2500
gündə 2000 iş
Günlər Bəhruzu, Bəhruz günləri
qovurmuş...
Hər
iki qovhaqov daimiliyə doğru imiş; biri - çox
halal-ümmət insan olduğuna görə, cənnət əbədiyyətinə,
biri - çox istedad sahibi olduğu üçün - sənət
əbədiliyinə doğru. “Alın yazısı” sahibi
öz halal bəndələrindən, əşrəf-əsərlərindən
birini öz yanına çəkmədə, müqtədir
fırça müəllifi isə xalq ad-sanı, milli qabiliyyət
naminə sənət əsərləri çəkməkdə...
Bəhruz çəkdiyi rəsmlərlə
birgə, yaşadığı ağrılı-əzablı
günlərini də sanayırmış. O, zəhər illərini,
gözəl alınan rəsmlərinə rəğmən
bahar fəsillərini, canını az-çox qızdıran
isti ayları və bir də - həyatında yox, həyətində
gül açan günləri də
sayıb-sonalayırmış deyə, biz də - “sən
saydığını say, gör, fələk nə
sayır” deyimini bir daha sayğılayaq...
Həyatda 30 il 17 gün
yaşayıb Bəhruz Kəngərli. 1892-ci ilin 22 yanvarında doğulub,
1922-nin 7 fevralında vəfat
edib.
Bəs sənətdə?..
Sənət həyatında, hələlik,
120 ildir ki, yaşayır. Bunun 23-nü - canında daşıdığı
ağrıların acığına
desəm, “şəxsi
mənafe nəfinə”
- özüyçün yaşayıb,
97-ni milli mənafe naminə - bizimçün.
Amma, uşaqlıqda keçirdiyi
daha şiddətli xəstəliklə əlaqədar
ağır eşidən
qulaqlarından bezar, sonrakı universal-serial mərəzlərlə
bağlı canından
həzər yaşasa
da, ömrünün
son yeddi ilində yaratdığı iki minə yaxın rəsm əsərlərinin
bircəsində də
heç bir “sarılıq-soluqluq” “patalogiya”sı
hiss olunmur, aktuallıq
sarıdan ölüm-itim
“epiqriz”i vəd edilmir. O, nəyə könül gözüylə
baxıb, hansı mövzuya əl qatıbsa, hamısı sənət murazına çatıb.
Həyatının qürub, yaradıcılığının
yeni tülu dəmlərində müasirlərinə
söyləyirmiş ki,
onu bu həyatda
saxlayan bu sənət həbləridir,
yoxsa, canındakı zalım ağrıları
öz gücünə
çəkə bilməzmiş.
Hərdən də yarı
zarafat-yarı xurafat -
baməzə dost-sirdaşlarına
qayıdarmış ki,
mən gözümü,
tezliklə özümü
aparacaq bu dünyada qoyub gedəcəm. “Batabat”a, Əshabi-kəhfə,
İlanlı dağa mənsiz gedəcəyiniz
çağlar mənim
bu dünya alından - cahan yanağındakı Nəqşicahan
xalından doymaz gözlərimi də götürərsiz özünüzlə.
Bahar nazlananda isə qoymazsız kirpikləri qırpılsın
amanatınızın...
Tay-tuşları
isə böyür-başlarında
hamıdan asta və hər kəsdən usta gəzə-gəzə təkcə
gəzməyə yox,
həm də dahiliyə gedən bu gəncin qulaqlarının eşidəcəyi
və eşitməyəcəyi
tonda sözlər deyib-danışarmışlar. Bu sözlərlə həm onu tərif-təskin edər, həm də kədərlərini
bir-biriylə bölüşüb,
ağır anlarını
yola verərmişlər...
Onun o dost-sirdaşlarından ikisiylə 1982-ci ildə qəribə bir məclis-mərəkədə tanışlığımız oldu. Onlardan biri - qohumu İsmayıl Kəngərli
idi, o biri - adını unutduğum tay-tuşlarından birisi.
Müqtədir Bəhruzun
o müxtəsərcə ad gününü - 90 illik yubiley məclisini tulumçu Cəbi kişi öz
“ən ibtidai icma” alətiylə əsl törən-mərəkəyə
çevirmişdi. Onun tulumu
necə gurum-gumbuldayırdısa,
tamaşaçıların sinələri də elə o sayaq qabarıb-qalxınırdı. Yanlarında dayandığım
həmin iki kişi isə
hərdən bir-birinə
baxır, kədər
və həzz dolu işarətlərlə
himləşirdilər. Sonrakı
çay süfrəsi
məclisində onlar
o “işarət him”lərini
mənimçün belə
“tərcümə” etdilər
ki, sən demə, tulumçu Cəbi kişi
bəzi məqamlarda uşaq yaddaşlarındakı
Bəhruzun canvermə
və əsərlərindəki
heç zaman ölməyəsi ritmləri
də ifa edirmiş...
Yeni tanışlarım B.Kəngərlinin tulum-musiqi
“portret”indən əlavə
“eskiz”lər də söylədilər ki, mən bunları yuxarıdakı sətirlərə
işlətdim.
Amma o təbii, saya,
nostalji kişilər bu bir-iki rəsmi-xronoloji
faktdan xəbərsiz idilər ki, Bəhruz ağır eşitmə səbəbindən,
heç ümumtəhsil
məktəbinə də
gedə bilməmiş,
C.Məmmədquluzadənin təşviq və himayədarlığı ilə
Tiflisdə Boyakarlıq
və Heykəltəraşlıq
Məktəbində oxumuşdur.
1910-cu ildən 1915-ci ilə qədərki tələbəlik dövründə
onun əsl rəssam kimi püxtələşməsində də Mirzə Cəlilin və “Molla Nəsrəddin”in əvəzsiz rolu olmuşdur.
Qosqoca gənc
İstedadı, ilhamı, fırçası
bu qədər təcrübəyə malik,
başarıya qabil, bəşəriliyə şamil
otuz yaşlı rəhmətliyə “qosqoca
gənc” deməyib, bəs necə öyəsən? Hələ
tələbə ikən
“mollanəsrəddin”çi rəssam Oskar Şmerlinqin
və bir tələbə yoldaşının
(Qudiaşvili) portretlərini
çəkməklə “20 yaşlı ağsaqqal rəssam” adını qazanmış bir gənci necə “qocaltmayasan”? Ardınca da “Qoca kişi”,
“Toy”, “Elçilik” kimi
möcüzələrindən, karikatura, mənzərə,
məişət səhnələrini
əks etdirən digər akvarel, boyakarlıq nümunələrindən
ibarət böyük
sərgisi ilə bütün Naxçıvan
sənətsevərlərini heyran edən iyirmi iki yaşlı
fenomeni yüz il sonrakı sevərlərinin diqqətinə
necə çatdırasan?
O vaxtkı “İqbal” qəzetinin yazdığı:
“Bu cavan rəssamımız
gələcəkdə iftixarımız
olacaqdır” öncəgörüsünü
bu vaxtkı “Mədəniyyət” qəzetinin
oxucularına “buncagörü”
kimi təqdim etməyəsənmi?..
Əbədi gənc və
qoca Bəhruz Kəngərlinin rəsmlərinə
baxdıqca nə görürsən? Tək elə
molbertə, “ramka” dediyimiz dar çərçivələrə
sığışdırıb-“sıxışdırılan”larımı?
Bu rəsmlərdə “Qoca və dəniz”
müəllifi Hemenqueyin
hadisənin iç-içalat
realizmi, İvanov lirizmi, Van Qoq impressionizmi burulğanlanır.
Onun “Yaşlı kişi”si ixtiyarlıq barədə fırça dilli sonsuz bir söhbətdir.
“Gürcü” portreti qonşu ölkəyə etno-turistik
bir səyahətdir.
B.Kəngərli
yaradıcılığına “Mövzu aktuallığı,
ideya-məzmun müasirliyi”
kimi tərkiblərdən
yanaşıldıqda da
- dilə, qələmə
əl verməyən bir iş tapılmaz.
Əslində, bu, sənətkar
üçün böyük
əlamət də sayılmamalıdır; sabaha
bir əhəmiyyət,
təsir-əsər daşımayası
bir əsərə bu gün niyə
qol qoymalısan ki? Bəhruz Kəngərlinin yüz il öncə yaratdığı “Qaçqınlar”,
“Qaçqın qız”,
“Yurdsuz ailə”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Ayaqyalın qaçqın
oğlan”, “Qaçqın
Gümsün” kimi portretləri olmasaydı, hələ də qədərincə və layiqincə fırçaya
alınmamış bugünkü
qaçqınlarımız elə bilməzdilərmi ki, bu görəcək
tək elə bunların başına gəlib? Dünyanın (“yan” tütəyili Fransadan iraq) ağıllılarına elə
gəlməzdimi ki, hayların “siyasət”dəki
1915 “nömrə”li qondarma
genosid ah-vayları sənət sənədlərinə
keçməyib? “Yer məni-yer məni” deyə-deyə, tər-təmiz
türk sözünün
assimilyasiyasından özlərinə
ad - “erməni”, arxaizm-türk
torpağından alt-yanlarına
neologizm “vatan” düzəldən vart-vart
Vartanlar elə qaynatmazdılarmı ki, yan-babaları, “şon-dığa”ları
tarixən türklərə
kəmərbəstə yox,
toqqadan aşağı...
daşnak, dinc-tumançax
“qınçax” olublar?
Bunlar “Mövzu aktuallığı”.
Qaldı
“ideya-məzmun” və
dünyəvi sənət-sənətkarlıq
məcmu-mündəricəsi. Buyurun - “Nuhun qəbri”, “Bahar”, “Payız”, “Günəş
batarkən”, “Şəlalə”,
“Dağlıq mənzərə”,
“Ağrı dağı”,
“Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol”, “Möminə xatın türbəsi” və sair.
Bunlar və adlarını
çəkmədiyim yüzlərlə
digər rəsmlər
yaradıcı, dünyəvi
bir millətin öz sənətkar övladı tərəfindən
fırçaya alınmış
sənət tərcümeyi-halıdır.
Yeddi ildə üç siyasi fəsil
Bəhruz Kəngərli yeddi
illik yaradıcılıq
ömründə üç
ictimai-siyasi fəsil yaşamalı olmuşdur;
mütləqiyyət, Cümhuriyyət
və - belə demək mümkünsə
- bolşevizmiyyət. Birinci “iyyət”dəki fəaliyyət nümunələrilə
az-çox tanış
olduq. İkincidə - Azərbaycan Xalq
Cümhuriyyəti dövründə
isə daha özgür maraqları hədəfləyən bir
sıra boyakarlıq və qrafika əsərləri yaradan müəllif, əsas diqqət və qüvvətini bütün
könül döyüntüləri,
amal-öyüntülərilə qəbul etdiyi milli müstəqilliyin sabahı üçün
yaradıcı gənclik
yetişdirməyə, banisi
olduğu milli teatr-tərtibat rəssamlığına
sərf edir. Bu sənəti daha
da sevdirmək və yüksəltmək
üçün xüsusi
dərnək yaradır,
fərdi sərgilərini
düzənləyir. “Xilaskar” adıyla gələn işğalçı
sovet ordusu bir çox “qazanaçdı” tədbirlərindən
növbətisi kimi,
1921-ci ildə Azərbaycanda
açdığı ilk böyük
sərgidə B.Kəngərlinin
500-dək əsərini nümayişə
çıxarır...
Bu dünyadan “kimlər gəlib, kimlər getsə də”, say və səyindən asılı
olmayaraq - insan nə etsə də, zaman əsl sənətkarların
qoruyucu mələyi vəzifəsini sədaqətlə
yerinə yetirir. Necə ki, bu
gün Moskva Dövlət Tarix Muzeyində, Azərbaycan Milli İncəsənət
və Naxçıvan
Dövlət Tarix muzeylərində Bəhruz
Kəngərli imzalı
yüzlərlə əsər
saxlanılmada, qorunmada,
baxılmada, sevilmədə...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2012.- 25 yanvar.-
S. 9.