Ön söz

 

   ya bir ay sonralığımıza dair bir ay öncəlikgiriş

  

   Qosqoca Xocalı, capcavan Faciə! Qoca yurd alçalır, gənc Faciə qocalır!

   Bu nakam gənc Faciənin nahaq qanı yerdə, şəhid meyiti ortalıqda qalıb, cənab Dünya!

   Sizinləyəm, Şərqdən yaşca cavan Avropanın başca yavan tərəfkeş-yan-siyasətçiləri! Demoqrafiyaca eksport, demokratiyaca import Amerikanınyan”baz rəyasətçiləri!

   Sizinləyəm, amma sözüm bütün xalqınıza deyil, düyən personalarınıza, siyasi yal-yüyən yiyələrinizədir.

  

   Hələ qanı qurumamış bu gənc Faciə yaman ... aman sürətlə qocalır, Zaman hakimləri! Yəni, tək elə yaşına görə yox, sınıq könlünün “al dil”lə alınması, işğal qanınınratifikasiyadeyilən siyasigel”lə yuyulmaması, açılmaz aynasına ədalət nəzərilə baxılmaması sarıdan da qocalır.

   Bu Faciənin qurban övladları neçədir necədir - bunlar haqda çox nəqli yazılar yazmışıq, çox ağlamalı sözlər demişik. İndi növbə sizlərin mumiyalı terminlərinizin, ambisiyalı qərarlarınızındır.

   Xocalının tar-marından çox humanitar təşkilatları, uşaqlarının sayından artıq təsisatları, qocalarının, qarılarının nəsihət-vəsiyyətlərindən ziyadə məclisləri, itkinlərindən, didərginlərindən və ilaxır və illəraxarı müsibətlərinin cəmindən fazla TV-ləri olan Dünya, sənin bu qədər qüdrətli saymamazlıq, eşitməməzlik, görməməzlik istedadına əttökən birtuşdan sonra leşsökən birquş”!..

   Siz xalqları öyrənmək, öz dişinə vurduqdan sonra biznes işinə sormaq, bəzən də qur işlərini bur institutlarınız da az deyil. Bütün ekran-efirlərə göz qoyur, qəzetləri, jurnalları izləyir, ağızları arayır, dilləri dinləyir, fikirləri dənləyirsiz. Hansı xalqın hanki rəngi xoşladığından tutmuş, milli xislətinə, verdiyi sözə zəmanətinə, dəyanət-xəyanətinə, kişilik-dişilik gen-genderliyinə qədər bəlləyirsiz.

   İyirmi qışdır ki, isti kabinetlərinizdə əyləşib, qocaltmaqda olduğunuz bu gənc Faciəmizi necə ağlayıb-ağılamağımızı seyrdəsiniz - siyasiçiləriniz Atilla, Tamerlan (Teymurləng), Osman paşa xəyallarına dala-dala, bədiiçiləriniz göz yaşlarımızın yanaqlarımız aşağı nə sayaq süzülməsini, qırışlarımızın necə qarışmasını, şaxseylərimizin ritmikliyini, vaxseylərimizin polifonikliyini müzakirə edə-edə...

   Hələ kino-tele kameralar yox ikən, olmayanı olan kimi “görərək”, Türkə “erməni genosidi” sırımağa cəhd etdiyiniz halda, korların da gözünə girən bu qədər sivri kadrları necə vecə almamaqdasınız?!

   Bura bax, cənab xarab!..

   Yox, kobud çıxdı; axı, sizlər öldürəndə də etika-estetikaya əməl edir, “zəhmət olmasa, əllər yuxarı” deyirsiniz.

   Hə, ali cənablar, lütfən, bir tarixi demokratiya aynanıza baxın. Görün, o güzgülərdən sizə boylanan hinduların, əlcəzairlilərin, ata Qandinin gözlərində nələr görünür? Siyasi xitaba tabınız yoxdursa, musiqili müraciət edək: “Ay bəri bax, Jak Şirakın oyan”-buyan” davamçısı Sarkozi! O tələ-tele-pəncərələrdən bəri baxgör hansı xalqın əllərindən daha ağır daş gəlir? Bax, gör kim daha çox yaş tökür - Hayrapet-Haykanuşun sözləri, yoxsa, Xocalı qızı Xumar nənənin gözləri?..

   Bu göz yaşlarının o söz daşlarından çəkidə nə qədər yüngül, vəzndə nəxəntərə ağır olmasının fərqindəsinizmi, cənablar?! Axı, siz dünənə qədər “azad sözdemokrasionunu namusi-ar demonstrasiyasından dahastatusiontuturdunuz, cənab Fransi-Sarkozi! İndi nədən saxta “qətliam”ı “danan”ları cərimələyib, o qədim Firəngistanın boyunu Eyfel qülləsi qədər yerə quylamaq istəyirsən? Bəlkə kökəncə bizdən olan Don-Juanın qisasını bu yolla almaq istəyirsən, Kozetta balası?!.

   ...Bizim ekranlarda özünü tez-tez “göstərən bu qayışbaldır kişiyə bax. Dizlərini qarnına yığıb yumağa dönmüş ağsaqqalı deyirəm. Amma yalnız quransız fransızca yox, tövrat-incilsiz müsəlmanca da göz yetir. Nə olsun ki, mordaca sizin ata-babalarınıza bənzəmir - hələlik vaxt tapıb eyni törəmə subyektliyinə malik olduğumuza bir qulp qoya bilmədiyiniz ilk baba balalarından - Adəm övladlarından deyilmi?

   Bu dəhşətli görüntüləri görmək üçün kofe içiminizə ara verə bilərsizmi, cənab humanist-tumanistlər!

   Hələ bu şir-pələngə - güllə yağışından sinəsi sellənmiş cavana baxın, centlmenlər! Atəş leysanı anında qaş-gözünün qıyımına, yumruqlarının düyümünə diqqət edin...

   ...Bu gənc Faciənin bəyliyinə, gəncliyinə, qu quşluğuna, qar-qışlığına fikir verin, cənab erməni sağdış-soldışları! Bunlar soy-insanlığa toy tutan erməni əlindən əliyalınlıq atına atlanıb qonşu rayonlara qaçmaq istəyənlərdir. Bunlar bu meşədə ölüm yurdu salıb, bəy otağı, gəlin gərdəyi əvəzinə, vay ortağı olanlardır.

   “İmperiyaların tale-dramı qalxıb-enən ürək kardioqramı ilə eynidirdeyimini unudub, “bu gün” erasının hökm-fərma kürsülərinə qalxaraq, hara baxırsınız, gözləri siyasi rentgenlər, damarları demokratiya genlilər?! Bu tufana, qara baxın! Artıq 20 yaşına çatdırdığınız bu gənc Faciənin çöl-biyaban dizaynlı bəy-gəlin “otağı”na, qar döşəklərinə, ar yorğanlarına, yanlarına düzülmüş qol-qıç, göz-bəbək cehizlərinə baxın...

   Bir də, əgər Zori Balayanın “Ocaq” kitabını mütaliə etməkdən macal tapsanız, Düma atanın, Qriboyedovun, Veliçkonun əsərlərinə göz gəzdirin. Onların “məzlum” ermənilər, məğrur azərbaycanlılar haqda yazdıqlarına baxın. Əgər o sənədli-publisistik yazılara baxsanız, mənim bu küskün-küstərəcik yazıma baxmanıza ehtiyac qalmaz.

   Allah sizə dəvəni ulağın quyruğuna bağlamamaq sahibkarlığı da, həqiqətpərəstlik böyüklüyü də qismət eləsin, dünyanın “demokratiya” ruporları, “humanizm” carçıları!..

   

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2012.- 25 yanvar.- S. 13.