"Dünya kinosuna verdiyi töhfələrə görə"
Vaqif Mustafayev Serbiyada təltif olunub
Görkəmli rejissor, Xalq artisti,
Avropa Kino və Televiziya Akademiyasının üzvü,
"Space" telekanalının rəhbəri Vaqif Mustafayev
Serbiyada səfərdə olub. Serbiyanın Mədəniyyət
və İnformasiya Nazirliyi, Dövlət Film Fondu və
Kinotekanın dəvətilə gerçəkləşən
səfər zamanı rejissora "Dünya kinosuna verdiyi
töhfələrə görə" mükafatı təqdim
edilib.
Qeyd edək ki, bu nüfuzlu
mükafata Teo Anqelopulos, Ken Rassel, Bernardo Bertoluççi,
Emir Kusturitsa, Nikita Mixalkov kimi tanınmış rejissorlarla
yanaşı, Vaqif Mustafayevin də layiq görülməsi
onun sənətinə dünya miqyasında da layiqli qiymət
verilməsinin bariz nümunəsidir. Bu ölkədə kifayət
qədər populyar olan azərbaycanlı kinorejissor həmçinin
Serbiya İncəsənət Akademiyasının fəxri
professoru adına da layiq görülüb, bu ali təhsil
ocağında sənət adamlarına ustad dərsləri
keçib. Serbiyanın mədəniyyət və informasiya
naziri Bratislav Petkoviçin həmyerlimizin səfəri şərəfinə
düzənlədiyi konfransda iştirak edən ölkənin
tanınmış incəsənət xadimləri,
kinoşünaslar Vaqif Mustafayevin ekran əsərlərini,
xüsusilə "Hər şey yaxşılığa
doğru" filmini yüksək qiymətləndiriblər.
Kinorejissor Belqradda ümummilli lider
Heydər Əliyevin abidəsini, Serbiyanın görkəmli
şairi Milorad Pavicin və 1999-cu ildə NATO bombardmanları
zamanı həlak olmuş 16 şəhidin xatirəsinə
ucaldılmış abidələrini ziyarət edib.
Serbiyanın dövlət televiziyasına müsahibə verən,
"Xeppi" müstəqil telekanalının xəbərlər
proqramında çıxış edən Vaqif Mustafayev bu
ölkənin mədəniyyətinə yüksək dəyər
verdiyini vurğulayıb.
Rejissor Serbiya Kinotekasının
yeni binasının açılışında iştirak
edib, Dövlət Film Fondu, “Avalafilm” kinostudiyası ilə
tanış olub. Səfər günlərində Serbiyada
V.Mustafayevin filmləri nümayiş olunub. Ölkənin Mədəniyyət
və İnformasiya Nazirliyinin sifarişi ilə rejissorun
"Milli bomba" filmi serb dilinə tərcümə edilib.
Mədəniyyət.-
2013.- 12 aprel.- S. 4.