Pir olası məkanda
Cəlil
Məmmədquluzadənin ev-muzeyində hər eksponat bir xatirəni
dilləndirir
Bakı şəhəri, Süleyman Tağızadə
küçəsi, 56. Bu ünvan çoxlarına
tanışdır. Bu məkan «Sizi deyib gəlmişəm, ey
mənim müsəlman qardaşlarım!» - deyə Azərbaycan
xalqı və müsəlman dünyasını fanatizmdən,
xurafatdan, savadsızlıq və cəhalətdən elmə,
ürfana, inkişafa çağıran, bu yolda zaman-zaman təzyiqlərə,
təqiblərə, məhrumiyyətlərə məruz qalan
dühanın ocağıdır. Burası bütün azərbaycanlıların
mirzəsi yükünü daşıyan millət
daşımız Mirzə Cəlilin və elə onun qədər
mübariz Həmidə xanımın pir olası məkanı,
zamanında bütün düşünən beyinlərə,
millət və vətən sevdalıların üzünə
açıq isti ocağıdır.
Mirzə
Cəlilin həyat məqamlarından
Azərbaycan ictimai fikir tarixində
«Molla Nəsrəddin» kimi fundamental bir ədəbi məktəbin
binasını qoymuş Cəlil Məmmədquluzadə ilə
bağlı aşkar edilən hər yeni sənədin,
faktın ədəbiyyatımız, tariximiz üçün
mühüm əhəmiyyəti var. Çünki istər
çar rejiminin, istərsə də sovet hakimiyyətinin böyük
Mirzə Cəlilə münasibəti birmənalı
olmayıb. Belə ki, 1920-ci ilin yazında baş verən
mürəkkəb hadisələr zamanı Mirzə Cəlil
qardaşı Mirzə Ələkbərin təkidi ilə ailəsini
də götürüb Təbrizə köçür. Burada
böyük çətinliklə «Molla Nəsrəddin» məcmuəsinin
nəşrini davam etdirir. Ədib 1921-ci ilin yayında N.Nərimanov
tərəfindən Sovet Azərbaycanına dəvət olunur
və həmin ilin iyununda Bakıya gəlir.
Ədibin Bakıya gəlişi
birmənalı qarşılanmır. Çox maneələrdən
sonra ona «Molla Nəsrəddin»i nəşr etdirməyə icazə
verilir. İndi ev-muzeyi kimi fəaliyyət göstərən mənzili
də ona yaşayış və redaksiyasının yerləşməsi
üçün verirlər.
Bakıda jurnalın nəşri
zamanı da Mirzənin fəaliyyətinə ciddi nəzarət
olunmuş, məcmuədə siyasi xarakterli kəskin
yazıların verilməsi qadağan edilmişdi. Lakin ögey
münasibət bununla da məhdudlaşmır. Türk dillərinin
saflığı və yeni əlifbaya keçid
ideyalarının əsas carçılarından olan Mirzə
Cəlil 1926-cı ilin fevral-mart aylarında Bakıda
keçirilən I Türkoloji qurultaya dəvət olunmur.
1931-ci il aprelin 14-də Azərbaycan
K(b)P MK katibliyinin qərarı ilə, təməlini
qoyduğu və 25 il redaktoru olduğu «Molla Nəsrəddin»
jurnalı “Azərbaycan Mübariz Allahsızlar Birliyi”nin
şuralarının «Allahsız» orqanına çevrilir, Vəli
Xuluflu dərginin yeni redaktoru təyin olunur. Ən qəribəsi
bu idi ki, jurnal yaradıcısının adı heç
redaksiya heyətinə belə daxil edilmir. Bu
haqsızlıqlara dözə bilməyən Mirzə Cəlil
açıq və ya üstüörtülü şəkildə
etirazını bildirir və elə buna görə də təqiblərə
məruz qalırdı.
Əbədi
ehtiyac və Kefli İsgəndər
Nə qədər ki, cəmiyyətdə
Şeyx Nəsrullahlar, Məmmədhəsən əmilər,
Novruzəlilər, Qurbanəli bəylər dolaşır, deməli,
Mirzə Cəlilə və onun Kefli İsgəndərinə
ehtiyacımız var. Bu ünvanı da bu ehtiyaca əlac
umusuyla gəzdik. Bələdçimiz isə ömrünü
Mirzə Cəlil ocağının yaşamasına həsr edən
Pərixanım Mahmudova - muzeyin direktoru oldu.
«Bu ünvan Mirzə Cəlilin
Bakıya qayıtdıqdan sonra yaşadığı mənzildir.
Deyim ki, bu muzeyin tarixi də ədibin taleyinə bənzəyir.
1979-cu ildə Azərbaycanın görkəmli mədəniyyət
və incəsənət xadimlərinin ev-muzeylərinin
yaradılması haqqında sərəncam verilmiş və
burada Cəlil Məmmədquluzadənin də adı qeyd
olunmuşdu. Ümumiyyətlə, respublikamızda ev-muzeyləri
şəbəkəsinin təşəkkül tapması ulu
öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd olunan sərəncam da böyük öndərin bu sahədə
həyata keçirdiyi siyasətin bir nümunəsi idi. Amma həmin
sərəncamdan sonra Cəlil Məmmədquluzadənin
ev-muzeyinin təşkili prosesi çox uzun çəkdi.
Çünki bu ev üç ailə arasında
bölünmüşdü. Məmmədquluzadələr ailəsi
çox böyük olub. Öz ailə üzvləri ilə
yanaşı, qohum-qardaşları, ehtiyacı olan
dost-tanış uşaqları və s. Yəni indi muzey kimi fəaliyyət
göstərən bu evi öz aralarında bölən ailələrin
tələblərini ödəmək, onları yeni mənzillərlə
təmin etmək müəyyən vaxt apardı. Bu mənzil
muzeyin sərəncamına veriləndə
sökülüb-dağılmış, divarlarında
suvağı tökülmüş, tavanından
yağış daman acınacaqlı bir məkan idi...”
Muzeyin təmiri də maliyyə
çətinlikləri üzündən bir neçə il
sürdü. Böyük öndər Heydər Əliyev
1993-cü ilə respublikada hakimiyyətə gələndən
sonra muzeyin hələ də xalqın ixtiyarına verilməməsindən
xəbər tutaraq bu barədə göstəriş verdi, bir
il sonra təmir başa çatdı və nəhayət,
1994-cü il dekabrın 28-də muzeyin rəsmi
açılışı keçirildi.
Açılışda prezident Heydər Əliyev iştirak
etmişdi.
Direktorun sözlərinə görə,
muzey açılanda fondlarda 3 minə yaxın eksponat
toplanmışdı və bu, muzey əməkdaşlarının
böyük zəhmət və axtarışlarının nəticəsində
mümkün olmuşdu. Hazırda muzeyin fondlarında 5 minə
yaxın nümunə olsa da, onların arasında Mirzə Cəlilin
şəxsi əşyası çox azdır. Çünki
Həmidə xanım həyat yoldaşının
yaradıcılığını yüksək qiymətləndirdiyindən
onun ölümündən sonra şəxsi əşyalarının
əksəriyyətini, eləcə də əlyazmalarını
respublikanın müvafiq arxiv, muzey və digər müəssisələrinə
verib.
Ədibin
əlyazmalarını yandırdığı soba... yenə də
soyuqdur
Birinci zalda Mirzə Cəlilin həyat
və fəaliyyətini əks etdirən fotolar, sənədlər,
bəzi əlyazmalarının surətləri yerləşdirilib.
Otağa daxil olan andan fotolar böyük Mirzə Cəlilin
iç dünyasının, xalqına, insanlara, ətrafına
münasibətinin xəyali şərti model-portretini
yaradır. Bu «portret»i dövrünün görkəmli
ziyalıları, Azərbaycanın milli özünüdərkində
əməyi olanların fotoları tamamlayır.
İkinci ekspozisiya zalı Məmmədquluzadələrin
qonaq otağı olub. Buradakı mebellər, yemək dəstlərinin
düzüldüyü masa, ətrafdakı stullar, ümumilikdə
bu sadəlik ilk baxışda diqqəti cəlb edir.
Evdə iki soba var. Amma bunlardan
hansının ədibin əlyazmalarını
yandırdığı üzüqara soba olduğunu təyin
etmək çətindir. Həmidə xanım xatirələrində
yazır ki, «Mirzə Cəlil bir gün uşaqların
otağını qızdırmaq üçün ... əlyazmalarını
yandırdı».
Dərvişvari
etiraf
Mənzilin quruluşu, tərtibatı,
içərisindəki əşyalar və bu ailə
haqqındakı xatirələr onların həyat və
yaşam tərzi haqqında aydın təsəvvür
yaradır. Hiss olunur ki, Məmmədquluzadələr ailəsi
sadə həyat tərzinə üstünlük verib, dəbdəbədən
uzaq olublar.
Həmidə xanımın xatirələrindəki
bir fikir diqqətimi cəlb etdi: «Mirzə Cəlil bir dəfə
özü haqqında mənə belə dedi: «Mən ailə
həyatı üçün yaranmamışam. Əslində
dərvişvari bir adamam, xasiyyətim ağırdır, əsəbiyəm.
Etiraf edirəm ki, mənimlə yaşamaq çətindir.
Uşaqları tərbiyə etməyə səbrim
çatmır. Sən məni ailə adamı eləyibsən».
Bu fikri davam etdirən muzey direktoru
Həmidə xanımın xatirələrinə əsasən
ədibin şəxsi keyfiyyətləri barədə də məlumat
verdi: «Mirzə Cəlil ətrafına, insanlara qarşı
çox həssas, diqqətli olub. O, tanışlarını
evə dəvət etsə, o qədər də
danışmaz, sadəcə qulaq asarmış. O, ailəsini
çox sevib, harada olursa-olsun, onlarla məktublaşıb.
Övladlarından daha çox Midhətə bağlı
olub».
Həmidə
xanımın otağı
Bu munis, xudmani otaqda Həmidə
xanıma aid müxtəsər bir aləm yaradılıb. Evin
xanımının zövqünü əks etdirən otaqda
bütün xanımların çox sevdiyi iri güzgü
var. Tez-tez səfərlərdə olan xanımın iri əl
çantası, şəxsi əşya və bəzək
nümunələrini yığdığı heybəsayağı
kosmetika qabı, bir dəst kostyumu və süni xəzdən
hazırlanmış üst geyimi bu xanım, onun zövqü
haqqında müəyyən təsəvvür yaradır.
Ümumilikdə bu otaqda ailəsinə və həyat
yoldaşına bağlı Həmidə xanımın
yaşam tərzi, düşüncələrinin hakimliyi var.
Ömrün
son akkordları
Dördüncü otaq isə Mirzə
Cəlilin dramaturgiyasına və «Molla Nəsrəddin»
jurnalına həsr olunub. Nümunələr arasında «Molla
Nəsrəddin» dərgisinin Tiflis, Təbriz və nəhayət,
Bakı dövrünü əks etdirən eksponatlar da var.
Otağın mərkəzində nərd
masası və iki stul qoyulub. Bu da ev sahibinin stolüstü
oyunlara meylli olduğunu və mütəmadi olaraq dostları
ilə dama, şahmat, nərd oynadığını göstərir.
Beşinci zal da sadəliyi ilə
diqqət çəkir. Jurnalın redaksiyasının yerləşdiyi
otaqda ədibin şəxsi kitabxanasından qalan az sayda
kitabın toplandığı iki şkaf, yazı masası,
iri termo və Həmidə xanımın ad günü
münasibətilə ona hədiyyə etdiyi divar saatı var.
Direktor Pəri Mahmudova ziyarətçilərin
daha çox bu otaqda ayaq saxladıqlarını, onun ədibin
şəxsi əşyalarına, yazı masasına, üzərindəki
nümunələrə diqqətlə baxdıqlarını
deyir: «Bu, ədibin iş stoludur. Dövlət Ədəbiyyat
Muzeyindən verilmiş bu masada «Molla Nəsrəddin»
jurnalının 1-ci nömrəsi, yazı ləvazimatları
var. Bu guşədə isə ədibin istifadə etdiyi məişət
alətləri nümayiş olunur. Mirzə Cəlil evdə
kiçik təmir işlərini özü görərmiş.
Həmidə xanım xatirələrində onun eyvanın
kilidini təmir etdiyi zaman insult keçirdiyini və 1932-ci il
yanvarın 3-də beyninə qansızma nəticəsində vəfat
etdiyini yazır».
Beləcə, böyük
ömrün son akkordlarının vurulduğu mənzili və
zaman «maşını»nın unutduğu ortamı tərk etdik.
Geridə müqəddəs ocağı ziyarətdən
yaranan xoş təəssürat və böyük ədibin hələ
də var olan qəhrəmanları qaldı.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2012.- 25 yanvar.-
S. 7.