“Bəla”
şair - qəm“naz” Səməd, “rəng”saz
Mənsur...
“Özünüzü tənqid və biblioqrafiya
seriyaları üstdə kökləyin” “...deyən şair
öz zəmanəsindən acı-acı şikayətlər
etmişdir”...
Sovet zəmanəsinin oçerk və
monoqrafiyalarında bu sayaq “poçerk”lərə tez-tez rast gəlirdik.
Məsələn, “şurəvi”lərin acından gecəyarı
oyanan dəmlərində yazılmış “O tayda
aclar-yalavaclar yığılıblar bazara, dinləyirlər
qoca dərviş babanı. Baba dərviş yığaraq pul,
dolanır meydanı. - Sol qolundan asılan, söylə, nədir?
- Kəşküldür. Mənə bunsuz yaşamaq
müşküldür” misralarını öyən bir “alim”
bunu belə tədqiq-təhqiq edirdi: “...deyən şair
qolçomaq-mülkədar sinfini mübariz sovet
poeziyasının dar ağacı ayağına çəkmişdir”.
O alimnümalar hər gün
gözlərinin “uzağında” NKVD ayağına çəkilən,
Sibir “yaylaq”larına göndərilən milli iş «dərviş»ləri
bir yana, qonşuluqlarında yaşayıb-yaradanları,
hamını düşünüb, özünü unudan Səməd
Mənsur kimlərini də “görmürdülər”.
Füzulinin “Eşqdən qəlbimdə bir pünhan mərəz
var, ey həkim! Xəlqə pünhan dərdim izhar etmə
zinhar, ey həkim!” kimi beytlərini oxuyub məst olur, Səməd
Mənsurun “Nə cibimdə parə, nə evdə
çörək var, ey həkim! Nəbzimi bihudə sıxma,
çəkmə azar, ey həkim! Ət yemək pəhrizini əmr
etmə kim, - bazaridə, Nə qədər axtarsa da, ət
tapmaz, ey həkim!” kimi “öyüd-nəsihət”lərini
eşidib, pəs olurdular.
Bəli, Səməd Mənsur
misralarına çatanda “eşidib” yazdım, “oxuyub” yox. O
siyasi və mədəni-maarif inqilabları dövründə
o alimlər oxuyaraq yox, eşidərək pəs olurdular.
İndi, Səməd Mənsurun mənsub olduğu dialekt-ləhcədə
desək, “necədir sizinçün” - belə bir
yarımbaşlıq da yazsaq -
Şifahi
sovet ədəbiyyatı
Bəli, avanqard savadlı, ali təhsilli
sovet epoxasında mükəmməl şifahi xalq ədəbiyyatı,
başda Səməd Mənsur olmaqla, “disident-poet”lər də
vardı. Mətbuatda, efirdə yad edilməyən o şairlərin
şeirləri mənim tanıdığım və
tanımadığım köhnə (hər iki mənada)
kişilərin milli dil-ağızlarında “çap”lanıb
yayılır, səslənib yayımlanırdı. Azərbaycan
Dövlət Universitetində ayrıca bir universitet olan,
bütün mühazirələrinin “iftar”ını milli
irfan-mədəniyyət nümunələrimizlə
açıb, “məxfi-pünhan” şeiriyyət seçkinlərimizlə
“imsak”layan Əli Fəhmi Səməd Mənsurdan öz
yaddaş kəhkəşanında qoruyub saxladığı
elə misralar söyləyirdi ki, o sətirlərə müəllifin
bugünkü çap məhsullarında rast gəlinmir.
Özü də Əli müəllim o misraları elə
söyləyirdi ki, dövrümüzün heç bir
aktyorunda, ədəbi qiraətçisində o sayaq
alınmır. Əli müəllim Səməd Mənsurun
lirik-dramatik abidəsini qoyduğu məlum sevgili sözün -
“naz”ın səs portretini yaradırdı hər dəfə.
Bu sözdəki “n” və “z” səsləri arasındakı “a”
saitini qəlb dünyasının o başınadək
uzadır, “tekst”də aşiqin yana-yana rica etdiyi fərdi
iltiması, müəllifin doğal iddiası olaraq,
ümumaşiqlik kontekstinə çıxarırdı. Zəmanəsinin
öz qiymətini layiqincə almamış aydını -
görkəmli alim-müəllim Abbas Zamanov, o vaxtlar Xalq Nəzarəti
Komitəsində çalışan şair Teyyub Qurban, Azərbaycan
radiosunda baş redaktor işləyən Rafiq Savalan və o qədər
də çox olmayan “başqaları” da Səməd Mənsurun
gəzəri “nəşriyyat”larından idilər. Onlar sovet
dövrünün “əsl vətəndaş-şair”, “mərd-mübariz
ədib”, “milli sovet ədəbiyyatı” trafaretləri
mövzularında mozaik “serial”lar danışmaqdan
yorulmayanları “Həpsi rəngidir” kimi “arxaik-geri al”larla bir
az susdurub-dincəldirdilər...
Mənzum
tablolar...
Doğrudan da - Səməd Mənsurun
bir çox şeiri o dövrün mənzum tabloları təsirindədir.
Bu tablolardakı rənglərin əsasını
barışmazlıq təşkil edir. Bu rəngin
çalarları içərisində isə şəxsi
umarlıq adına, demək olar, heç nə yoxdur. Sətirlərindəki
igid-cigid xarakterindən aydın görünür ki, o,
çox fərasətli, ev-eşiyi üçün
gün-güzəran qura bilən kişiymiş. Amma, bəs,
qohum-qonşu, kənd-kəsək, xalq? Özü də tək
elə qarınmı? Bəs, qədir? Söhbətin milli qədir-qiymətdən
getdiyi də ki, məlum!..
Pəs
elə isə hamısı nəymiş? “Həpsi rəngidir”miş.
Seçilmiş, sürtülmüş, “yuxari
dürtülmüş süxari - “xox” qurular” (Ə.Fəhmidən
eşitdiyim misralardan) sayca az olsa da, “ahu-vayca çox olan
yaşlar”ı da bəzi misralarının oduna
yandırırmış:
Uyma ey dil, xəlqdə yoxdur sədaqət,
rəngidir,
Məscidü-meyxanə rəng,
eyşü-ibadət rəngidir.
Mey riya, məşuqə ğəşş,
hüsnü vəcahət rəngidir,
Rəngdir hər dürlü matəm,
hər məsərrət rəngidir.
Anla, ey əbnayi-xilqət, cümlə
xilqət rəngidir...
Yarımbaşlıqda bu kimi
şeirləri “mənzum tablo” adlandırmaqda
yanılmamış olduğumu elan etməklə, bunu da əlavə
edim ki, bu “şəkil”lərin müəllifini rəssamlığın
hər hansı “izm”inə şamil etmək müşkül.
Nədən ki, bunlar başdan-başa hiss fəlsəfəsidir.
Necə ki ruslar Anton Pavloviç Çexovu - başdan-başa
leksik “görüntü” olduğuna görə -
kinolaşdırmağın çox çətin olduğunu
söyləyirlər, eləcə də - büsbütün qəlb
çəkən, duyğu eydirən “kamerman” Səməd Mənsur
yaradıcılığını vizuallaşdırmaq çətindir.
Bir oxuyun, görün bu misralara baxmaq da mümkünmü:
O, kimdir ki, alov yağır
gözündən?
O, kimdir ki, məna
çıxmır sözündən?
O, kimdir ki, qorxur özü
özündən?
Buna cavab verən aşıq
sağ olsun!
...Mirzoyandır - alov yağır
gözündən.
Mir Bəşirdir - məna
çıxmır sözündən.
Qəzənfərdir - qorxur
özü özündən,
Cavab verənlərə Allah yar
olsun!
Burada sadalanan ad-soyadlar o
dövrün hakimiyyət-rəyasət “qoçu”ları idilər.
Gərək nə qədər qurd ürəyi yemiş millət
“qoçu”su olasan ki, o cür repressiv zillət müəlliflərinə
bu cür sataşa biləsən! “ÇK” kalibrli Mirzoyan, sonda
“troyka” -“silist” təpkisindən çarpayı altına girib
zingildəyən Qəzənfər Musabəyov haqda yazmalı
olsaq, axirətədək davam etməli
olacağımızdan, “məna çıxmır
sözündən” tipajının - Mir Bəşir
Qasımovun kimliyi haqda bir kaç kəlmə söyləyək.
O, Moskva nümayəndələrinin də iştirak etdiyi
müşavirələrin birində guya rusca
çıxış etmək istəyib və sonda lap
“gül” vurub: “Mıy (biz) Ərəseyə (Rusiyaya) nöyt
kaçay-kaçay, vıy Azerbayjana qultura
kaçay-kaçay!..”
...Belə-belə işlər və “məna”lar
Kəsərli satirik, incə
romantik, milli qeyrət, əxlaq şairimiz Səməd Mənsurun
poetik ruhu üstdə kökləndikcə könül
çox söz söyləmək, qələm çox simə
toxunmaq istəyir. Səməd Mənsur azad söz
repressiyalarının, milli düşüncə
dustaqlığının ən şiddətli dönəmlərində
belə susmayıb, - deməklə bitən vətəndaş
olmayıb. Səməd Mənsur Azərbaycan sovet hakimiyyətinin
ən səlahiyyətli və ən qorxulu orqanlarında at
oynadan erməni daşnaklarına çox satirik qırmanclar
çəkib, sənətkaranə həcvlər toxuyub, -
yazmaqla qurtaran olayçı olmayıb. O, necə bir millətləşməçilik
“epidemiya”sı, antibolşevizm “bomba”sı idisə, hətta zəllə
sovetizmin bir az boşalıb-yumşalma sonuclarında belə,
arxiv-yaddaş dustaqlığından azad edilmirdi.
“Heyhat” deyiləsi...
və deyilməyəsi (!) 48 illik
bir ömür yaşadı Səməd Mənsur. Bu əyilməz,
polad ömrün bir neçə ilini teatra, bir neçəsini
poeziyaya, millətini, mədəniyyətini yenmək istəyənlərə
qarşı mübarizəyə, vaxt tapdıqca ailə
qayğılarına, hamısını isə
ziyalılığa, milli xadimliyə həsr etdi. O vaxt elə
sözlər deyib-danışdı ki, bu vaxt onları hamı
deyib-danışır. O günlər elə misralar yazdı
ki... bu günlər “o cür”lər yazmağa nə var ki?!.
Həyatda hamının, hər kəsin
dostu olur - birinin az, birinin çox. Amma bütövlükdə
xalq sayda dostu olanları, xalqa dost sayılanları hər millətdə
barmaqla saymaq olar. Səməd Mənsurun uşaqlıq
dostlarından Hacıağa Abbasov, Əliağa Vahid, Dadaş
Bünyadzadə, Baba Əliyev və başqaları sonradan “bu
tay-o tay” olurlar. “Bu tay”lılar öz aralarında
danışırmışlar ki, Hacı Zeynalabdin bu
xalqın, Vətənin əynini bəzəyir, Səməd Mənsur
beynini”. “O tay”lılar haqda isə Səməd Mənsur
özü deyirmiş:
Hacıağa! Böylə də
aləm olar?
Bir ürəkdə bu qədər
də qəm olar?!
Mən deyirdim, Baba da bir kişidir,
Kişi köhnəsidir - lap bişmişidir.
Yoxladım, çıxmadı bir şey Babadan,
Babasının
evi olsun “abadan”!
Dəhri-Məxrubədə
bəs yoxmuş kişi?
Bu cahanın Allaha qalıb işi...
Düşüncələrində böyük-böyük işlərlə, Yerlə-Göylə
əlləşən Səməd
Mənsur hərdən
belə xırdaları
da qurdalayır, milli vicdandan daldalananları bənzərsiz
poetik misra-gicitkənlərilə
dalayırdı. Ancaq
o, heç zaman boş “hap”lara
dolu toplar atmayıb; aşağılara
dediyindən yuxarılara,
yuxarılara söylədiyindən
aşağılara da
pay çatıb.
Bazar bağlanmışdır - qəhətlik
çökmüş,
Satdıq şey qalmamış
vicdandan başqa.
Hər şeyin qiyməti yüz qat “ucalmış”-
Ucuz şey qalmamış - insandan başqa...
Sonda (?!) “Səməd Mənsur-Hacıağa Abbasov”
duetilə bağlı
bir qəzet yazısına sayğı
və ehtiramla dolu bir “təftiş”.
Sonuncunun qızı həmin yazı müəllifinə danışıb
ki: “Bir gün Səməd Mənsur bizə gəlmişdi. Atamla söhbət arası dedi: - Hacıağa, uşaqlarını gətir
mən də görüm. Anam bizi otağa
dəvət etdi.
Səməd Mənsur adımızı
soruşdu. Böyük qardaşım
- Altunbay, ortancıl qardaşım - Sabutay, mən - Altuntac. O, adlarımızı eşidincə:
- Hacıağa, bu adları uşaqlara Hüseyn Cavid qoyub? Atam: Bəli,
- dedi. Mənsur: -
Allah evini yıxsın,
Hacıağa, bu adlara görə səni tutacaqlar, təcili bu adları dəyişdir! Anamın təhriki ilə bir həftədən
sonra Altunbay - Rauf, Sabutay - Qorxmaz, mən isə Dilarə oldum...”
Çox gözəl epizod,
ağrılı xatirədir.
Lakin kiçicik bir düzəliş-əlavə
ilə; rəhmətlik
Əli Fəhmi danışırdı ki,
Səməd Mənsur:
“Hacıağa, biz özümüz
heç, bu uşaqlara yazığın
gəlsin. Bunların adlarını dəyiş,
özü də, mümkün qədər sovetləşdir” - deyib...
Başlıqda “Bəla şair”
- deyə salamlaşdığım
Vətən oğlumuzla
sonluqda “milli bəlalara mübtəla rəhmətliyimiz!” - deyə xudahafizləşirəm...
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 27 yanvar.- S. 6.