“Cənubda
Şimal küləyi”
Sənədli
filmin təqdimatı keçirildi
Yanvarın 19-da Kinematoqrafçılar İttifaqında
“Cənubda Şimal küləyi” qısametrajlı sənədli
filminin təqdimatı keçirildi.
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə “Salnamə” kinostudiyasında
çəkilən film 1990-cı il yanvar hadisələri
zamanı sovet ordusunun Azərbaycanın cənub rayonlarında
törətdiyi qırğınlardan bəhs edir.
Nümayişdən öncə
filmin yaradıcı heyəti çıxış etdi. Filmin
ssenari müəllifi İntiqam Hacılı həmin tarixin,
konkret olaraq Biləsuvar rayonunda baş verən hadisələrin
şahidi olduğunu bildirərək ekran əsərində 20
Yanvara fərqli baxışı, geniş
tamaşaçıya məlum olmayan faktları əks etdirməyə
çalışdıqlarını bildirdi.
Filmin rejissoru Mahmud Məmmədov
“Salnamə” kinostudiyasına çəkiliş qrupu adından
Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını
bildirdi. 20 Yanvar faciəsi haqqında bir çox filmlərin
çəkildiyini, kitabların yazıldığını
dedi. Lakin bu hadisələr haqqında açılmayan səhifələrdən
biri də məhz sərhədyanı rayonlarda baş verənlərdir:
“Həmin hadisələri dolğun şəkildə
işıqlandırmağa çalışmışıq”.
Filmin məsləhətçisi
İbrahim Şirinov isə bu hadisələrin gənclərə
düzgün aşılanmasının önəmini dedi.
Filmin çəkilişləri Biləsuvar
rayonunda aparılıb və 22 il əvvəl həmin rayonun ərazisində
baş verən olaylardan bəhs edir. Ekran əsərində arxiv materiallardan, sənədli-xronikal
video materiallardan istifadə
olunub.
Filmin operatoru Rüfət
Süleymanov, icraçı
prodüser Kamil Məmmədovdur.
Reyhan
Mədəniyyət.-
2012.- 20 yanvar.- S. 2.