“Məni
sənətə Üzeyir bəy gətirib”
Bakı Musiqi Akademiyasının professoru Oqtay Abasquliyevi
daha öncə tanımasam da, Almaniyada yaşayan həmkarım
Svetlana İsmayılovadan onun haqqında çox
eşitmişdim. “Oqtay müəllim çox mədəni bir
insandır, gözəl pedaqoqdur, ziyalıdır. Çox təvazökar,
həm də sakit təbiətlidir, özü haqqında
danışmağı heç sevmir”, - demişdi.
Sonra telefonla əlaqə yaradıb
Azərbaycanın musiqi beşiyi olan Bakı Musiqi
Akademiyasına yollandım.
- Məni musiqiyə gətirən
Üzeyir bəy olub, - deyə sözə başladı. - Biz
onunla qonşu idik. Evimizdə piano vardı. Mən də
pianoda çalırdım. Amma nənəm icazə verməzdi.
Deyərdi ki, aşağıda Üzeyir bəy yaşayır,
sən onu narahat edirsən. Bir gün Üzeyir bəy bizə
zəng edib nənəmdən soruşur ki, sizdə piano
çalan kimdir? Nənəm də cavab verir ki, nəvəmdir.
- Onu yanıma gətirin, - deyir Üzeyir bəy.
Biz nənəmlə getdik
Üzeyir bəygilə. O musiqi qabiliyyətimi yoxladı və
musiqi məktəbinin direktoru Kövkəb Səfərəliyevaya
zəng vurub məni musiqi məktəbinə yazdırdı...
İnsanın istedadının,
qabiliyyətinin üzə çıxmasında, inkişaf etməsində
ailənin, məktəbin rolu böyükdür. Oqtay müəllim
adlı-sanlı, ziyalı ailəsində dünyaya gəlib.
Valideynləri respublikanın tanınmış mütəxəssisləri,
yaradıcı insanlar idi. Bülbül adına Orta İxtisas
Musiqi məktəbinə gəldiyi gün də onun bəxti gətirdi.
Tale onun qarşısına Reqina Siroviç kimi bir müəllimi
çıxardı. O vaxt Regina İvanovnanın xidmətləri
hamıya bəlli idi. O, böyük təcrübəyə
malik mütəxəssis kimi uşaqlarla gözəl işləyirdi.
Oqtay Abasquliyev böyük ifaçılıq məktəbinin
əsaslarını elə burada - R.Siroviçin sinfində
öyrəndi.
Musiqi məktəbini əla qiymətlərlə başa vurdu. Dövlət imtahanında onun məharətli ifası imtahan komissiyasının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, görkəmli bəstəkar, professor Cövdət Hacıyevin diqqətindən yayınmadı. Oqtay Abasquliyev ən yaxşı piano ifaçısı kimi ilk üçlüyə düşdü və həmin il uğurla imtahan verib konservatoriyanın fortepiano fakültəsinə daxil oldu. Oqtay müəllim deyir ki, müəllim sarıdan həmişə bəxti gətirib. Burda da o, professor Mayor Rafaeloviç Brennerin sinfinə təyin edilir. Brenner Leninqrad Konservatoriyasının məzunu, olduqca istedadlı musiqiçi və gözəl müəllim idi. Bir çox gənc pianoçu məhz onun sinfində təhsil almaq arzusu ilə konservatoriyaya daxil olurdu. Fakültənin ən bacarıqlı, yüksək ifaçılıq qabiliyyətinə malik tələbələri bu sinifdə təhsil alırdı. Professor M.R.Brennerin sinfi bir məktəb idi. Bu məktəbi uğurla bitirmək, gənc ifaçı üçün olduqca önəmli idi. Oqtay Abasquliyev təhsil aldığı illərdə Bakıda keçirilən birinci Zaqafqaziya (1960) müsabiqəsinin və Azərbaycan gənclər (1962) festivalının iştirakçısı və laureatı olub.
1962-1963-cü illərdə Ağdam musiqi məktəbində müəllim işləyib. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyasına müəllim təyin olunur. Buradan Moskvaya, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının assistent-stajorluq kursuna göndərilir və təhsilini sənətşünaslıq doktoru, professor Y.İ. Milşteynin sinfində davam etdirir. O, milli piano ifaçılığımızın istedadlı nümayəndəsidir. Böyük ifaçılar sırasında özünəməxsus yeri var.
50 ilə yaxındır ki, Bakı Musiqi Akademiyasında çalışır. Müəllimlik ən uca, ən ali bir peşədir. Tək qabiliyyətlə gözəl musiqiçi olmaq olar, amma gözəl müəllim olmaq üçün həm istək, həm bilik, həm peşəkarlıq, həm də ürək gözəl olmalıdır. Bu keyfiyyətlərinə görə 1976-cı ildən 2003-cü ilədək, düz 27 il fortepiano fakültəsinin dekanı olub. Onun tələbələri dünyanın müxtəlif yerlərində, ayrı-ayrı təhsil ocaqlarında, eyni zamanda onunla Bakı Musiqi Akademiyasında çalışırlar.
- Bu illər ərzində 200-dən çox pianoçu yetişdirmişəm. Tələbələrimdən Nərminə Quliyeva, Gülnarə Səfərova, Xədicə Rzayeva, Samir Mirzəyev, Mədinə Tuayeva, Mehriban Ağayeva, Səbinə Mehdiyeva, Günay Qasımova, Ayan Salahova, Toğrul Hüseynli, Fidan Ağayeva, Nigar Məcidova, Züleyxa Bayramova, Lalə Musayeva və başqaları beynəlxalq və respublika müsabiqələrinin laureatlarıdır. Dekan işlədiyim müddətdə 2 mindən çox məzunumuz olub. Onlar da mənim tələbələrim sayılır.
Nümunəvi dekan olduğuna görə 2003-cü ildə Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru təyin edilib. Özünə xas olan insanlığı, mədəniyyəti, təmkini, peşəkarlığı və sadəliyi ilə yenə iş başındadır.
Vaxtında çox konsertləri olub. İndi daha çox pedaqoji fəaliyyətlə məşğuldur. Professor, Əməkdar incəsənət xadimidir. Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı və pianoçular müsabiqəsində dünya şöhrətli musiqiçilərdən ibarət 12 nəfərlik münsiflər heyətinin tərkibinə Oqtay Abasquliyevin daxil olması onun sənətinə, peşəkarlığına verilən yüksək qiymətdir.
O, özünü peşəsindən ayrı heç təsəvvür etmir. Bakı Musiqi Akademiyası onun doğmadan da doğma bir ünvanıdır. Bütün həyatı ilə bu sənət ocağına bağlıdır. Dostları, həmkarları, sevdiyi tələbələri buradadır.
Yaxşı musiqiçi, gözəl müəllim və əsl insan. Onu tanıyanlar belə deyirlər Oqtay müəllim haqqında. Dahi Üzeyir bəy də bir vaxtlar sənətə gəlişinə xeyir-dua verdiyi balaca qonşusunu elə belə görmək istəmişdi.
Sədaqət Yusifqızı
Mədəniyyət.-
2012.- 25 yanvar.- S. 11.