“Tütək səsi”

 

   Moskvada azərbaycanlı rəssamın sərgisi

  

   Moskvada, Krımski val küçəsində yerləşən Mərkəzi Rəssamlar Evində istedadlı Azərbaycan rəssamı Yuran Məmmədovun əsərlərinin nümayiş etdirildiyi “Tütək səsi” adlı sərgi açılıb. Sənətkarın qızı, rəssam Günel Yuran sərgini açaraq bu tədbirin təşkil edilməsinə və mərhum atasının yaradıcılıq irsinin təbliğinə göstərilən köməyə görə Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyinə təşəkkür edib.

   Rəssam Yuran Məmmədov 1937-ci ildə Naxçıvanda anadan olub. Doğma yurdun rənglərinin əlvanlığı, zənginliyi təzadı onun gözəl əsərlərində öz əksini tapıb.

   1962-ci ildə Repin adına Rəssamlıq Akademiyasını bitirib, “Lenfilmstudiyasında işləyib, pedaqoji fəaliyyətlə məşğul olub.

   Rəssam deyirdi ki, rəngkarlıq həqiqəti tamaşaçıya çatdıra bilər. Bütün varlığı ilə rəngkarlığa bağlı olan insan kimi seçilən rəssam öz yaradıcılığında dünyanın sonsuzluğu ideyasını tərənnüm edirdi. O öz əsərlərini akademik mühitdə qəbul edilməmiş qiyamçı ruh, gərgin baxış, istər özünə, istərsə ətrafdakı insanlara hədsiz saf münasibətə əsaslanan qanunlar üzrə yaradırdı. Bu gün Yuranın əsərləri Azərbaycan, Türkiyə, Rusiya, Almaniya Fransa muzeylərində, habelə şəxsi kolleksiyalarda saxlanılır.

   Sərginin açılışında Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin, Moskva Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

 

   Mədəniyyət.- 2012.- 20 yanvar.- S. 11.