Aktyor rejissora inanmalıdır”

 

   “Rol bölgüsündə heç kimə güzəşt eləmirəm, bu sahədə çox prinsipialam”

  

   Zəmanəmizdə teatrı onun qədər sevən adamlar tək-tək olar...

   Teatr tariximizi onun qədər bilənlər də barmaqla sayılacaq qədər azdır...

   Məqam düşən kimi teatrımızın “qızıl dövrü”ndən şirin-şirin söhbət edib, teatrı insanlara sevdirməyi bacaran, qəlblərdə teatra sevgi yaratmağa çalışan da elə odur...

  

   İstedadı, yüksək zövqü ilə televiziya aləmində bir çox yeniliklərə imza atan tanınmış rejissor, Əməkdar incəsənət xadimi, “Qızıl dərviş” mükafatı laureatı Məhərrəm Bədirzadə ilə ömrünün 67-ci döngəsində görüşüb söhbət etdik. Adını titrlərdə çox oxusaq da, üzünü az-az gördüyümüz qəhrəmanımızın həyat yoluna nəzər salaq.

   Məhərrəm Bədirzadə 45 ildir Azərbaycan Televiziyasında çalışır. Tamaşaçıların yaddaşında bu gün də uğurlu televiziya verilişləri kimi xatırlanan “Səhər görüşləri”, “Dalğa” verilişlərinin rejissorlarından olub. Ona daha çox şöhrət qazandıran isə çəkdiyi televiziya tamaşaları və televiziya filmləridir. Elçinin “Mən sənin dayınam”, Əkrəm Əylislinin “Bağdada putyovka var...”, Mirzəağa Atəşin “Gəlinlər”, Əhməd Orucoğlunun “Qaynana əməliyyatı”, İsi Məlikzadənin “Gəl qohum olaq” əsərləri əsasında hazırladığı teletamaşalar incə yumoru, gözlənilməz məqamları, rejissor ustalığı ilə yadda qalıb. Onun quruluş verdiyi “Sonuncu şahid”, “Gürzə”, “Ünvansız eşq” televiziya serialları milli seriallarımızın ilk nümunələrindəndir.

  

   “Teatra vuruldum”

  

   - Teatra məhəbbət məndə orta məktəbdən yaranıb. 190 nömrəli orta məktəbdə oxumuşam. Məktəbimizdə dram dərnəyi vardı. İlk dəfə ora gedəndə ecazkar aləmə düşdüm. Dərnəyimizin rəhbəri o vaxt onuncu sinifdə oxuyan Tofiq İsmayılov idi. Abdulla Şaiqin “Fitnə” əsərini hazırlamışdı, mənə də Əyyar rolunu vermişdi. Balaca, amma yaxşı rol idi. Teatr Xadimləri İttifaqında tamaşaya baxış oldu, SSRİ Xalq artisti Mərziyyə Davudova mənim ifamı xüsusi ilə qeyd etdi. Beləcə teatra vuruldum. Sonralar dram dərnəyinə rəhbərlik etdim. Teatra olan sonsuz məhəbbətim məni Teatr İnstitutunun rejissorluq fakültəsinə gətirib çıxardı. Aktyor olmaq istəsəm də, bu arzumu gerçəkləşdirə bilmədim. Atam arzumu rədd etdi. Dedi nə, mənim oğlum mütrüf olacaq? Ona görə də sənədlərimi teatr rejissorluğu fakültəsinə verib Rza Sarabskinin kursuna daxil oldum. Əsgərliyə gedib qayıdanda Rza Sarabski rəhmətə getmişdi, odur ki, Mehdi Məmmədovun kursunda oxudum. Mehdi müəllim mənim teatra sonsuz məhəbbətimi görüb sinif nümayəndəsi seçdi. O vaxt Azərbaycanda dörd populyar rejissor vardı: Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov, bir də Məhərrəm Haşımov. Onların hər biri ayrı-ayrılıqda bir məktəb idi. Biz onların əhatəsində sənəti sevdik, sənətin sirlərinə yiyələndik.

   Tələbə olarkən Etel Lilian Voyniçin “Ovod” və Fridrix Şillerin “Qaçaqlar” əsərindən bir parça hazırlamışdım. N.Vəzirovun “Hacı Qənbər”i (“Yağışdan çıxdıq, yağmura düşdük” - red.) isə Mehdi Məmmədovun ən çox sevdiyi kurs işlərimizdən biri idi.

   Bütün kurs işlərində həm də aktyor kimi çıxış edirdim. 1969-cu ildə C.Cabbarlının 70 illik yubileyi münasibəti ilə Ağəli Dadaşov “Aydın” tamaşasını hazırlamışdı. Demək olar ki, institutun bütün istedadlı tələbələri tamaşaya cəlb olunmuşdu. Rasim Balayev Dövlət bəyi, Əliabbas Qədirov Surxayı, Elmira Şabanova Gültəkini, mən Səlimi oynayırdım. Tamaşanı Akademik Dram Teatrında oyanırdıq. Tamaşa bitdi, sənətşünaslıq doktoru Cəfər Cəfərovla Tofiq Kazımov səhnəyə çıxdılar. Hamımız da gözləyirik, görəsən, nə deyəcəklər. Cəfər Cəfərov üzünü Tofiq Kazımova tutaraq “Surxayı oynayanla Səlimi oynayanı heç soruşmadan teatra aktyor götür, o birilərə baxarsan”, - dedi. Rejissor desələr qaça-qaça gedərdim. Amma aktyor olmağımı atam istəmirdi.

   İllər keçəcəkdi, Məhərrəm Bədirzadə bir də 30 ildən sonra özünün çəkdiyi “Sonuncu şahid” filmində mafioz, 2011-ci ildə isə görkəmli rejissor Ramiz Həsənoğlunun sözünü yerə salmayıb “Mürafiə vəkilləri” televiziya tamaşasında Ağakərim rollarını oynayacaqdı.

   - Mən institutda oxuya-oxuya Mehdi Məmmədovun hazırladığı Lev Tolstoyun “Canlı meyit” tamaşasında rejissor assistenti olmuşam. O vaxtlar Mehdi Məmmədovun bir məqaləsi çap olunmuşdu, sənət müəllimimiz yazırdı: “Mahnının sözləri ilə desək, teatr məhəbbətidir, mənim ilk məhəbbətim”. Mən də müəllimim kimi deyirəm: mənim də ilk məhəbbətim teatr məhəbbətidir.

   Məni təyinatla Mingəçevir Dövlət Dram Teatrına baş rejissor göndərmək istəsələr də, ailə vəziyyətimə görə gedə bilmədim. Bir il Tədris Teatrında işlədim, sonra televiziyada işə düzəldim. O gələn, bu gələn burdayam. Amma qəlbimdəki teatr məhəbbəti ölmədi...

   Məhərrəm Bədirzadə məşhur televiziya rejissoru olsa da, 80-ci illərin ortalarında Akademik Milli Dram Teatrının səhnəsində Cahan Əfruzun “İlham pərisi” əsərini tamaşaya qoyacaq, bu tamaşa gözəl aktyor ansamblı ilə diqqəti cəlb edəcək. Ramiz Novruzov, Telman Adıgözəlov, Bəsti Cəfərova, Səidə Quliyeva və neçə-neçə tanınmış aktyorların iştirakı ilə tamaşa anşlaqla keçsə də, Məhərrəm Bədirzadənin teatrla bağlı çəhrayı arzuları bu dəfə də yarımçıq qalacaqdı...

  

   “Səhər görüşləri”nin tarixçəsi

  

   - Televiziyada işləyirdim. Eşitdim ki, “Səhər görüşləri” adlı yeni veriliş hazırlanır. Birinci verilişi başqa rejissorlar hazırladılar, ancaq televiziyanın o vaxtkı sədri Qurban Yusifzadənin xoşuna gəlmədi. Rejissorlar tərəddüd etdilər. Təklif etdim ki, verilişi mən hazırlayım. Təklifimi o dəqiqə qəbul etmədilər. Veriliş həftəlik idi, üç gün qalmış razılıq verdilər. İki gün gecə-gündüz məşq etdik. Verilişdə Əliağa Ağayev, Səyavuş Aslan, Hüseynağa Sadıqov iştirak edirdilər. Bəyənildi və “Səhər görüşləri” qaldı mənim “boynumda”. Veriliş o qədər populyar oldu ki, Heydər Əliyev rayonlara gedəndə camaat deyirdi ki, o verilişi təkrar verin, biz də baxmaq istəyirik. Zəhmətkeşlərin arzusunu nəzərə alıb “Səhər görüşləri”ni axşamlar da təkrar verirdilər. O verilişlə Hacıbaba Bağırov, Səyavuş Aslan, Nəsibə Zeynalova, Gülşən Qurbanova populyar oldular. “Səhər görüşləri” satirası, yumoru ilə bir məktəb oldu. Seyfəddin Dağlı, Rüfət Əhmədzadə, Cahangir Aslanov kimi qələm sahibləri bu verilişə səhnəciklər yazırdılar. Aktyorlar da sorğu-sualsız mənim çağırışıma gəlirdilər. Çünki həmişə aktyorları çox istəmişəm, onlar da məni çox istəyib. Başqa rejissorlar Nəsibə Zeynalovanı çəkəndə deyirdi, Məhərrəm gəlsin dayansın orda. Onlar mənə inanırdılar. Aktyor rejissora inanmalıdır.

   Üç ilə yaxın “Səhər görüşləri”nin tək hazırlamışam. Ümumilikdə isə bu veriliş 9 il efirdə olub. Bu müddətdə növbə ilə verilişi hazırlamışıq. Dalğaproqramında isə İlqar Əlfioğlu ilə uzun müddət bir yerdə işləmişəm.

   - Mən həmişə teatra bağlı olmuşam. Teatr rejissoru olmasam da, 1972-ci ildə ilk dəfə M.F.AxundzadəninLənkəran xanının vəziritamaşasını hazırlamışam. Tamaşa efirdə canlı yayımlandı. İki saatlıq böyük tamaşa idi. Baş rolda Əliağa Ağayev, Ağahüseyn Cavadov, Kamal Xudaverdiyev oynayırdılar. Səhnəni elə qurmuşdum ki, hər dəfə pərdə qalxanda başqa bir məkan olurdu. Hətta bu tamaşada rəqs vardı, sonda hamıYallıgedirdi. Bu tamaşanın ardınca mən M.S.OrdubadininGizli Bakıromanı əsasında televiziya tamaşası hazırladım. Baş rolda Amaliya Pənahova, Əliabbas Qədirov, Fuad Poladov, Hamlet Xanızadə oynayırdılar. M.Şoloxovun “Don hekayələri”, M.DilbazininPartizan Aliyə”, İlf Petrovun əsəri əsasındaOstap Benderin Bakı sərgüzəştləritamaşalarını hazırlamışam. Ancaq bu tamaşaların heç biri fondda qalmayıb. Fondda qalan tamaşalardan isə ElçininMən sənin dayınam”, Əkrəm ƏylislininBağdada putyovka var...”, Mirzəağa AtəşinGəlinlər”, Əhməd OrucoğlununQaynana əməliyyatı”, İsi MəlikzadəninGəl qohum olaq”, Salam QədirzadəninZəncirbənd”, Georgi MidivanininHədəftamaşalarını qeyd edə bilərəm. Bu tamaşalar barədə mən yox, tamaşaçılar danışsalar daha yaxşı olar.

   Məhərrəm Bədirzadənin yaradıcılığında filmlərin öz yeri var. Aydın Ağazadənin ssenarisi əsasında çəkdiyi 4 hissəliSonuncu şahid”, Ənvər SeyidovunGürzə”, “Təlatüm”, “Ünvansız eşq” , Azər MirzəyevinYol yoldaşlarıtelekomediyası son illərin uğurlu ekran əsərlərindəndir.

   Zaman keçdikcə zövqlər təbii ki, dəyişir. Yaxşı film üçün yaxşı ssenari, yaxşı aktyor heyəti, yaxşı məkan xeyli maddi vəsait tələb olunur. Bu sahədə çətinliklər olsa da, Məhərrəm Bədirzadə belə deyir: “Sədrimiz Arif Alışanov imkan daxilində mənə həmişə şərait yaradıb. Yaradıcı adam üçün bundan yaxşı ola bilər”.

   Hazırda Məhərrəm Bədirzadə Xocalı soyqırımının 20 illiyi ilə bağlı Ələmdar QuluzadəninŞəhid şəhərteleviziya tamaşasını hazırlayır. Ən böyük arzularından biri isə dünyanın klassik əsərlərindən birini o dövrün bütün ab-havası, atributları, əlbisələri ilə İçərişəhərdə tamaşaya qoymaqdır.

  

   Xarakterinin çalarları

  

   - Bir insan kimi səbirsizəm, məni aldatmaq çox asandır. Yaxşılıq eləməkdən zövq alıram. İnsanlarda düzlüyün, təmizliyin tərəfdarıyam. Hiss edirəm ki, kimsə ikiüzlü adamdır, çalışıram ki, ondan qaçım.

   Mən özümü səhnədə həmişə cəsarətli görmüşəm, heç vaxt qorxmamışam. Necə deyərlər, səhnədə ölümə getməyə hazır olmuşam.

   Özümü həyatda bəxti gətirən adamlardan sayıram, gözəl ailəm var.

   Doqquz ildir Mədəniyyət İncəsənət Universitetinin televiziya rejissoru kafedrasında dosent işləyirəm. Televiziya rejissoru olmaq istəyən tələbələrimizə isə sözüm odur ki, bu sənəti sevsinlər.

   Sonda bir sənət sirrimi açım: mənim ən böyük ustalığım aktyor seçimindədir. Mən rol bölgüsündə heç kimə güzəşt eləmirəm, bu sahədə çox prinsipialam.

   Bir cəhəti mən deyim: bütün yaradıcı insanlar kimi Məhərrəm Bədirzadənin simasında həmişə sirli bir işıq dolaşır. Bu yaşadığı ömrün, sənətin arzularının işığıdır...

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2012.- 25 yanvar.- S. 12.