Musiqi irsimizin saxlanc yeri
Paytaxtımızda fəaliyyət göstərən
aparıcı muzeylərdən biri də milli musiqimizin
tarixini, cərəyan və janrlarını, inkişaf yolunu əks
etdirən, zəngin irsimizin saxlanc yeri olan Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyidir. Ötən əsrin 60-cı illərində
təşkil olunan muzey Azərbaycan musiqi tarixi ilə
bağlı materialları toplamaq, qorumaq, araşdırmaq, təbliğ
edib gələcək nəsillərə çatdırmaq məqsədilə
yaradılıb.
Hazırda 50 min eksponatın
qorunduğu muzeydə musiqi mədəniyyətimizin ən
maraqlı məqamlarını, korifey sənətkarların
şəxsi əşyalarını, bəstəkarlarımızın
müəllif not əlyazmalarını, ən maraqlı,
unikal və qədim musiqi alətlərinin əslini və
eskizlərini görmək olar.
Muzeyin ekspozisiya zalına daxil olan
andan sehrli bir aləmə düşürsən. Ona görə
də istər-istəməz eksponatlarla tanış olarkən
musiqi ilə sehrlənir, bu ecazkar sənət sahiblərinin
yaradıcılığını əks etdirən nümunələrə
heyranlıqla baxırsan. Elə biz də muzeyin əməkdaşı
Fatmaxanım Abbasovanın bələdçiliyi ilə bu maraqlı
məkanı eyni heyranlıqla gəzdik.
Fondlarda nələr qorunur?
Muzey xalq calğı alətləri
daimi sərgisini və iki böyük musiqiçi - maestro
Niyazi və milli cazın banisi Vaqif Mustafazadənin mənzil-muzeylərini
də öz ətrafında birləşdirib.
Arxiv-memuar, foto-neqativ, musiqi alətləri,
fonoteka, eskiz-maket, not əlyazmaları kolleksiyalarından ibarət
muzeyin fondlarında ən nadir nümunələrə rast gəlmək
olur.
Muzeyin fondları barədə ətraflı
məlumat verən bələdçi tanınmış bəstəkarların,
musiqiçilərin, vokalçıların, xanəndələrin,
müğənnilərin, rəqqasların həyat və
yaradıcılığına aid olan materialların,
afişaların, proqram və məktubların
toplandığı arxiv-memuar fondunda dəvətnamələr,
not əlyazmaları, kitablar, teleqramlar və s. sənədlərin
də saxlandığını dedi.
Foto-neqativ fondunda gəlincə isə,
burada ziyarətçilərə tanınmış bəstəkarların,
musiqiçilərin, xanəndələrin, rəqqasların
nadir və orijinal foto və neqativləri barədə məlumatlar
verilir.
Müxtəlif dövrlərin
musiqi mənzərəsini yaratmaq baxımından çox
maraqlı olan muzeydə ziyarətçilər görkəmli
bəstəkarlar Qara Qarayev və Müslüm Maqomayevin şəxsi
royallarını, XX əsrin əvvəlinə aid ruporlu
qrammofonları, valları da görə bilərlər.
Burbuğ və arfadan da yaşlı çəng
Muzeyin musiqi alətləri fondunda
220 ədəd eksponat var ki, bunların arasında Azərbaycanın
görkəmli musiqi xadimlərindən Qurban Pirimov, Bəhram Mənsurov,
Xan Şuşinski, Keçəçi oğlu Məhəmməd,
Əhməd Bakıxanov, Hüseyn Saraclı, Səid Rüstəmov,
Məmmədağa Muradov, Həbib Bayramov, Kamil Əhmədov
və başqalarına məxsus olan musiqi alətlərini
xüsusilə qeyd etmək istərdim. Muzeyi ziyarət edənlər
həmçinin Azərbaycanda geniş yayılmış,
lakin sonralar müxtəlif səbəblərdən
unudulmuş və sənətşünaslıq doktoru,
professor Məcnun Kərimov tərəfindən bərpa
edilmiş qədim musiqi alətləri və eyni zamanda
dünya xalqlarının alətlərinin nümunələri
ilə də tanış ola bilərlər. Bələdçimizin
sözlərinə görə, Məcnun müəllimin ikinci
həyat verdiyi bu alətlər muzeyə gələnlər tərəfindən
böyük maraqla izlənilir: “Adı «Kitabi-Dədə
Qorqud» dastanından bizə məlum olan qopuz, tulum,
kamançanın əcdadı sayılan çəqanə,
klassik ədəbi nümunələrimizdə adı çəkilən
rud, rübab, səntur kimi simli musiqi alətləri ziyarətçilərin
diqqətlə tamaşa etdikləri nümunələrdir. Əsasən
qadınlar tərəfindən ifa olunan orta əsr çəng
aləti də maraqlı eksponatlarımızdandır.
Arfanı xatırladan bu alət qeyri-adi quruluşu və səs
texnikası ilə seçilir. Şərq ölkələrində
və o cümlədən də Azərbaycanda geniş
yayılan bu alət barədə Bərdədə aparılan
qazıntı zamanı tapılan boşqabdakı təsvir
müəyyən söz deyir. Həmin təsvirdə çəng
ifa edən qadın əks olunub. Bu da həm alətin qədimliyini,
həm də Azərbaycanda qadınların musiqi
ifaçılığına böyük maraq göstərdiyini
göstərir. Alimlər elə bu təsvirə əsasən
çəngin avropalıların arfasından da qədim
olduğunu yəqin ediblər”.
Eksponatlar arasında
ölçü baxımdan çox kiçik və olduqca
maraqlı quruluşu ilə seçilən bir nümunə də
diqqətimizdən yayınmadı. Quş tütəyi
(burbuğ) adlı maraqlı və ölçü
baxımından çox kiçik, təxminən sərçəni
xatırladan alət barədə məlumat verən bələdçi
bu nümunənin muzeyə hədiyyə olunduğunu bildirdi:
«Bizdəki ən qədim eksponatlardandır. XVIII əsrə
aid nümunə Ağsu şəhərində tapılıb.
Alətdə ifa da maraqlı xüsusiyyətə malikdir».
Cabbarın səsi, Qurbanın tarı...
Fonotekada 1733 ədəd val qorunub
saxlanılır. Bundan əlavə, fondda 379 ədəd audio
lent, yazılar və 189 ədəd CD disk də var.
Fonotekanın XX əsrin əvvələrinə aid nümunələri
arasında “Konser Rekord”, “Ekstrafon”, “Sport Rekord”, “Primer Rekord”, “Qrammofon
Rekord”, “Pate” firmalarının valları toplanıb. Keçəçi
oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev,
Qurban Pirimov və Azərbaycanın başqa məşhur
ifaçılarının səslərinin
yazıldığı bu vallar barədə məlumat verən
bələdçi Şərqdə səsini ilk dəfə
qrammofona yazdıran sənətkarın Cabbar
Qaryağdıoğlu olduğunu bildirdi: «O dövrdə Azərbaycan
sənətkarlarının ifasında səslənən
muğam, təsnif, mahnı və oyun havaları Varşavada
qrammofon vallarına yazılırdı. Seyid Şuşinski,
Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova
və başqa XX əsrin ifaçılarının vallara
yazılmış səsləri fonotekamızda qorunub
saxlanılır. 200-ə qədər valın səsləri təmizlənərək
CD disklərə yazılıb».
Nümunələr arasında
Keçəçi oğlu Məhəmmədə məxsus
qaval, Qurban Pirimovun məşhur tarı ilə yanaşı,
digər şəxsi əşyaları - təsbehi, eynəyi,
kamertonu, cib saatı da maraqla izlənən eksponatlardandır.
Görkəmli sənətkar Fatma Muxtarovanın «Karmen»
operasında geyindiyi şal, rolda istifadə etdiyi navaxa,
Üzeyir bəyin Qurban Pirimova hədiyyə etdiyi
gümüş stəkanaltı, məşhur balet
ifaçımız Qəmər Almaszadənin balet
tamaşası zamanı geyindiyi balet ayaqqabısına da
muzeyin ekspozisiyasında tamaşa etmək olar. Maestro Niyazinin
dirijor pultu və çubuğu, cib saatını görmək
istəyənlər yollarını bu muzeydən sala bilərlər.
Aşıq Hüseyn Saraclının sazı, əsrin əvvəllərinə
aid zurna və aşıq sənəti ilə bağlı
maraqlı foto nümunələr də burada qorunmaqdadır.
Eləcə də Bəhram Mansurovun səhnə geyimi və
ona məxsus olan tarı görmək, ifaçının
dövrünə səyahət etmək də
mümkündür.
Müəllif notları və unikal fotolar
Muzeydə maraqla izlənən
müəllif not əlyazmaları fondunda isə Azərbaycanın
görkəmli bəstəkarlarının, peşəkar
musiqimizin yaradıcısı Üzeyir Hacıbəylinin,
musiqi sənətimizin inkişafında öz dəst-xətti
olan Qara Qarayevin, Soltan Hacıbəyovun, Cövdət
Hacıyevin, Niyazinin, Fikrət Əmirovun, Zakır
Bağırovun, Hacı Xanməmmədovun, Tofiq Quliyevin, Ədilə
Hüseynzadənin, Şəfiqə Axundovanın, Oqtay
Zülfüqarovun, Vaqif Mustafazadənin, Fərəc Qarayevin,
Cavanşir Quliyevin və başqalarının müəllif əlyazmaları
saxlanılır.
Muzeydə maraqlı fotolarla da
tanış ola bilərsiniz. Opera və balet
tamaşalarından, teatr və konsertlərdən nadir fotolar,
aşıqların ilk qurultayı, filarmoniyanın
çoxillik tarixinin müəyyən mərhələləri
və ümumilikdə Azərbaycanın məşhur
musiqiçi və ifaçılarının maraqlı,
heç yerdə görmədiyiniz fotoşəkilləri də
muzeydə sərgilənən nümunələr
arasındadır.
Qədim
alətlərin yeni ifası
Muzeyin nəzdində 14 nəfərdən
ibarət olan Qədim milli musiqi alətləri ansamblı da fəaliyyət
göstərir. Professor Məcnun Kərimovun rəhbərlik
etdiyi ansamblın bənzərsiz cəhəti ondadır ki,
musiqiçilər orta əsrlərdə istifadə
olunmuş, tədricən unudulmuş və sonradan bərpa
olunmuş musiqi alətlərində XIV əsr musiqisini, həmçinin
Azərbaycan xalq mahnılarını ifa edirlər.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2012.- 27 yanvar.- S. 15.