TÜRKSOY “Mirzə
Fətəli Axundzadə ili”nə start verdi
Yanvarın 26-da TÜRKSOY-un
Ankaradakı qərargahında 2012-ci ilin
“Mirzə Fətəli Axundzadə ili” elan olunmasına həsr olunmuş
təntənəli mərasim keçirilib.
Mərasimdə mədəniyyət və turizm
naziri Əbülfəs Qarayevin
başçılıq etdiyi nümayəndə
heyəti iştirak edib.
Türkdilli dövlətlərin mədəni irsinin təbliğinə böyük önəm verən TÜRKSOY təşkilatı böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə 2012-ci ili “Mirzə Fətəli Axundzadə ili” elan edib. Bu münasibətlə düzənlənən təntənəli tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Nikolaz Rurua, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, TÜRKSOY üzvü olan ölkələrin nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Azərbaycan və Türkiyənin mədəniyyət və turizm nazirləri arasında görüş keçirilib. Görüşdə mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, “Bir millət – iki dövlət” olan Azərbaycan və Türkiyənin beynəlxalq müstəvidə tərəfdaşlığının gücləndirilməsi ölkələrimizin ümumi maraqlarına xidmət edir.
“Mirzə Fətəli Axundzadə ili”nə həsr olunmuş mərasimi TÜRKSOY-un baş katibi Düsen Kaseinov açıb, sonra Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Nikolaz Rurua, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay çıxış ediblər. Qeyd olunub ki, “M.F.Axundzadə ili”nin TÜRKSOY-a üzv ölkələrdə, Gürcüstanda yüksək səviyyədə keçirilməsi məqsədilə müvafiq tədbirlər təşkil olunacaq.
Tədbirdə böyük ədibin həyatına həsr edilmiş “Sabahın elçisi” adlı sənədli film nümayiş etdirilib.
Tədbir çərçivəsində “Axundzadə və əsərləri” adlı konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Zaman Əsgərli və Ege Universitetinin ədəbiyyat fakültəsinin professoru Yavuz Akpınarın ədibin yaradıcılığı ilə bağlı məruzələri dinlənilib. M.F.Axundzadə yaradıcılığına aid kitablar TÜRKSOY təşkilatına hədiyyə olunub.
Sonda
TÜRKSOY-un 2012-ci il üçün mətbuat mükafatları təqdim
olunub.
Mədəniyyət.- 2012.- 27
yanvar.- S. 2.