“YAY!”
qalereyasında “Özünümüşahidə”
“YARAT!” Müasir İncəsənət Məkanının
yeni layihəsində ingilis, qırğız və azərbaycanlı
rəssamlar insanın daxili aləminə nəzər
salırlar
Aprelin 10-da “YARAT!” Müasir İncəsənət
Məkanının “YAY!” qalereyasında “Özünümüşahidə”
adlı videoart sərgisi açılıb. Aprelin 23-dək
davam edəcək sərgi “YARAT!” Müasir İncəsənət
Məkanı və gənc müstəqil kurator Suad Qarayeva tərəfindən
düşünülərək reallaşdırılıb.
İnsanın özünü dərketmə
axtarışına çıxması qədim zamanlardan bəri
müşahidə olunur. Vücudun fiziki və əqli hədlərini
aşmaqla yaranan tərəqqi inqilabi ixtiralara və insan
qabiliyyətinin gücləndirilməsinə səbəb olur.
İnsanın daxili aləmi, vücud və beyni hər zaman
onun özü üçün maraq mənbəyi olub. Son iki
onillikdə müşahidə olunan texnoloji tərəqqi sayəsində
insanın daxili aləmi ilə bağlı suallar yenə də
gündəmdədir.
“Özünümüşahidə”
sərgisində üç rəssamın əsərləri
təqdim olunur. Rəssamların hamısı insanın daxili
aləmi mövzusuna toxunur və tamaşaçıların təməl,
qədimdən gələn və əhəmiyyətli məqamlarla
bağlı anlayışlarını sorğu-sual edir. Müəlliflər
əbədilik konsepsiyasını mütərəqqi
texnologiyalar dili ilə ifadə edən videoart sənətindən
istifadə edirlər.
Böyük Britaniyada doğulub
böyüyən Villiam Kobbinqin yaratdığı əsərlər
daxili aləm, onun zədələri və təxəyyülləri
məsələləri ilə bağlı müasir Qərb
anlayışının təməlini formalaşdıran
Ziqmund Freydin psixotəhlil tədqiqatlarından qaynaqlanır.
Onun 2004-cü ildə yaratdığı “Öpüş” əsərində
məhəbbətin sonsuz izharı ilə bir-birinə qovuşmuş
kişi və qadın təsvir olunub. Onların
başlarını palçıq kürələri ilə əvəz
edən Kobbinq, bu insanların fərdiyyətini
formalaşdıran bütün əlamətlərini
silmiş, bununla da o, bu addıma ümumdünya əhəmiyyəti
əta edərək personajları təhtəlşüurla,
qeyri-iradi duyğuların və diləklərin təməl
meyli ilə məhdudlaşdırıb. Rəssamın
“Qazıyıb çıxartma” adlı əsərində bərkimiş,
fəqət incə və plastik torpaq quruluşu yerin
altında gizlədilən insan mahiyyətini xatırladır,
bununla da Kobbinqin cəhdlərinə əlavə
dolaşıqlıq bəxş edir.
Qırğız rəssamı
Şaarbek Amankul qədim Şərq fəlsəfəsi və
adət-ənənələrindən bəhrələnərək
doğma torpağında yeni, postsovet ruhaniyyətini tədqiq
edir. “Şam” videoçarxında
Qırğızıstanın ucqar bölgələrində
yenicə formalaşmış sektaların şaman ayinləri
sənədli film şəklində göstərilir. Müəllif
dini mərasimləri və bu mərasimlərdə iştirak
edən insanları lentə alaraq daxili və xarici aləmlər
arasında səddin yayılmasını və beləliklə,
şamanların cuşa gəlmə məqamını əbədiləşdirib.
“Zindan” əsərində məhbəsə müqavimət rəqsini
oynayan iki çılpaq qadın fiquru təsvir olunub.
Sürrealistik araşdırmalara və istəklərə izzət
rəmzi olan bu film insanın daxilində bağlı olan, fəqət
qeyd olunmağa, qaydaya salınmağa və
reallaşdırılmağa can atan, əsirlikdə izhar olunan
instinktdən bəhs edir.
Azərbaycan rəssamı Zamir
Süleymanov və Emin Əzizbəylinin 2012-ci ildə çəkdikləri
“Astar” qısametrajlı filmi gündəlik həyatın təzahürü
olan fərdin daxili aləminə baxışdan bəhs edir.
Filmdə Bakıda və onun ətraflarında doğulub
böyüyən gənc oğlanın gündəlik həyatı
təsvir olunur. Əsərin qəhrəmanının
keçirdiyi qeyri-adi təcrübəni ani kadrlarla göstərən
müəlliflər, həm fərdi, həm də
personajın öz təxəyyülü ilə bağlı,
lakin bütün insanlara xas təəssüratlarını və
əhəmiyyətsiz təcrübələrini təsvir edirlər.
Məhdud özünümüşahidənin digər
misalları kimi, belə bir gündəlik məqamlar həm
fani, həm də əbədidir, həm mücərrəd, həm
də realdır.
Mədəniyyət.-
2013.- 12 aprel.- S. 3.