Butaforun işi tamaşanın bəzəyidir

 

   “Vaxtilə Moskva teatrlarından dəvət alsam da, təklifləri qəbul etməmişəm”

  

   Teatrda texniki heyətdə çalışan, səhnə əsərinin ərsəyə gəlməsində mühüm rolu olan işçilər arasında butaforçu rəssamların özünəməxsus yeri var. İşıqçı rəssamlar, səs rejissorları kimi onların da əməyi çox vacib və dəyərlidir. Butaforiyanın təsiri olmasa, səhnə cansız və solğun görünər.

  

   Butaforiya - italyan sözü olub mənası “süni” deməkdir. Teatr tamaşaları və filmlərdə təbii əşyaları əvəz edən əşyalar var ki, bunları butafor ustaları hazırlayırlar. Xüsusilə teatr səhnəsində istifadə olunan əşyalar tamaşaçıda hər zaman maraq yaradır. Məsələn, səhnədə yanan məşəl, silahlar, kuzələr, müxtəlif məişət əşyaları. Bu sənətin ölkəmizdə xüsusi məktəbi olmasa da, təcrübə yolu ilə nəsildən-nəslə ötürülür. Tamaşa zamanı zəngin və maraqlı tərtibat yaratmaq üçün butafor ustalarının əməyindən geniş istifadə olunur. Butaforun işi tamaşanın bəzəyidir. Bu işin əsasını isə rəssamlıq sənəti təşkil edir.

   Uzun illərdən bəri bu işlə məşğul olan ustalardan biri hazırda Dövlət Gənc Tamaşaçılar Teatrının butafor sexinin rəisi vəzifəsində çalışan, çoxlarının Kostya dayı kimi tanıdığı Konstantin Xristoforoviç Triandafelidzedir. Onunla görüşüb yazı hazırlamaq istəyimizi bildirəndə təvazökar şəkildə “Nə danışım ki, sənətimi çox sevirəm”, - dedi.

   K. Triandafelidze 1927-ci ildə Bakıda dünyaya göz açıb. Uşaqlıqdan incəsənətə maraq göstərib, rəsm çəkməyə meyilli olub. Rəsm dərnəyinə yazılıb. Erkən əmək fəaliyyətinə başlayıb. 1941-ci ildə “Nizami” kinoteatrında rəssam şagirdi kimi işə qəbul olunur. Əmək fəaliyyəti ilə yanaşı, rəssamlıq məktəbində də təhsilini davam etdirir. 1951-ci ildə məktəbi bitirir. Rus Dram Teatrında rəssam kimi fəaliyyət göstərən müəllimləri Konstantinin istedadını nəzərə alıb onu teatrda butafor sənətinə gətirirlər. 1951-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Adil İsgəndərov onun əl işlərini bəyənir və teatra dəvət edir. Kostya dayı 1951-1974-cü illərdə bu teatrda butafor sexinin rəisi vəzifəsində çalışır. 1974-cü ildən bu günədək sənət taleyini Dövlət Gənc Tamaşaçılar Teatrına bağlayıb. Burada butaforçu rəssam kimi çalışır və butafor sexinə rəhbərlik edir. Teatra qəbul olunduğu gündən mürəkkəb dekorasiya və butaforların hazırlanmasında xüsusi səy göstərən sənətkar hər zaman səmərəli təklifləri ilə tamaşaların uğurlu bədii tərtibat almasına çalışır.

   Sənət yoluna nəzər salıb xatirələrini bizimlə bölüşən 85 yaşlı usta bunları dedi:

   - Butaforçu olmaq üçün geniş dünyagörüşlü və hissiyyatlı rəssam olmalısan. Bu işdə istedad, zehni düşüncə və təfəkkür əsasdır. Bu sahəyə gəlişimi incəsənətə olan sevgimlə izah edərdim. Düzdür, bu sənət praktiki yolla ötürülür, amma çox böyük, maraqlı və geniş əhatəli olmaqla yanaşı, eyni zamanda da nadir sənət növlərindən biridir. İşlədiyim kollektivdən çox razıyam və heç vaxt bu sənəti seçməyimə peşman olmamışam. Vaxtilə Moskva teatrlarından dəvət alsam da, təklifləri qəbul etməmişəm. Bakıya olan məhəbbətim buna imkan verməyib. İşimlə bağlı onu da qeyd edim ki, bəzən düzəldəcəyim əşyalar haqqında, onların dizaynı, görünüşü barədə günlərlə düşünürəm. Fiqurların hazırlanması prosesi bir neçə mərhələdən keçir. Belə ki, əvvəlcə gildən forma düzəldilir, sonra gipsə salınıb qəlibi çıxarılır. Hazır qəlibə 10-12 qat kağız yapışdırılır. Sonra hazır məmulat özünə uyğun rəngdə rənglənir. Buna “pape-maşe” deyirlər. Hazırda seximizdə üç butaforçu fəaliyyət göstərir. Onların işindən razıyam. İnanıram ki, gələcəkdə layiqli davamçım olacaqlar. Çox istərdim ki, Sveta, Şahin və Leyla bu sənətin dərinliklərinə tam bələd olsunlar. Hər üçünün ixtisası rəssamdır, eyni zamanda da istedadlıdırlar.

   Teatrdakı fəaliyyəti ilə yanaşı, şəxsi emalatxanasında yaradıcılıqla məşğul olan sənətkarın rəsm əsərləri və yaratdığı maketlər nəinki respublikamızda sevilir, həmçinin şəhərimizin qonaqlarının da diqqətini cəlb edib. Həmsöhbətim bildirir ki, yaratdığı sənət nümunələri Amerika, Almaniya, Kambocadan gələnlərin böyük marağına səbəb olduğundan əsərlərini alıb öz ölkələrinə aparıblar.

   Qocaman mədəniyyət işçisinin əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilib, 1991-ci ildə yaradıcılıq uğurları və səmərəli fəaliyyətinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.-27 yanvar.- S. 10.