«Hər festival yeni layihənin əsasını qoyur»
Gənc Tamaşaçılar
Teatrı 2012-ci ilə
iki mühüm festivalda iştirakla başlayıb
Xəbər verdiyimiz kimi, Dövlət Gənc Tamaşaçılar
Teatrı Birləşmiş
Ərəb Əmirliyinin
Əl-Füceyra şəhərində
keçirilən V Monodram
Beynəlxalq Teatr Festivalında təmsil olunur.
Yanvarın 19-dan 28-dək davam edəcək festivala teatrın yaradıcı heyəti Avstriya dramaturqu və publisisti Peter Turrinin «Axır ki, qurtardı...»
monopyesi əsasında
hazırlanan «Vəssalam»
tamaşası ilə
gedib. Festivalın
işində iştirak
etmək üçün
Xalq artisti Şükufə Yusubova, Əməkdar incəsənət
xadimi, rejissor Bəhram Osmanov, beynəlxalq layihələr
üzrə koordinator Şaiq Səfərov və teatrşünas, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Aydın Talıbzadə
Əl-Füceyra əmirliyində
səfərdədir.
Yanvarın 28-dən fevralın 2-dək isə teatrın heyəti İranda keçiriləcək 33-cü «Fəcr» Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Teatr bu festivalda italyan
dramaturqu Peppino de Filipponun eyniadlı əsəri əsasında
hazırlanmış «Don Rafael trombonçu» tamaşasını
təqdim edəcək.
Xalq artisti Cənnət Səlimovanın
quruluş verdiyi tamaşada rolları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov,
aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Vüsal Mehrəliyev, Eşqin Quliyev oynayırlar.
Gənc Tamaşaçılar Teatrının
direktoru Mübariz Həmidov yaradıcı heyətin 2012-ci ilə iki mühüm festivalda iştirakla başlamasını əlamətdar
hadisə adlandırdı.
Onun sözlərinə
görə, teatrın
Əl-Füceyra festivalında
iştirakı ilə
bağlı razılıq
keçən ilin noyabrında Bakıda keçirilən I Beynəlxalq
Kukla Teatrları Festivalında əldə olunub: “Bakıdakı festivala BƏƏ-nin Əl-Füceyra əmirliyində
keçirilən ənənəvi
Monodram Beynəlxalq Teatr Festivalının rəhbəri Mühəmməd
əl Kam da vardı. Onu teatra dəvət etdik, tamaşalarımızın
məşqlərinə baxdı,
monodram festivalı haqqında danışdı
və bizi də iştirak etməyə dəvət etdi. Biz məmnuniyyətlə
razı olduq. Festivala hazırlığa başladıq
və Avstriya dramaturqu Peter Turrinin pyesi əsasında «Vəssalam» monotamaşasını
hazırladıq. Tamaşanın ifaçısı Qurban İsmayılovdur. O, bütün
hissləri böyük
ustalıqla ifa etməyə nail olub və ümidvaram ki, Əl-Füceyra festivalının iştirakçıları
maraqlı səhnə
əsərinin şahidi
olacaqlar. Yaxın vaxtlarda bu tamaşanın premyerasını
keçirəcəyik».
M.Həmidov bildirdi ki, Əl-Füceyra
festivalında yaradıcı
heyət həm də digər xarici ölkələrin teatr təcrübəsi ilə yaxından tanış olacaq: “Bütün bunlarla yanaşı, yaradıcılıq əlaqələri,
mübadilələr yaranacaq
və növbəti illər üçün dəvətlər alacağıq.
Hər teatr festivalı yeni layihənin əsasını qoyur.
Bu baxımdan festivalların
çox böyük əhəmiyyəti var. Bilirsiniz
ki, bizim teatr ötən il beynəlxalq
uşaq və gənclər teatr təşkilatı olan
ASSİTEJ-ə üzv oldu.
Noyabrda bu təşkilatın prezidentinin iştirakı ilə Bakıda
ASSİTEJ-in Azərbaycan Milli
Mərkəzinin ilk toplantısını
keçirdik. Bu o deməkdir ki, bizim dünyaya açılan qapılarımızın
sayı artır.
Bu layihələrdə Mədəniyyət və
Turizm Nazirliyi bizə daim dəstək verir.
İranda keçiriləcək «Fəcr»
festivalının da nüfuzlu sənət tədbiri olduğunu deyən M.Həmidov festivala dünyanın hər yerindən çox güclü teatr truppalarının gəldiyini bildirdi: «Bu festivalda bizim teatr bir neçə
dəfə iştirak
edib. Hər dəfə də
çox maraqlı tamaşalar nümayiş etdirmişik”.
«Fəcr» festivalına qatılacaq aktyor Şövqi Hüseynov isə hələ Kamera Teatrında çalışarkən
teatrın truppası ilə bir neçə
dəfə bu festivalda iştirak etdiyini dedi. Aktyor tədbirdə yanvarın 30-31-də çıxış
edəcəklərini bildirdi:
«Fəcr» İranın
ən nüfuzlu teatr festivalıdır. Gənc Tamaşaçılar Teatrının
aktyoru kimi ikinci dəfə bu festivalda çıxış
edəcəyəm. Bu festivalda təkcə aktyoru olduğumuz teatrı deyil, ümumilikdə ölkəmizin
teatrını, mədəniyyətini
təmsil edirik. Bu festivalların keçirilməsi
aktyorlar üçün
çox böyük əhəmiyyət kəsb
edir. Müxtəlif janrda, üslubda
hazırlanmış tamaşalar
görürük. Dostlar qazanır,
sənət mübadiləsi
aparırıq. Sənət mübadilələrinin
nəticəsində bəzən
müştərək işlərimiz
də olur. Bu cəhətdən festivallarda xüsusilə gənc aktyorların iştirakı çox vacibdir».
Ş.Hüseynovun
sözlərinə görə,
«Fəcr» festivalı çərçivəsində ustad dərsləri, dəyirmi masalar, tamaşaların müzakirəsi
də keçirilir:
“Festival zamanı həmçinin
teatrları dəvət
edən ölkənin
mədəniyyətinin təqdimatı
da önəmli şərtdir. Bir sözlə, biz onlardan,
onlar bizdən öyrənirlər”.
Qeyd edək ki, ötən
il Gənc
Tamaşaçılar Teatrı
32-ci “Fəcr” Teatr Festivalında U.Şekspirin
“Otello” tamaşası
ilə çıxış
etmişdi. Aktyorlar uğurlu ifalarına
görə diplomlarla təltif olunmuşdular.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2012.- 27 yanvar.- S. 10.