Şadam ki, Azərbaycanda alman mədəni irsinə diqqət göstərilir”

 

   Herbert Kvelle: “Həvəskar musiqiçi kimi mən də ölkələrimiz arasında mədəni əlaqələrin dərinləşməsinə töhfə vermək istərdim”

  

   Azərbaycanla Almaniya arasında uzaq məsafə olmasına baxmayaraq, ölkələrimizi birləşdirən bir sıra məqamlar var. XIX əsrdə Vürttemberq Krallığından gələn alman icmasının Azərbaycanda məskən salması, burada alman yaşayış məntəqələrinin yaranması nəticəsində xalqlarımız bir-birilərinin tarixi, mədəniyyəti və ənənələri ilə yaxından tanış oldular. Bu tarixi əlaqələr bu gündavam edir. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə sıx əməkdaşlıq etdiyimiz Avropa ölkələrindən biriAlmaniya oldu. Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle ilə söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bu gününə və gələcək perspektivlərinə nəzər saldıq.

  

   - Cənab Kvelle, Azərbaycana səfir təyinatını necə qarşıladınız?

   - Azərbaycana diplomatik fəaliyyətə göndərilməyimi çox müsbət qarşıladım. Mən hələ Londondakı alman səfirliyinin iqtisadiyyat şöbəsinin rəhbəri işləyərkən gələcəkdə Azərbaycanda çalışmaq istədiyimi ölkəmizin Xarici İşlər Nazirliyinə bildirmişdim və nəticədə bu istəyim müsbət qarşılandı. Onu da deyim ki, Londonda Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyəti ilə tanışlıq, həmkarlarımızın tövsiyələri və Azərbaycan haqqında oxuduqlarım məndə bu regiona maraq oyatdı.

   - Maraqlıdır, buraya gələnə qədər Azərbaycan haqqında nələri bilirdiniz?

   - Yuxarıda qeyd olunan mənbələrdən başqa, mənim Azərbaycan barədə müəyyən təsəvvürüm var idi. Çünki hələ əvvəllər də bu regionda olmuşdum. Mənə məlum idi ki, keçmiş Sovet İttifaqının bir çox ölkələri kimi, böyük dəyişikliklər içində olan bir ölkəyə gələcəyəm. Həmçinin onu da bilirdim ki, bu dəyişiklik böyük neft-qaz yataqlarının istismarı sayəsində xüsusilə dinamik şəkildə gerçəkləşir.

   - XIX əsrdə Azərbaycanda məskunlaşan almanlar iki xalq arasında əlaqələrə mühüm töhfə veriblər. Azərbaycanla Almaniya arasında əlaqələrin bu gününü necə dəyərləndirirsiniz?

   - Alman-Azərbaycan əlaqələri sıx və etibarlıdır. 1819-cu ildə buraya gələn almanlar Helenendorf (indiki Göygöl şəhəri) və Azərbaycanın şimal qərbində digər yaşayış məskənlərinin əsasını qoyublar. Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Bu illər ərzində əməkdaşlığımız bir çox sahələrdə inkişaf edib. Almaniyanın GTZ təşkilatı tərəfindən uzun illərdir ki, Azərbaycana texniki əməkdaşlıq sahəsində məsləhətlər veririk ki, bu da Azərbaycanda yüksək qiymətləndirilir. Maliyyə əməkdaşlığı sahəsində Almaniya Kreditanştalt für Videraufbau (KFV) bankının timsalında Azərbaycanın əhəmiyyətli tərəfdaşıdır. Alman enerji şirkətləri olan RWE və E.ON Cənubi Qafqaz Dəhlizinin əhəmiyyətli neft layihələrində iştirak edir. İkitərəfli münasibətlərdə ən böyük auditoriya təsirinə malik hadisə isə, təbii ki, Azərbaycan təmsilçilərinin Almaniyada, Düsseldorfda keçirilən “Eurovision” mahnı müsabiqəsində qələbəsi oldu.

   - Azərbaycanla Almaniya arasında, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də sıx əməkdaşlıq var. Bir neçə il öncə ölkələrimizdə qarşılıqlı mədəni mübadiləyə nümunə olaraq mədəniyyət günləri də keçirildi. Bu barədə nə deyə bilərsiniz? Sizcə, mədəni əlaqələrimizin səviyyəsi qaneedicidirmi?

   - Ölkələr arasında "Mədəniyyət ili”, “Mədəniyyət həftəsi” tədbirlərinin keçirilməsi qarşılıqlı əlaqələrə, mədəniyyətlərarası dialoqa çox mühüm töhfədir. Biz 2008-ci ildə Almaniyada “Azərbaycan mədəniyyəti ilinin təşkilini çox yüksək qiymətləndiririk. Eyni zamanda biz də 2009-2010-cu illərdə Azərbaycanda “Almaniya həftələri" şəklində 50-dən çox tədbir keçirdik. Amma bizim üçün aydındır ki, bu cür tədbirlər böyük zəruri təşkilati və maliyyə dəstəyi əsasında yalnız böyük vaxt intervalları ilə həyata keçirilə bilərlər. Buna görə hər iki ölkənin mədəniyyət xadimləri arasında daimi mübadilə eyni dərəcədə önəmlidir. Biz səfirlik olaraq buna təşəbbüs göstəririk və bu addımları dəstəkləyirik. Bu mübadiləyə dair bir sıra nümunələr var. Azərbaycanın bir çox mədəniyyət xadimləri Almaniyada çalışır, hətta orada daimi yaşayırlar. Ən yaxşı misal kimi Berlin-Bakı qalereyasının fəaliyyətini, yaxud tanınmış caz ifaçısı Əzizə Mustafazadənin adını qeyd etmək olar. Alman rəssamları isə Azərbaycanın unikallığından ilham alırlar. Buna misal kimi sonuncu dəfə 2010-cu ildə Bakıda böyük sərgi ilə təmsil olunan almaniyalı rəssam Peter Foelleri göstərmək olar. Həvəskar musiqiçi kimi mən də ölkələrimiz arasında mədəni əlaqələrin dərinləşməsinə töhfə vermək istərdim. Bu yaxınlarda mən Azərbaycanda tanınmış caz musiqiçiləri ilə birgə Beynəlxalq Muğam Mərkəzində xeyriyyə konserti təşkil etdim. Əldə olunan vəsaitin bir hissəsi də “Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Mərkəzinə verilir. Bu, gələcəkdə Bakıya alman mədəniyyət xadimlərinin dəvət edilməsinə imkan verəcək.

   - Cənab Kvelle, qeyd etdikləriniz mədəni əməkdaşlığımıza verilən gözəl töhfələrdir. Necə düşünürsünüz, ölkələrimiz arasında mədəni əlaqələri inkişaf etdirmək üçün daha nələr etmək lazımdır?

   - Bu əlaqələri inkişaf etdirmək üçün hüquqi bazada müəyyən işlər görülməlidir. Almaniya ilə Azərbaycan arasında mədəni əməkdaşlıq üzrə saziş hələ 1995-ci ildə imzalansa da, indiyədək ratifikasiya olunmayıb. Bu günə qədər bu saziş şərti tətbiq edilir. Hazırda biz bu sahədə qalan maneələrin aradan qaldırılması yollarını araşdırırıq. Məsələn, fərdi hallarda bir müəllim kimi alman dilini tədris etmək üçün Azərbaycana səfər edən alman mütəxəssisləri qeydiyyat prosesində çətinliklər olması barədə məlumat veriblər. Buna görə Almaniyanın Xarici İşlər Nazirliyi tərəfindən Almaniyanın UNESCO Komissiyası ilə birgə təsis olunmuş "Geniş mədəniyyət" proqramının könüllüləri Azərbaycana gələ bilmirlər. Amma mən bu çətinliklərin mədəni əməkdaşlıq üzrə sazişin ratifikasiyası çərçivəsində öz həllini tapacağına əminəm.

   - Almaniyanın Bakıdakı səfirliyi olaraq mədəni əməkdaşlıqda hansı prioritetləriniz var?

   - Bizim üçün əsas prioritet mədəni əməkdaşlıqda mövcud ehtiyatlardan maksimum yararlanmaqdır. Mən xüsusilə mövcud olan şəbəkələrin mütəmadi rolunu görürəm: məsələn, rəssamlar və mədəniyyət xadimləri, DAAD (Almaniya Akademik Mübadilə Xidməti) məzunlarını və Almaniya ilə xüsusi əlaqələri olanbuna görə də bizim mədəniyyətlər arasında bir körpü kimi çıxış edən digər təqaüdçüləri göstərmək olar. Bu səylər nəticəsində səfirlik burda təmsil olunan vasitəçi təşkilatlar, xüsusilə Göte İnstitutu və DAAD tərəfindən dəstəklənir.

   - Bildiyiniz kimi, XIX əsrin əvvəllərindən almanlar Azərbaycanda Helenendorf, Annenfeld kimi yaşayış məskənləri salıblar və onların tarixi izləri indiyədək qalır. Bu izlərin qorunub saxlanılması istiqamətində hansısa planlar mövcuddurmu?

   - Azərbaycanda ilk səfərlərimdən biri ölkənizin şimal-qərbindəki keçmiş alman yaşayış məskənlərinə oldu. Hələ də Göygölün unikal, böyük hissələrində qorunub-saxlanılan bu ansambl Azərbaycanda almanların XIX əsrdəki həyatından xəbər verir. Mən çox şadam ki, Azərbaycanın mədəniyyət və turizm naziri, Göygöl rayonunun icra hakimiyyətinin başçısı və digər rəsmilər Azərbaycanda alman mədəni irsinin qorunmasına mühüm diqqət göstərirlər. Azərbaycan tərəfinin belə yanaşması Almaniya tərəfindən bərpa işlərinə kömək, muzey konsepsiyasının həyata keçirilməsi üçün mütəxəssislərin təlimə göndərilməsi, hətta maddi baxımından dəstəkləməsi əsas şərtlərdir. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyində görüşüm zamanı bu təkliflə yenidən çıxış etmişəm. Göygöldəki köhnə alman kilsəsinin 2009-cu ildə başa çatmış bərpası ilk mühüm uğurdur. Bununla yanaşı, Göygöldə Viktor Kleinın (buradakı alman icmasının sonuncu nümayəndəsi - red.) evinin və Şəmkirdə yerləşən kilsənin gələcəyi hələ aydın deyil.

   - Azərbaycanda olduğunuz müddətdə ölkəmiz və xalqımız sizdə hansı təəssüratı yaradıb?

   - Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşib və bu gün də belədir. Bu təbii ki, azərbaycanlıların mentalitetinə də təsir göstərib. Azərbaycanın gündəlik həyatında tez-tez digər mədəniyyətlər və dinlərə qarşı çox açıq münasibət və nümunəvi tolerantlığın olduğunu müşahidə edirəm. Azərbaycan bu regionda nümunəvi xarakterli, böyük bir kapitala malikdir. Elə bu açıq, tolerant ab-hava vasitəsilə Bakı faktiki olaraq bütün dünya üçün "Qlobal şəhərə" ("Global city") çevrilə bilər.

   - Burada mədəni tədbirlərə, teatra, opera tamaşalarına, konsertlərə getməyə vaxt tapırsınızmı?

   - Mən müntəzəm olaraq hər cür mədəni tədbirlərdə iştirak edirəm. Klassik operadan da çox mənə yerli və beynəlxalq musiqiçilərin iştirakı ilə keçirilən caz konsertləri maraqlıdır. Muğam elementlərinin caz ilə sintezini xüsusilə maraqlı sayıram. Çox şadam ki, Azərbaycan getdikcə, öz cazibədar mədəniyyətini daha geniş şəkildə dünyaya çatdırmağa nail olur. Əlbəttə, bu mədəniyyətin dünyaya çatdırılmasında Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

   - Ölkələrimiz arasında turizm əlaqələri ilə bağlı nə deyə bilərsiniz və bu əlaqələrin perspektivini necə görürsünüz?

   - Ümumiyyətlə, burada böyük inkişaf potensialını görürəm. Almaniyaya azərbaycanlıların səfərləri günbəgün artır. Buna səbəb həm də “Lufthansahava yolları şirkəti vasitəsilə Almaniyaya birbaşa uçuşların həyata keçirilməsidir. Bundan fərqli olaraq, Azərbaycanda alman turistlərinin sayı hələ də çox azdır. Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi bu vəziyyəti dəyişmək üçün unikal imkanlar yaradacaq. Yeri gəlmişkən, Azərbaycan turizmin davamlı inkişafı üçün hotel infrastrukturu ilə yanaşı, həm də xidmət sektorunun peşəkarlığına sərmayələr yatırmalıdır fikrini dəstəkləyirəm. Almaniyanın Jade Universiteti ilə əməkdaşlıq edən Azərbaycan Turizm İnstitutunun bu istiqamətdəki səyləri Almaniya tərəfindən dəstəklənir. Turizm qaydalarının sadələşdirilməsi də bu sahəyə stimullaşdırıcı təsir göstərə bilər.

   - Azərbaycanda olduğunuz müddətdə regionlarımıza, tarixi, görməli yerlərimizə necə, baş çəkmisiniz?

   - İş məqsədilə və ya ailəmlə birlikdə Azərbaycanın müxtəlif regionlarına səyahət etmək imkanlarım olub. Göygöl, Şəmkir, Gəncə, Gədəbəy, Quba, Qobustan, Naxçıvan və əlbəttə ki, Abşeron yarımadasında olmuşam.

   - Milli mətbəximizlə aranız necədir?

   - Azərbaycanın milli mətbəxini ənənəvi hesab edirəm. Bu mətbəx əsasən təzə emal olunan yerli ət, balıq, tərəvəz və meyvə məhsullarına əsaslanır. Mən çəhrayı rəngə çalan qızartma ətə üstünlük verirəm. İncə bişirilmiş dolmaplov mənim üçün ləziz yeməklərdir. Qəlyanaltılarınız da zəngin çeşidlidir. Mürəkkəb hazırlanmış souslara və yeməklərin dadını dəyişən ədviyyatlara mətbəxdə az rast gəlinir.

   - Cənab səfir, Azərbaycanı tərk edərkən xatirə olaraq özünüzlə nə aparmağı düşünürsünüz?

   - Mən hələ burada kifayət qədər uzun müddət olmadığımdan xatirə olaraq özümlə nə aparmağı düşünməmişəm. Amma biz artıq Bakıdakı xalça fabrikindən gözəl bir xalça almışıq. Əlbəttə ki, bizim kiçik incəsənət kolleksiyamız üçün bir rəsm və ya heykəl alacağam. Biz çoxlu muğam-cazmuğam-klassik CD-ləri də əldə etmişik.

  

   Mehparə Sultanova

 

Mədəniyyət.- 2012.- 25 yanvar.- S. 5.