 Yanvar faciəsini əks etdirən əsərlər
sərgilənirdi. Tədbir iştirakçıları
öncə foyedə sərgilənən və Qanlı Yanvar
faciəsini əks etdirən rəsmlərlə tanış
oldular. Milli İncəsənət Muzeyinin elmi işlər
üzrə direktor müavini Elmira Qasımova və rəssam
İlqar Əkbərov rəsmlər haqqında məlumat
verdilər.
Azərbaycanın görkəmli rəssamlarının - Əyyub Məmmədov, Rza Əfşar, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, İlqar Əkbərovun rəsm əsərləri maraqla qarşılandı. Yağlı boya ilə kətan üzərində çəkilmiş əsərlərin hər birində bir tarix yaşayır. Əsərlər həm canlılığı, həm də professionallığı ilə diqqət çəkirdi.
Daha sonra institutun akt zalında anım mərasimi keçirildi. İlk olaraq 20 Yanvardan bəhs edən xronikal kadrlardan ibarət videolent nümayiş olundu. AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı çıxış edərək Qanlı Yanvarın tariximizdə buraxdığı izlərdən danışdı. Azərbaycan xalqının başına gətirilən bu faciə haqqında tələbələrin geniş məlumatlı olmasının vacibliyini vurğuladı. İctimai fənlər kafedrasının müdiri, tarix elmləri doktoru Qafar Cəbiyev 1990-cı il 20 Yanvar faciəsi ilə bağlı tarixi faktlardan söhbət açdı. Bu faciədə 140-dək insanın öldürüldüyünü, 600-dən artıq vətəndaşımızın yaralandığını bildirdi.
Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Elmira Qasımova, rəssam İlqar Əkbərov və yazıçı-publisist, “Əsrə bərabər gecə” kitabının müəllifi Fazil Rəhmanzadə, yazıçı-publisist Nüşabə Məmmədli çıxış edərək faciənin mahiyyətindən danışdılar.
Reyhan
Mədəniyyət.-
2012.- 20 yanvar.- S. 4.