Nurlu insanın şəfqət
dünyası
Görkəmli oftalmoloq, akademik Zərifə
xanım Əliyevanın xatirəsi anıldı
Aprelin 11-də Mədəniyyət
Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzində
görkəmli oftalmoloq alim, ictimai xadim, akademik Zərifə
xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş
tədbir keçirildi. Əvvəlcə
iştirakçılar “Zərifə Əliyeva - 90” adlı
kitab sərgisi ilə tanış oldular.
Mərkəzin direktoru Ramazan
Şabanov tədbiri açaraq bildirdi ki, akademik Zərifə Əliyevanın
adı və elmi-ictimai fəaliyyəti zəriflik və
işıqla bağlıdır. Böyük elm xadiminin
keçdiyi ömür yolu, həyat və fəaliyyəti,
yazdığı qiymətli əsərlər yüksək
insanlıq meyarlarına və müqəddəs həkimlik
andına parlaq nümunədir. Azərbaycan Respublikası
Prezidentinin akademik Zərifə Əliyevanın 90 illik yubileyi
haqqında sərəncamı görkəmli alimin irsinin və
ideyalarının daha dərindən öyrənilməsinə,
yeni nəsil həkimlərin onun nümunəsində tərbiyə
olunmasına geniş imkan yaradır.
Tədbirin aparıcısı, Mədəniyyət
Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzinin
kitabxana müdiri Rəfiqə Zərdabi akademikin ömür
yoluna nəzər saldı. Bildirdi ki, Zərifə xanım
öz mənalı həyatı ilə hər bir Azərbaycan
qadınına örnək ola bilən bir şəxsiyyətdir:
“Neçə illərdir, nurlu insan Zərifə xanım Əliyeva
aramızda yoxdur. Amma onun haqqında söylənən dəyərli
fikirlər, bitib-tükənməyən xatirələr
yaddaşlarda yaşayır. Zərifə xanımın həyatını
mənalandıran nə varsa - onun elmi, ailəsi,
xeyirxahlığı, səmimiyyəti, insanlara doğma
münasibəti - hamısı bu nəcib qadının
ruhundan, nurundan şölələnmişdi”.
Mərkəzin elmi işçisi Rəfiqə
Nəsirova görkəmli alimin həyat və fəaliyyəti
haqqında danışdı. Vurğuladı ki, Zərifə
xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın
dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası
Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. Həyatını
Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin
inkişafına həsr edən böyük şəxsiyyətlər
- Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Mirəsədulla
Mirqasımov, Bülbül, Səməd Vurğun və
başqa görkəmli insanlarla ailəvi və mənəvi
yaxınlıq telləri ilə sıx bağlı olan bir
mühitdə boya-başa çatan Zərifə xanım zaman
keçdikcə özündə Azərbaycan
ziyalısının ən gözəl nümunəsini təcəssüm
etdirirdi.
Gələcək taleyini tibb elminə
həsr etməyi qarşıya məqsəd qoyan Zərifə
xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb
İnstitutunun müalicə-profilaktika fakültəsinə
daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə
bitirir. Həmin dövrdə Azərbaycanda gözü zədələyən
və ağır nəticəyə, hətta tam korluğa səbəb
olan traxoma infeksion xəstəliyi geniş
yayılmışdı. Bu xəstəliklə effektiv
mübarizə təkcə oftalmologiya elmi üçün
deyil, bütövlükdə respublikanın səhiyyəsi
üçün böyük əhəmiyyət
daşıyırdı. Belə bir dövrdə Zərifə
xanım traxoma xəstəliyinə qarşı müalicəvi
və profilaktik tədbirlərin təşkilində fəal
iştirak edir, traxoma xəstəliyinin daha geniş
yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr
oxuyur, əhali arasında maarifləndirmə işi
aparırdı.
Qeyd etmək lazımdır ki, bir
sıra ciddi elmi məsələlərlə yanaşı, Zərifə
xanım peşə ilə əlaqəli göz xəstəliyi
problemlərinə xüsusi maraq göstərmiş, yod-sənaye
müəssisələrində, neft-kimya sənayesində
çalışan şəxslərin görmə
orqanlarına təsir edən amillərə böyük diqqət
ayırmış, elmi təcrübələr
aparmışdır. Genişmiqyaslı klinik və təcrübi
tədqiqatlar nəticəsində alim zəhərli maddələrin
görmə orqanına təsirinin əsas
qanunauyğunluğunu aşkara çıxara bilmişdir.
Bakı şəhərindəki 1
nömrəli Tibb Kollecinin direktoru Nəriman Möhsümov, bu
təhsil ocağının laborantı, akademiklə bir yerdə
çalışmış Əzizə Şıxəliyeva
xatirələrini bölüşdülər. Bildirildi ki, Zərifə
xanım yüksək mədəniyyəti, təvazökarlığı
ilə seçilən əsl ziyalı xanım idi. Onun kimi
insanla bir yerdə çalışmaq böyük xoşbəxtlikdir.
Sadə və humanist bir qadın idi, insanlara mənəvi dayaq
olar, doğru məsləhətlər verərdi.
Səhiyyə Nazirliyinin Dövlət
Respublika Elmi Tibb Kitabxanasının müdiri Yeganə Pirəliyeva
akademikin çapdan çıxmış elmi əsərlərinin
əhəmiyyətindən danışdı: “Onun fəaliyyətini
araşdırdıqca maraqlı məqamlara rast gəlirik. Zərifə
xanımın elmi axtarışları monoqrafiyalarda, müxtəlif
kitablarda əks olunub. Bu əsərlər oftalmologiya sahəsində
çalışan, təhsil alan insanlar üçün
böyük elmi mənbədir. O, səhiyyədə kadr
hazırlığına və həkimlərin
ixtisasının təkmilləşdirilməsinə gərgin
əmək sərf edib. Onun birbaşa rəhbərliyi
altında cavan alimlərin və həkim-oftalmoloqların
böyük bir nəsli yetişib. Zərifə xanım tələbələrinə
zəngin həyat təcrübəsini öyrətmiş,
onlara diqqət və qayğı ilə
yanaşmışdır. Heç zaman gərgin işdən
usanmamış, ürəkdən və ilhamla
çalışmışdır. Onun həkim kimi fədakarlığı,
yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi
və qayğıkeşliyi, insanlara və onların problemlərinə
göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının,
yetirmələrinin və xəstələrinin dərin
hörmətini qazandırmışdır”.
1 nömrəli Tibb Kollecinin həkimi
Könül Salahova, müəllimlərdən Mədinə Nəbiyeva
və başqaları Zərifə xanım haqqında öz
fikirlərini bildirdilər. Qeyd olundu ki, alim böyük xidmətlərinə,
çoxillik elmi-tədqiqat işlərinə görə
1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının
akademiki seçilmişdir. Akademik ömrü boyu fəal
ictimai iş aparmış, keçmiş SSRİ-nin
Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan
Sülhü Müdafiə Komitəsi sədrinin müavini,
Oftalmoloqların Elmi Cəmiyyəti İdarə Heyətinin
üzvü olmuşdur. O həm də «Oftalmologiya xəbərləri»
jurnalının redaksiya heyətinin üzvü idi. Bir sıra
orden və medallara, Azərbaycanın Əməkdar elm xadimi fəxri
adına layiq görülmüşdür.
Çıxışlardan sonra
sözləri Cabir Novruza, musiqisi Sevil Əliyevaya aid olan “Ana”
mahnısı səsləndirildi, akademikin həyat və fəaliyyətini
əks etdirən videoçarx nümayiş olundu. “Qarabağ”
xalq çalğı alətləri ansamblının, Əməkdar
artist Firuz Səxavətin ifasında “Həkim qız” (musiqisi
Səid Rüstəmov) və digər musiqi nömrələri
ifa olundu.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2013.- 12 aprel.- S. 4.