Unudulmayan tarix
Azərbaycan
tarixinin qəhrəmanlıq səhifələrindən biri də
20 yanvar günüdür. 1990-cı ilin bu günündə
sovet ordusu əliyalın xalqımıza təcavüz edərək
oğul və qızlarımızı, ana və
bacılarımızı qanlarına qəltan etdi.
Bu tarix həm də qürur
günümüzdür. Həmin gün Azərbaycan xalqı
nəyə qadir olduğunu bütün dünyaya bəyan
etdi, qırılmaz iradəsini göstərdi.
Artıq 22-ci ildir ki, faciənin
ildönümü müxtəlif mərasimlərlə qeyd
edilir. Yanvarın 19-da L.Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyində keçirilən “Unudulmayan tarix” adlı tədbir
də bu qəbildən idi. Tədbirin keçirilməsinin əsas
məqsədi uşaqlara və gənc nəslə milli
azadlığımızın əsasını qoyan, öz
qanları ilə müstəqilliyimizi əbədi olaraq
şanlı tariximizə yazan şəhidlərin qəhrəmanlıq
tarixi barədə bir daha məlumat vermək idi.
Məktəblilərin çoxluq təşkil
etdiyi tədbirdə paytaxtın Suraxanı rayonu 146 saylı məktəbin,
Səbayel rayonu 2 saylı musiqi məktəbinin, Yasamal rayonu 2
saylı uşaq incəsənət məktəbinin şagirdləri,
həmçinin “AYTAM” Uşaqların Mədəni Maarifləndirilməsi
İctimai Birliyinin və Nizami Rayon Mədəniyyət Evinin fəalları
iştirak edirdilər.
Şagirdlərin ifasında şəhidlərə
həsr olunmuş şeirlər lirik notlarla müşayiət
olunub zala axdıqca həmin günün ağrı-acısı
bir daha yaşanır, şəhidlərin ruhu
qarşısında hər kəs ehtiramla baş əyirdi. Məktəblilərin
səhnələşdirdikləri “İlham və Fərizə”
kompozisiyası, tar, kaman və qanunda ifa olunan həzin musiqilər
tədbirə toplaşanlarda zəngin təəssürat
yaratdı. Nizami Rayon Mədəniyyət Evinin rəsm dərnəyinin
üzvü olan məktəblilər 22 il əvvəl baş
vermiş qanlı hadisəyə bu gün öz nəzərləri
ilə yanaşaraq fikirlərini rəsmlərlə ifadə
edirdilər. Müəllimlər 20 Yanvar günü ilə
bağlı qəmgin xatirələrini uşaqlarla
bölüşüb həmin gün haqqında onları məlumatlandırdılar.
Sonda “AYTAM” İctimai Birliyi üzvlərinin
ifasında M.Maqomayevin “Azərbaycan” mahnısı səsləndi
və iştirakçılar muzeyin zəngin ekspozisiyası ilə
tanış oldular.
Lalə
Azəri
Mədəniyyət.-
2012.- 20 yanvar.- S. 4.