“Artistlik etməyi bacarmıram”
“Obrazda ağlayıramsa, həqiqətən
ağlayıram, gülürəmsə, təbii gülürəm”
İstedadlı teatr və kino aktyoru, Əməkdar
artist, “Qızıl Dərviş” mükafatı laureatı, Mədəniyyət
və İncəsənət Universitetinin dosenti Fərhad
İsrafilov sənətin sehrli aləminə kiçik
yaşlarından düşüb. “Şərikli çörək”
filmi ilə başlayan yaradıcılıq yolu bu gün də
davam edir. Kinoda, teatrda, televiziya tamaşalarında
yaratdığı bir-birindən maraqlı obrazlar ona
tamaşaçı rəğbəti qazandırıb.
Fərhad İsrafilov kinoda növbəti
işlərini tamaşaçıların mühakiməsinə
verməyə hazırlaşır. Ramiz Həsənoğlunun
Anarın ssenarisi ilə çəkdiyi “Sabahın səfiri” və
Aqil Abbasın eyniadlı romanı əsasında Elxan Cəfərovun
ekranlaşdırdığı “Dolu” bədii filmində rol
alıb.
- Bildiyimə görə,
İsrafilovlar ailəsindən üç qardaş həyatını
teatrla bağlayıb. Cəbrayıl İsrafilov Lənkəran
Dram Teatrında müxtəlif obrazlar yaradıb. Sonra “Yuğ”
Teatrının direktoru olub. Digər qardaşınız
İsrafil İsrafilov tanınmış sənətşünasdır.
Hazırda Akademik Milli Dram Teatrına rəhbərlik edir...
- Bir qardaşımızı
unutdun. Böyük qardaşımız rəhmətlik
Ağakərim İsrafilov da aktyor olub, görkəmli sənətkar
Ağadadaş Qurbanovun yetirməsi idi. Əslində biz
hamımız sənəti böyük qardaşımızdan
öyrənmişik. Gedib onun Gənc Tamaşaçılar
Teatrında oynadığı tamaşalara baxırdıq.
İstedadlı aktyor idi.
- Çoxları “Yeddi oğul istərəm”
filmindəki Qəqəni rolunu sizin kinoda debütünüz
hesab edir. Amma səhv etmirəmsə, siz ilk dəfə “Şərikli
çörək” filmində çəkilmisiniz...
- Kinoya 1969-cu ildə Şamil
Mahmudbəyovun ekranlaşdırdığı “Şərikli
çörək” filmindəki epizodik rolla gəlmişəm.
Filmdə məhəllə uşaqlarından birini
oynamışam.
- Bir il sonra Tofiq Tağızadə
“Yeddi oğul istərəm”də sizə Qəqəni rolunu
etibar etdi...
- Bəzi
jurnalistlər müsahibə hazırlamaq istəyəndə mənə
yalnız Qəqəni barədə sual verirlər. Mən isə
bu barədə danışmaq istəmirəm. Ona görə
yox ki, nədənsə utanıram. Əksinə, görkəmli
aktyorlarla eyni filmdə çəkildiyimdən qürur duyuram.
Filmin ekranlara çıxmasından 40 ildən çox vaxt
keçsə də, “Yeddi oğul istərəm” bu gün də
maraqla izlənilir. Lakin Qəqənini oynayan aktyor bu illər ərzində
elə Qəqəni olaraq qalmayıb axı. Bu illər ərzində
mən kinoda, teatrda, televiziya tamaşalarında bir-birindən
fərqli obrazlar yaratmışam. “Mosfilm”də, “Tallinfilm”də
rollara çəkilmişəm. İstedadlı rejissor Ramiz Həsənoğlunun
Azərbaycan televiziyasında yaratdığı “Sabah”
yaradıcılıq studiyasında 10-dan çox tamaşada
rol oynamışam. İndi nə edim, bütün günü
oturub elə “Yeddi oğul istərəm”dəki Qəqənidən
danışım?
- SSRİ Xalq artisti Yevgeni Matveyevin
tələbəsi olmusunuz. Moskvada təhsil
aldığınız illəri necə
xatırlayırsız?
- 1975-ci ildə ilk dəfə
olaraq Ümumittifaq Kinematoqrafiya İnstitutunda azərbaycanlı
tələbələrdən ibarət aktyorluq kursu fəaliyyətə
başladı. SSRİ Xalq artisti Yevgeni Matveyevin kursunda təhsil
almaq həmin tələbələrlə birgə mənə
də nəsib oldu. Moskvadakı tələbəlik illərini
bir cümlə ilə ifadə etməli olsam, mərhum Əli
Kərimin poeziyasına müraciət edərdim - “Nə xoşbəxt
imişəm bir zaman, Allah”....
Müəllimim Yevgeni Matveyev məni
“Mosfilm”də iki filmə - “Ən mühüm
tapşırıq” və “Qələbə” filmlərinə
çəkdi. “Ən mühüm tapşırıq”da təyyarəçi
Rüstəm obrazını oynadım. “Qələbə”
filmində isə məşhur italiyalı fotomüxbir Dino
Rossinin obrazını canlandırmışdım.
- Geniş çəkiliş
meydançalarından sonra “Yuğ” Teatrının balaca səhnəsinə
uyğunlaşmaq çətin deyil ki?
- Şəxsən
mənim üçün
heç bir problem yoxdur. Əksinə, tamaşaçı ilə aktyor arasında yaranan səmimiyyət xoşuma gəlir. Tamaşaçı görür ki,
mən onu aldatmıram. Obrazda ağlayıramsa,
həqiqətən ağlayıram,
gülürəmsə, təbii
gülürəm. Bizim teatrda
tamaşaçı ilə
daha yaxından ünsiyyət qura bilirsən, onun nəfəsini daha yaxından hiss edirsən.
Böyük teatrların səhnəsində
bunu hər zaman həyata keçirmək mümkün
olmur. Teatr olaraq “Yuğ”un
poetikası da tam fərqlidir. Mən deyəndə ki,
“Sirlər xəzinəsi”
tamaşasında Sol Göz
Yaşını oynayıram,
jurnalistlər çaşıb
qalır. Ustadımız
Vaqif İbrahimoğlu
25 il öncə
deyirdi ki, böyük bir arzum var. Sizinlə oturaq, mövzunu deyim, siz səhnəyə
çıxıb tamaşanı
oynayasınız. İlk dəfə
bunu eşidəndə
şəxsən mənə
qəribə gəldi.
Dedim ki, belə də tamaşa olar? Axı mən ədəbi materialı öyrənməliyəm,
məşq etməliyəm.
Sonra gördüm mümkün
imiş.
“Yuğ”
Teatrı yaranan gündən mən burda çalışıram.
Bu yaxınlarda teatrımızın 22 yaşını
qeyd etdik. Amma bu, dövlət teatrı statusu almağımızın tarixidir.
Status alana qədər isə “Yuğ” Milli Dram Teatrının studiyası
kimi fəaliyyət göstərirdi. Onu da nəzərə
alanda 25 ildir ki, “Yuğ”dayam. Bu teatrdakı yaradıcılıq
mühitindən, insani
münasibətlərdən zövq alıram. Bu teatr mənə artıq doğma ev kimidir.
- “Dolu”
filmində sizi Rəis rolunda görəcəyik. Bizim filmlərdə,
tamaşalarda polis, prokuror
obrazları adətən
inandırıcı alınmır.
Tamaşaçılar deyir
ki, onlar həyatda belə danışmırlar...
- Tam əminəm
ki, “Dolu”dakı obrazlar barədə bu sözləri deyən olmayacaq. Filmin bütün yaradıcı
heyəti, texniki işçilər işlərini
bacarıqla görməyə
çalışıblar. “Dolu” filmindən
çox şey gözləyirəm. Aqil Abbas
müəllif kimi əsərdə dolğun
obrazlar yaradıb.
Quruluşçu-rejissor Elxan Cəfərov
da filmin inandırıcı alınması
üçün çalışıb.
Şəxsən mənim kinoda
belə rolum olmayıb. Çalışmışam ki, obrazı
təbii, inandırıcı
oynayım. Bu mənim prinsipimdi. Onsuz da artistlik etməyi
bacarmıram.
İsrafilov,
Fərhad
Mədəniyyət.-
2012.- 27 yanvar.- S. 11.