Dastanlarımız
tarixin işığında
“Əsli
və Kərəm” dastanı türk-alban mədəniyyətinin
nümunəsi kimi
Azərbaycanın
zəngin folkloru çoxəsrlik mədəni irsimizin tərkib
hissəsidir. Folklor nümunələri, xüsusilə də
dastanlarımız bu gün tarix və mədəniyyətimizin
bəzi qaranlıq məqamlarına işıq tutur...
Tarixən hər bir xalqın qəhrəmanlıq
və məhəbbət dolu həyatı mənəvi dəyərlərə
söykənib. Azərbaycan xalqı da xeyli qəhrəmanlıq
və məhəbbət dastanları yaradıb. Həmin
dastanların qəhrəmanları xalq arasında əli
sazlı “haqq aşiq”ləri, bəzən də “haqq
aşıq”ları kimi tanınıb. Məlumdur ki,
ağız ədəbiyyatımızın hələ tam
açılmamış sirləri çoxdur. “Haqq
aşığı” istedad vergisi olan sənətkardır. Ona
aşıqlıq Haqq-ilahi tərəfindən əta olunub.
Onlarda bədahətən çalıb-çağırmaq,
sinədən söz söyləmək, müşkül mətləbləri
aydınlatmaq nişanələri olub. Maraqlıdır ki, “haqq
aşığı” adına yiyələnən klassik sənətkarlarımızın
əksəriyyəti barədə dastan yaradılıb. Həmin
dastanlarda aşiqlik (sevgi) və aşıqlıq (sənətkarlıq)
onlara yuxuda ikən buta, vergi kimi ilahi tərəfindən
verilib. Buna görə də onlar toxunulmaz, söz-sənət
meydanında yenilməz və məğlubedilməz olublar.
Tanrı vergisinin qüdrəti ilə bütün
müşküllərdən xilas ola biliblər.
“Əsli və Kərəm”
dastanında isə Kərəm ölür. Bu da qəhrəmanın
butalı və vergili olmadığından irəli gəlir.
Araşdırmalarda göstərilir ki, burada qəhrəmanın
ölməsi, dastanın daha qədimliyinə işarədir.
Yəni bu dastan elə bir dövrdə yaranıb ki, onda
ağız ədəbiyyatımızda haqq
aşığı ifadəsi hələ tam
formalaşmamış olub. Ona görə də “Əsli və
Kərəm” dastanı digər dastanlarımızdan fərqli
yanaşma tələb edir. Bu dastanın konkret olaraq hansı
tarixi dövrün ədəbi abidəsi olmasına dair birmənalı
fikir yoxdur. O, məhəbbət dastanlarımızın ən
qədimi hesab olunur.
Onu da qeyd edək ki, dastan barədə
bəzi yazılarda Kərəm məhəbbəti
qınanılır. Ona erməni qızını sevdiyinə
görə iradlar tutulur. Ancaq dastanda “keşiş qızı”
heç də “erməni qızı” demək deyildir. Dastanda
ermənidən əsər-əlamət belə yoxdur.
Araşdırmalar da göstərir ki, bu tarixi abidə erkən
orta əsrlərə aiddir. Dastanda islamiyyətdən əvvəl
Şimali Azərbaycanda mövcud olmuş alban mədəniyyətinin
çalarları, cizgiləri əksini tapıb. Dastanda əksini
tapmış inamlar, mifoloji dünyagörüşü
bütövlükdə türk-alban mənəvi mədəniyyətinə
söykənir.
Burada bir haşiyə
çıxaq. Tarixən orta təbəqənin nümayəndələri
hakim təbəqəyə yaxınlaşmaq və onlarla
qohumluq əlaqələri qurmağa can atıblar. Bu, fakt etnik
xalqlarda, xüsusilə ermənilərdə özünü
daha qabarıq göstərib. Ermənilər daim
çalışıblar ki, öz gözəl
qızlarını cəsur və yaraşıqlı türk
övladlarına versinlər. Bununla hakim təbəqəyə
bir az da yaxınlaşsınlar. ”Əsli və Kərəm”
dastanında isə hadisələr bunun əksini göstərir.
Xanın oğlu keşişin qızını istəyir.
Keşiş isə məsələdən agah olan kimi, bu istəyin
əleyhinə çıxır. Qənaətlər göstərir
ki, keşiş həqiqətən erməni olsaydı bu istəkdən
çox məmnun qalardı. Axı onlar bu istək uğrunda
daim mübarizə aparıblar...
Dastan folklorşünas alimlər
arasında, o cümlədən qardaş Türkiyədə
geniş araşdırma mövzusu olub. Bəzi türkiyəli
tədqiqatçılar Kərəmi tarixi şəxsiyyət
hesab edir, Kərəm Dədə və ya Aşıq Kərəm
adlı bir şairin yaşadığını və
dastanın da onun adı ilə bağlı olduğu qənaətindədirlər.
Bəzi araşdırmalarda isə XVI əsr Türkiyə
aşıq-şairlərinin qoşmalarında Kərəmin
adının çəkildiyi göstərilir.
Dastan barədə daha orijinal fikir
söyləyən tədqiqatçılarımızdan biri
görkəmli folklorşünas alim Məmmədhüseyn Təhmasibdir.
O, “Azərbaycan xalq dastanları (orta əsrlər)” adlı
monoqrafik əsərində yazır: “Əsli və Kərəm”
dastanının hansı əsrdə yaranmış
olduğunu söyləmək, təyin etmək çətindir.
Bizcə, “Əsli və Kərəm” nəinki Cavad xandan, hətta
bu sülalənin banisi olan ilk bəylərbəyi Əmir
Şahverdi Sultandan və onu hakimiyyətə gətirmiş
şah Təhmasibin hakimiyyəti illərindən də qabaq
yaranmış bir əsərdir. Bu, əlbəttə, tam
sübut olunmuş bir həqiqət deyil, ancaq ehtimaldır.
Lakin bu ehtimalı həqiqətə yaxınlaşdıran bir
sıra dəlillər vardır”.
“Əsli və Kərəm”
dastanının süjet xətti qədim tarixi hadisələrə
söykənir. Bu fikri folklorşünas alim İ.Abbaslı da
təsdiq edir. O yazır: “Azərbaycan variantları əsasında
düzəldilmiş erməni “Əsli və Kərəm”
dastanı variantında Kərəmin atası İsfahan
padşahıdır, onun adı isə Harun ər-Rəşiddir.
Maraqlı burasıdır ki, dastandakı əhvalatlar məhz
onunla başlayır. Bu da onu göstərir ki, dastanın ana xəttini
təşkil edən əsas süjet çox qədim tarixə
malikdir...”
Məlumdur ki, xəlifə Harun ər-Rəşid
hakimiyyəti (789-809) ərəblərin Azərbaycanı
istila etdiyi dövrə təsadüf edir. Bu istila nəticəsində
yerli əhali arasında başlanan dini parçalanma
(xristian-müsəlman) əsasında baş verən əhvalatlar
və yaranan rəvayətlər dastandakı hadisələrin
ana xəttini təşkil edir.
Məlum olduğu kimi, türk mənşəli
albanlar IV əsrdə xristian dinini qəbul edirlər. VIII əsrdə
Albaniyanı işğal edən ərəblər burada
İslam dinini yayırlar. Albanların böyük əksəriyyəti
İslamı qəbul etsə də, Dağlıq
Qarabağın xristian albanları dinlərindən dönməyiblər.
Bundan sonra xristian albanlarla digər müsəlman türklər
tədricən aralanmalı olurlar. Lakin bu iki hissə bir-biri
üçün “din ayrı qardaş” olaraq qalır. Xeyli vaxt
Dağlıq Qarabağın xristian albanları türkmənşəli
adlarla bərabər hətta müsəlman türklərin
şəxs adlarını da daşıyırlar. “Əsli və
Kərəm” dastanının məhz belə bir tarixi şəraitdə
yaranması ehtimalı daha böyükdür. Beləliklə
demək olar ki, xristian albanlar erməni olmadıqları kimi,
keşiş də erməni demək deyildir. Albanların əksəriyyəti
İslamı qəbul etdikdən sonra Dağlıq
Qarabağın xristian albanları azlıqda qalır.
704-cü ildə Ərəb xilafəti alban kilsəsini erməni
kilsəsinə tabe etdirir. Sonra həmin albanların tədricən
qriqorianlaşması prosesi gedir. Akademik Ziya Bünyadov
yazır: “Erməni kilsəsi tədricən alban ruhanilərini
tutduqları mövqelərdən sıxışdırıb
çıxarır. Beləliklə, ərəblərin əli
çatmayan dağlıq yerlərdə yaşayan albanlar
qriqorianlaşır. Erməni ruhaniləri alban kilsəsinin
nüfuzunu tədricən heçə çıxarır və
ərəb hakimlərinin əli ilə albanların
bütün ədəbi abidələrini məhv edirlər...
Ancaq bütün bunlara baxmayaraq tarix tarixiliyində, fakt
faktlığında qalır. “Əsli və Kərəm”
dastanı Azərbaycan xalqının mənəvi mədəniyyəti
və ağız ədəbiyyatının nümunəsi
olaraq yaşayır...
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 25 yanvar.- S. 15.