Himayədarlığı şərtləndirən məziyyət

 

  Vətəndaş məhəbbəti, lider diqqəti

     

   İllərdir ki, biz böyük məhəbbətlə bu sözləri tez-tez işlədirik: “Heydər Əliyev Azərbaycan mədəniyyətinin əvəzsiz himayədarıdır”. Bu himayədarlığı şərtləndirən məziyyətləri araşdırdıqca duyduq ki, ulu öndərin vətəndaşlıq məhəbbəti ilə lider kimi diqqətinin ünsiyyəti nəticəsində Azərbaycan mədəniyyəti və onun yaradıcıları həmişə qayğı ilə əhatələnib. Həyatımızın bütün sahələrində unudulmaz Heydər Əliyevin elə qüdrətli və əzəmətli yadigarları var ki, zaman ötdükcə dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz xidmətləri qarşısında heyrətimizi, məhəbbətimizi bildirməyi özümüzə borc sayırıq.

  

   Tarixi və mədəni hadisələrin məsafə uzaqlığında Azərbaycanın tabeliyində Heydər Əliyevin xidmətləri daha aydın, daha parlaq görünməkdədir. Azərbaycan mədəniyyətinin Heydər Əliyev qədər əsl himayədarı, böyük qayğıkeşi olmayıb. O, mədəniyyətə qayğı göstərməklə kifayətlənmirdi. İstənilən musiqi əsəri, incəsənət xadiminin yaradıcılığı haqqında elə dəqiq fikirlər söyləyir, təhlillər aparırdı ki, sənətşünaslar yalnız həsəd apara bilərdilər. Bu böyükmüdrik insanla fikir mübadiləsi etmək o qədər də asan deyildi. Heydər Əliyev hər bir sənət sahibi ilə məhz o sənətin mahir bilicisi kimi söhbət edərdi.

   Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, incəsənəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçdi. 1970-1982-ci illər arasında memarlıq və şəhərsalma, monumental incəsənət, təsviri sənət, musiqi, teatr, kino sahəsində misli-bərabəri görünməyən tərəqqi baş verdi. O dövrdə Azərbaycanın bütün şəhərlərində mədəniyyət evləri, memarlıq ansamblları yarandı. 1949-cu ildə fəaliyyəti dayandırılmış bir sıra rayon teatrları yenidən həyata qaytarıldı. Azərbaycanın müxtəlif bölgələrində tanınmış insanların, mədəniyyət və incəsənət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr ucaldıldı. İmadəddin Nəsimi, Cəfər Cabbarlı, Mehdi Hüseynzadə və başqalarının şərəfinə ucaldılmış heykəllərin təşəbbüskarı məhz Heydər Əliyev olub.

   Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Heydər Əliyev görkəmli bəstəkarların, rəssamların, kinoteatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə böyük əhəmiyyət verirdi. Milli liderimizin sözləridir: «Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər». O, mədəniyyətin ictimai həyatda rolunu, mahiyyətini həmişə əsaslı surətdə izah edərək mədəniyyət xadimlərini, musiqiçiləri yeni yaradıcılıq axtarışlarına ruhlandırmaq üçün onların əməyini yüksək qiymətləndirərdi.

   Əlbəttə, sovet dönəmində Heydər Əliyevin Azərbaycan incəsənətinə, mədəniyyətinə göstərdiyi xidmətlərin öz xüsusiyyətləri var idi. Sovet imperiyasının təzyiqi altında milli mədəniyyətin inkişafına çalışmaq və onun nümayəndələrinin dünyada tanınmasına səbəb olmaq, sözün əsl mənasında, qəhrəmanlıqdır. Heydər Əliyev buna siyasi cəsarətinin, müdrik addımlarının və ən başlıcası, ürəyinin hökmü ilə nail olurdu. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir Salahov, Mikayıl Abdullayev kimi incəsənət xadimlərinin dünyada məşhurlaşmasında, sevilməsində öz orijinal yaradıcılıqları ilə bərabər, Heydər Əliyev qayğısı da mühüm rol oynamışdır. Bu görkəmli insanların çətin maneələri aşmalarında birinci köməyi, qayğını məhz milli liderimiz göstərmişdir. Heydər Əliyevin unudulmaz xidmətlərindən biribudur ki, müdrik insan müasir musiqinin yeni janrlarının yaradılması ilə bərabər, milli musiqimizin də unudulmamasına çalışırdı. Xüsusilə də Üzeyir Hacıbəyli, Müslüm Maqomayevin əsərlərinin gənc nəsil tərəfindən öyrənilməsinə, tamaşaya qoyulmasına çox diqqət göstərirdi. Müdrik rəhbərin Üzeyir Hacıbəyli sənətinin ictimai əhəmiyyətini açıqlayan fikirlərindən: «Əgər nəzərə alsaq ki, əsrimizin əvvəllərində xalqımızın əksəriyyəti savadsız idi, kitab oxuya bilmirdikitablar da az idi, kino, televiziyabaşqa vasitələr yox idi, təsəvvür edin, Üzeyir Hacıbəyli öz operası vasitəsilə Məhəmməd Füzulinin sözlərini, «Arşın mal alan», «O olmasın, bu olsun» və başqa operettaları vasitəsilə istədiyi fikirləri insanlara çatdırmaqla xalqımızın mənəvi və mədəni inkişafında nə qədər böyük xidmətlər göstəribdir».

   1993-cü ildə milli liderimizin ikinci dəfə hakimiyyətə gəlişi mədəni həyatımızda bir coşqunluq yaratdı. Müstəqillik dövrünə qədəm qoymuş Azərbaycan dahi rəhbərin mədəniyyət və incəsənətə göstərdiyi qayğının yeni sevinclərini yaşadı. Görkəmli ziyalıların, incəsənət xadimlərinin, aktyorların əməyini yüksək qiymətləndirən Heydər Əliyev onlara hər cür şərait yaradılması üçün müxtəlif sərəncamlar imzaladı. Bir qrup incəsənət xadiminə Prezident təqaüdləri, mükafatlar, fəxri adlar, orden və medallar verildi. Milli liderimiz görkəmli sənət adamlarının yubileylərinin dövlət səviyyəsində keçirilməsini təmin etdi. Heydər Əliyev bu barədə deyirdi: «Dünya təcrübəsi göstərir ki, yubileyin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətlərini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət və ehtiram deməkdir». Azərbaycan tamaşaçısı hələ də unutmayıb ki, Heydər Əliyev bu təntənəli yubileylərdə həm təşkilatçı, həm də iştirakçı olurdu.

   Azərbaycanın musiqi sənətinin inkişafında xidmətləri olan bəstəkarlardan Cövdət Hacıyevin, Aqşin Əlizadənin, müğənnilərdən Sara Qədimovanın, Fidan Qasımovanın, Zeynəb Xanlarovanın «Şöhrət» ordeni ilə təltif olunması milli liderin musiqi sənətinə göstərdiyi diqqətin rəmzidir. Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 110 illik yubileylərinə həsr edilmiş təntənəli gecələrdə dahi rəhbərin çıxışları hələ də unudulmayıb. Heydər Əliyevi bir məsələ də çox sevindirirdi ki, əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri olan Qara Qarayevi, Fikrət Əmirovu, Cövdət Hacıyevi, Soltan Hacıbəyovu, Arif Məlikovu, Aqşin Əlizadəni, Firəngiz Əlizadəni və başqalarını vətənin hüdudlarından kənarda da yaxşı tanıyırlar.

   O, klassiklərlə yanaşı, gənc nəslə, ilk növbədə istedadlara qayğı və diqqət göstərməyi daha çox sevirdi. Həmişə deyirdi: «İstedadlar - uşaqlar, gənclər də bilsinlər ki, onların bütün qayğılarını Azərbaycan Prezidenti özü şəxsən çəkəcəkdir». Bu vədin necə göyərdiyi haqqında bir neçə fakt demək istəyirik: 22 iyun 1996-cı ildə Azərbaycan gənc istedadlarının «Qızıl kitab»ı, Gənc İstedadlar Fondu yaradıldı. «Qızıl kitab»a adı düşən gənc istedadlar üçün xüsusi təqaüd təsis edildi. Rüstəm Mustafayev adına Milli İncəsənət Muzeyində «Qızıl kitab»a adı düşmüş birinci gənc vokalçı - 15 yaşlı Surxay Əsgərovun yaradıcılıq gecəsi keçirildi. Heydər Əliyev təntənəli gecədə iştirak edərək bir daha gənc nəslə olan məhəbbətini, qayğısını bildirdi.

   Milli liderimiz öz çıxışlarının birində demişdir: «Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz». Musiqi ayrı-ayrı xalqlara məxsus olsa da, insanları birləşdirən ən yaxşı vasitədir. Bu səbəbdən də müxtəlif xalqlar arasında mədəni körpülər salmaq daha vacibdir. Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra Azərbaycanda müxtəlif dövlətlərin, xalqların, eləcə də xarici ölkələrdə Azərbaycanın mədəniyyət günlərinin keçirilməsinə start verildi. Böyük öndər tərəfindən təməli qoyulmuş bu mədəni əlaqələr bu gün də müntəzəm davam etməkdədir.

   Heydər Əliyev xarici ölkələrdən respublikamıza gələn incəsənət xadimlərinin qastrol səfərlərinə böyük əhəmiyyət verər, onların çıxışlarına baxar, bəzən də qonaqları şəxsən qəbul edərdi. Alla Puqaçova, İosif Kabzon, Oleq Qazmanov və başqalarının Respublika Sarayındakı konsertlərində milli liderin iştirakı və qonaqlarla görüşü unudulmaz xatirələrdəndir. Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin Bakıda yubileyinin təntənəli qeyd edilməsi, MstislavLeopold Rostropoviçlərin ev-muzeyinin açılması məhz Heydər Əliyevin təşəbbüsüdür.

   Heydər Əliyevin mədəniyyətə göstərdiyi diqqət səbəbsiz deyildir. Milli liderimiz demişdir: «Mən şeirə də, mahnıya da çox hissiyyatlı adamam, musiqi, mahnı məni həmişə həyəcanlandırır». Ulu öndərin daxili zənginliyini özünün söylədiyi bu fikir qədər heç bir mülahizə dəqiq aça bilməz. Xatırladırıq ki, həmişə konsertdən, tamaşadan, yubiley gecəsindən sonra Heydər Əliyev pərdə arxasına keçər, incəsənət xadimləri ilə görüşər, onların çıxışları barəsində öz fikirlərini söyləyərdi. Onun özünün sevdiyi bəstəkarlar, mahnılar, əsərlər də var idi. Ən çox sevdiyi bəstəkar Üzeyir Hacıbəyli olub. Unudulmaz şəxsiyyət, bəstəkar Tofiq Quliyevin yaradıcılığından söz açarkən demişdi: “Tofiq Quliyevin mahnıları çoxdur, lakin «Sənə də qalmaz» bunların zirvəsidir. Mən bu mahnını çox sevirəm». Xalq artisti Niyaməddin Musayevin ifasında Məmməd Arazın «Dünya sənin, dünya mənim, dünya heç kimin» mahnısını da çox sevirdi ulu öndər.

   Milli liderin haqqında yazılan xatirələrdən, eləcə də özünün yaddaşımıza həkk olunan sözlərindən məlum olur ki, lap uşaqlıqdan teatr həvəskarı olub. Hətta Naxçıvan Dövlət Musiqili Dram Teatrında məktəbli illərində çıxış edib. Heydər Əliyev həm də rəssam olmaq istəyirmiş. Yaradıcılığa meyl, məhəbbət onun bütün varlığında yaşadığından həmişə teatrı dərin məhəbbətlə sevib. Teatrlarda tamaşaya qoyulan bütün əsərlərin premyerasında mütləq iştirak edərdi. Bu səbəbdən də Azərbaycanın rejissor və aktyorları həmişə Heydər Əliyevi «teatrın dostu» adlandırırdılar. Milli teatrımızın müasir tələblər səviyyəsində fəaliyyət göstərməsi ən böyük arzusu olub. Ona görə də həmişə teatrın tərəqqisi üçün kömək göstərər, sərəncamlar imzalayardı.

   Böyük şairimiz Hüseyn Cavid deyirdi:

  

   Turana qılıncdan daha kəskin, ulu qüvvət

   Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

  

   Məhz Heydər Əliyevin bütün varlığı xalqa, onun mədəniyyətinə xidmətdən yoğurulmuşdur. Ulu öndərin incəsənətə, teatra, musiqi kinoya göstərdiyi xidmətlər unudulmazdır. Sənətşünas, mərhum İnqilab Kərimova məxsus fikirdir: «Heydər Əliyev sənətdə süniliyin, arxaikliyin, tənbəlliyin əleyhinə çıxıb, yaradıcılığa məsuliyyətlə yanaşmağı, həmişə tərəqqi irəliləyiş yolunu seçməyi vacib saymışdır...» Milli liderimiz baxdığı tamaşaların quruluşuna, tərtibatına, aktyor ifasına incəliklə, həssaslıqla yanaşardı. Hər bir əsərin məzmununa, mənasına, mənəvi dəyərlərlə əlaqəsinə, süjetinə diqqət verərdi. Bu mövqe münasibət hər birimiz üçün böyük məktəbdir. Hələ öyrənməli cəhətlər çoxdur.

  

 

   Flora Xəlilzadə,

   Əməkdar jurnalist

 

   Mədəniyyət.- 2013.- 12 aprel.- S. 7.