“Obyektivdə
irs”
Muzey Mərkəzində İtaliyanın foto mənzərələri
sərgilənir
Yanvarın
24-də Muzey Mərkəzində Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi və İtaliyanın Azərbaycandakı
səfirliyinin təşkilatçılığı ilə
“Obyektivdə irs” adlı fotosərgi açılıb.
Sənət adamlarının,
ölkəmizdə fəaliyyət göstərən diplomatik
korpus nümayəndələrinin iştirak etdiyi tədbiri mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
açaraq sərgi haqqında məlumat verib. Qeyd olunub ki,
İtaliyanın birləşdirilməsinin 150 illik yubileyinə
həsr olunmuş sərgi bu ölkənin Azərbaycandakı
səfirliyinin təşəbbüsü ilə keçirilir.
2002-ci ildə iki ölkə arasında mədəniyyət
sahəsində əməkdaşlığa dair saziş
imzalanıb. İtaliyanın səfiri və səfirliyin
nümayəndələri ölkəmizin mədəniyyət
tədbirlərində çox fəal iştirak edirlər.
İtaliya səfirliyi də öz növbəsində Azərbaycan
vətəndaşlarının bu ölkənin mədəniyyəti
və təbiəti ilə daha yaxından tanış
olmasına çalışır. Bu baxımdan “Obyektivdə
irs” adlı sərginin əhəmiyyəti böyükdür.
İtaliyanın Azərbaycandakı
səfiri Mario Corco Stefano Baldi sərginin təşkilində
göstərilən dəstəyə görə Azərbaycanın
Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür
edib. Bildirib ki, fotosərgi İtaliyanın gözəlliyinə,
tarixi-mədəni abidələrinə həsr olunub: “Sərgidə
tarixi, arxeoloji və peyzaj baxımından İtaliyanın ən
gözəl abidələrinin və şəhərlərinin
fotoşəkilləri nümayiş etdirilir. Ölkə vətəndaşları
və turistlər hər gün bu gözəlliyi
yaşayırlar”.
Fevralın 2-dək davam edəcək
sərgi İtaliya ilə gözəllik arasında ayrılmaz
əlaqənin bariz nümunəsidir. Sərgi UNESCO-nun
Dünya mədəni irs siyahısına daxil edilmiş 43 abidə
vasitəsilə qonaqlara İtaliyanın sənət aləminə
və tarixinə virtual səyahət etmək imkanı
yaradır.
Mədəniyyət.-
2012.- 27 yanvar.- S. 4.