Teatrın
güzgüsü onun
səhnəsidirsə...
Akif
Məlikov: «Opera və Balet Teatrında çox sağlam
yaradıcılıq ab-havası hökm sürür»
Başa vurduğumuz il aparıcı sənət
ocaqlarımızdan olan Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının yaradıcı fəaliyyətində də
bir çox əlamətdar hadisələrlə - premyera
tamaşaları, qastrol səfərləri, teatrın səhnəsində
xarici ölkələrdən dəvət olunmuş məşhur
sənət ulduzlarının çıxışları və
s. ilə yadda qaldı. Teatrın direktoru, Əməkdar incəsənət
xadimi Akif Məlikov bizimlə müsahibəsində də bu
uğurlardan danışdı. Mədəniyyətin daim
dövlətin diqqət mərkəzində olduğunu
vurğulayan A.Məlikov ölkə prezidentinin teatr sənəti
ilə bağlı imzaladığı fərman və sərəncamları
Azərbaycan incəsənətinin inkişaf strategiyası
kimi səciyyələndirdi.
- Biz teatr təmsilçiləri
dövlət tərəfdən bu qayğını daim hiss
edirik. Son illər teatr sənətinin inkişafına yönələn
irimiqyaslı işləri milli teatr tariximizin ən parlaq səhifələri
kimi dəyərləndirmək olar. Mədəniyyət və
Turizm Nazirliyi hər zaman Opera və Balet Teatrının fəaliyyətinə
böyük diqqətlə yanaşır. Bu dəstəyin
nümunəsi kimi teatrın balet truppasının dünya
şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin
“Yeddi gözəl” baletinin tamaşası ilə Rusiya Akademik
Böyük Teatrında çıxışını qeyd edə
bilərəm. Azərbaycan balet truppasının
dünyanın aparıcı teatrlarından olan Böyük
Teatrın səhnəsində çıxışı milli
musiqi mədəniyyətimizin tarixində önəmli bir
hadisə olmaqla yanaşı, Rusiya mediasında da böyük
əks-səda doğurdu, tamaşaya yüksək qiymət
verildi.
Yaradıcı kollektivlərin qastrol səfərlərinə
dəstək göstərməklə yanaşı, nazirlik
teatrın simfonik orkestrinin maddi-texniki bazasının möhkəmlənməsi
ilə bağlı da əhəmiyyətli işlər
görüb. Teatrın simfonik orkestri üçün
Avropanın bir sıra aparıcı musiqi firmalarının
istehsalı olan nəfəs və simli alətləri
alınıb. 2011-ci ilin avqustunda isə simfonik orkestrimiz
Almaniyada keçirilən çox mötəbər beynəlxalq
opera sənəti festivalına dəvət alaraq artıq
dördüncü dəfə festivalın Qala-konsertində
çıxış edib. Orkestr festivalda dünyanın ən
məşhur bəstəkarlarının əsərləri ilə
yanaşı, Azərbaycanın görkəmli bəstəkarları
Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov,
P.Bülbüloğlunun da musiqilərini uğurla ifa etdi.
Şübhəsiz ki, hər bir səfər, orkestrin hər
bir çıxışı tələbkar Avropa dinləyiciləri
qarşısında orkestrin yüksək ifaçılıq
səviyyəsini sübut etməklə yanaşı, həm də
Azərbaycan mədəniyyəti və incəsənətinin
xaricdə geniş təbliğatına xidmət edir. Fəaliyyətimizə
verilən bu dəstəyə görə Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyinə və şəxsən
nazir Əbülfəs Qarayevə çox minnətdarıq.
- Akif müəllim, ötən il
teatrınızın fəaliyyəti yeni tamaşaların
hazırlanması ilə də məhsuldar oldu. İl ərzində
teatr repertuarını beş yeni tamaşa ilə zənginləşdirdi.
Repertuarı müəyyənləşdirərkən əsasən
hansı meyarlar nəzərə alınır?
- Biz tamaşaçıların
maraq dairəsində olan əsərləri opera səhnəsinə
gətirməkdə davam edirik. Elə bu meyarla il ərzində
görkəmli rus bəstəkarı N.Rimski-Korsakovun “Şəhrizad”
və fransız bəstəkarı J.Bizenin musiqisi əsasında
“Arlezianka” baletləri, həmçinin P.Maskaninin “Kənd
namusu”, V.A.Motsartın “Sehrli fleyta” (konsert variantında) və
S.Raxmaninovun “Aleko” operalarının premyeralarını
gerçəkləşdirdik. Hər biri uğurla baş tutan
premyeralar böyük tamaşaçı marağına səbəb
oldu.
-
Düşünürəm ki, Opera və Balet Teatrının
fəaliyyətindəki əsas məqamlardan biri də
repertuardakı klassik opera və balet tamaşalarında
aparıcı partiyaları ifa edəcək solistlərlə
bağlıdır. Xarici ölkələrdən məşhur
vokal və balet sənəti ulduzlarının, habelə
dirijor, baletmeyster və rejissorların dəvət edilməsi
istiqamətində nə kimi işlər görülür?
- Ötən il teatrın səhnəsində
sənətsevərləri heyran edən balet ulduzları - beynəlxalq
müsabiqələr laureatı, Ukraynanın Xalq artisti Yelena
Filipyeva və Ukraynanın Əməkdar artisti Sergey Sidorski,
Belarusun Əməkdar artisti Olqa Qayko və Oleq Yeromkin, Rusiya
Akademik Böyük Teatrının solistləri Mixail Lobuxin və
həmyerlimiz Çinarə Əlizadə, həmçinin
istedadlı vokalçılar - Gürcüstanın Xalq
artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz
Ququşvili, Ukraynadan Seyran Maksutov, Dmitri Kuzmin və
başqaları çıxış etmişlər. Ötən
il teatrımızın tamaşalarında dirijor pultu
arxasında orta və gənc nəslin nümayəndələri
olan istedadlı azərbaycanlı dirijorlar - Cavanşir Cəfərov,
Yalçın Adıgözəlov, Nazim Hacıəlibəyov,
Elşad Bağırov, Azad Əliyev, Əyyub Quliyev, Sevil
Hacıyeva və başqaları ilə yanaşı, həm də
dünya şöhrətli maestrolar Korneliya fon Kerssenbrofk
(Almaniya), Can Luka Marçiano (İtaliya), Andrey Anixanov (Rusiya,
Sankt-Peterburq), Pavel Kliniçev (Rusiya, Yekaterinburq) durdular. Yeni
quruluşların həyata keçirilməsi
üçün ukraynalı tanınmış opera rejissoru
Nikolay Tretyakı, rusiyalı xoreoqraf Nadejda Malıginanı,
balet truppasında ustad dərsləri keçirilməsi məqsədilə
Tatyana Boroviki (Ukraynanın Xalq artisti, Dövlət
mükafatı laureatı), Lyüdmila Semenyakanı (SSRİ
Xalq artisti, Dövlət mükafatı laureatı) dəvət
etdik.
- Balet və vokal solistləri,
dirijor, baletmeyster və rejissorların fərdi şəkildə
dəvət olunması ilə yanaşı, Belarus Dövlət
Akademik Opera və Balet Teatrı ilə ikitərəfli əməkdaşlıq
haqqında memorandum da imzaladınız. Bu razılaşma
hansı istiqamətləri əhatə edir?
- Memorandum musiqi sənəti,
teatr-quruluş fəaliyyəti sahələrində mübadilə,
ayrı-ayrı solistlərin və yaradıcı kollektivlərin
qastrollarının təşkil edilməsi, hər iki
teatrın aparıcı mütəxəssisləri tərəfindən
ustad dərsləri keçirilməsi, dirijor, rejissor və rəssamların
mübadiləsi sahəsində əməkdaşlığı,
hər iki ölkənin musiqi və teatr həyatı sahəsində
informasiya mübadiləsini nəzərdə tutur.
- Teatrınızda gənclərlə
iş necə qurulub? Gənc sənətçilərin xaricdə
ixtisasartırma kurslarında təhsil alması istiqamətində
işlər barədə nə deyə bilərsiniz?
- Ötən il teatrın balet
truppasının aparıcı solisti, Əməkdar artist,
Prezident mükafatçısı Kamilla Hüseynova Rusiya
Akademik Böyük Teatrında öz ustalığını
artırdı, Böyük Teatrın balet truppasının təşkilati-yaradıcılıq
fəaliyyəti ilə tanış oldu. Həmçinin
ötən ilin sentyabrında balet truppasının gənc
solisti Cəmilə Kərimova Moskvada Rusiya Dövlət
Xoreoqrafiya Akademiyasında birillik ixtisasartırma kursunu başa
vuraraq teatra döndü. Hazırda teatrın gənc
vokalçıları İlham Nəzərov və Azər
Rzazadə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə İtaliyanın Ozimo Musiqi Akademiyasında təhsil
alırlar.
Ümumilikdə teatrımız
istedadlı gənclərə hər zaman öz səhnəsində
geniş meydan verir. Ötən il ərzində bir neçə
gənc vokalçı teatrın səhnəsində debüt
etdi, bəziləri daha məsul və əhəmiyyətli rol
və partiyalarda sınaqdan çıxdılar. Bu sırada
vokalçılar Afaq Abbasovanın (“Traviata” operasında
Violetta, “Boqema” operasında Mimi), Çinarə Şirinin
(“Aida” operasında Aida), İlham Nəzərovun (“Sehrli fleyta”
operasında Papageno), Azər Rzazadənin (“Aleko” operasında Gənc
qaraçı), balet artistləri Nigar İbrahimovanın (“Qu
gölü” baletində Odetta-Odilliya), Tamilla Məmmədzadənin
(“Min bir gecə” baletində Şəhrizad), Cəmilə Kərimovanın
(“Arlezianka” baletində Vivetta), muğam ifaçıları
İlkin Əhmədov və Vüsalə Musayevanın
(“Aşıq Qərib” operasında Aşıq Qərib və
Şahsənəm) adlarını çəkmək olar.
- Repertuara daxil edilən yeni
tamaşalar barədə də məlumat verməyinizi istərdim.
Eşitdiyimə görə, bu il uzun müddətdən bəri
teatrın repertuarında olmayan Ü.Hacıbəylinin “Əsli
və Kərəm” operası yenidən səhnəyə
qoyulacaq.
- Bəli, biz operanı yeni
redaksiyada tamaşaçılara təqdim edəcəyik.
Bundan başqa, bu il teatrda daha üç tamaşanın
quruluşu həyata keçiriləcək. Bunlar
D.Şostakoviçin “Xanım və Xuliqan” baleti,
V.A.Motsartın “Hamı belə edir” və
C.Puççininin “Canni Skikki” operalarıdır. Bu il Opera və
Balet Teatrının səhnəsində bir sıra məşhur
sənət ulduzlarının çıxışları da
nəzərdə tutulub. Məsələn, fevralın 11-də
keçiriləcək “Qu gölü” baletinin
tamaşasında Sankt-Peterburqdan balet ulduzları - Mariinski
adına Teatrın prima-balerinası, Rusiyanın Əməkdar
artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin
laureatı Anastasiya Koleqova və onun tərəf-müqabili -
Rusiyanın Əməkdar artisti, beynəlxalq müsabiqələr
laureatı Danil Korfuntsev çıxış edəcəklər.
Mart ayında “Riqoletto”
operasının tamaşasında Cilda partiyasını ifa etmək
üçün istedadlı rusiyalı vokalçı,
Vokalçıların P.Çaykovski və M.Qlinka adına
müsabiqələrinin laureatı, hazırda Avropada çox
populyar olan, ən mötəbər opera səhnələrində
çıxış edən Tatarıstanın Xalq artisti
Albina Şaqimuratova dəvət olunub.
- Son günlər kütləvi
informasiya vasitələrində Azərbaycan teatrları və
yaradıcı heyətləri, aktyor və rejissorları barədə
müxtəlif məzmunlu fikirlər yer alır. Necə
düşünürsünüz, teatrın daxili məsələləri
bu qədər geniş müstəvidə müzakirə
olunmalıdır?
- Özünəməxsus ənənələri
olan Azərbaycan teatrı çox uzun, eyni zamanda mənalı
bir yol keçmiş, hər zaman inkişaf etmiş, bu gün
də inkişafdadır. Hazırda Azərbaycan
teatrlarının fəaliyyəti Dövlət Proqramı çərçivəsində
tənzimlənir. Teatrların təmiri, yenidən
qurulması, müasir texniki vasitələrlə təchizi,
eyni zamanda yaradıcı işçilərin sosial vəziyyətinin
yaxşılaşdırılması sahəsində çox
böyük işlər görülür. Bütün
bunları inkar etmək olmaz. O ki qaldı kütləvi
informasiya vasitələrində hallandırılan bəzi
fikirlərə, bunu bütünlükdə Azərbaycan
teatrının problemləri ilə bağlamaq düzgün
deyil və teatrların daxilindəki xırda
narazılıqların şişirdilməsinə ehtiyac
yoxdur. Əslində narazılıqlar əsasən yaş
senzinin tətbiq olunması ilə əlaqədardır.
Bilirsiniz, bütün hallarda insanın sevdiyi işindən
ayrılması bir qədər ağrılıdır, lakin həqiqəti
qəbul etmək, ona anlayışlı şəkildə
yanaşmaq lazımdır.
Bizim teatrda da istər
yaradıcı, istərsə də texniki heyətin içərisində
uzun illərdən bəri çalışan, həm də səmərəli
fəaliyyət göstərən əməkdaşlar var idi və
bu yaxınlarda onlar təqaüdə yollandılar. Lakin
heç bir narazılıq baş vermədi, onlar
reallığı qəbul etdilər.
Ümumilikdə qeyd edim ki, bu
gün Opera və Balet Teatrında çox sağlam
yaradıcılıq ab-havası hökm sürür.
Teatrın bütün yaradıcı kollektivləri - vokal və
balet truppaları, simfonik orkestr, xor kollektivi, eləcə də
inzibati-texniki heyət canlı bir orqanizm kimi sıx birləşərək
daimi yaradıcılıq axtarışında olub, fədakarlıq
və ruh yüksəkliyi ilə çalışır. Bunun
nəticəsidir ki, teatr bütün sahələr üzrə
yüksək göstəricilərə nail olur. Bütün
kollektivin ali məqsədi isə tamaşaçılara hər
zaman ən yüksək tələblərə cavab verən,
onlara yüksək zövq aşılayan dəyərli səhnə
əsərləri təqdim etməkdir.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2012.- 27 yanvar.- S. 7.