Möcüzələr teatrının rəssamı

 

  Qısa arayış:

  

   Solmaz Qurban qızı Musayeva 1928-ci il aprelin 10-da Bakının Mərdəkan kəndində anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini və Leninqrad Bədii Dekorativ-Tətbiqi Sənət İnstitutunu bitirib. 1965-ci ildən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında quruluşçu rəssam, 1981-ci ildən isə baş rəssam vəzifəsində çalışıb. Kukla Teatrında çalışdığı 25 il ərzində 60-dan artıq tamaşaya quruluş verib. Respublikanın Əməkdar rəssamı adına layiq görülüb.

   Teatrda işləməklə yanaşı, müxtəlif janrlarda unikal dekorativ-tətbiqi sənət nümunələri yaradıb. Onun nağılvari kompozisiyaları, çoxsaylı obrazlardan ibarət kukla ansamblları ölkəmizdən çox-çox uzaqlara - Amerikaya, Fransaya, İsrailə “ayaq açıb”. Rəssamın “Şuşalı qadına Şirvanlı xanım qonaq gəlib” əsəri hazırda UNESCO-nun mənzil-qərargahının daimi eksponatıdır.

  

   Azərbaycanın ilk peşəkar kukla rəssamı Solmaz Musayeva həyatının 85-ci baharını yaşayır. Onun ömür kitabını birlikdə vərəqləyirik.

  

   Ömrün uzaq və şirin sahilləri

  

   Solmaz xanım dövrünün məşhur ziyalılarından biri olan publisist Qurban Musayevin ailəsində dünyaya gəlib.

   - Mən o mühitdə böyümüşəm ki, orada çox yaxşı yaradıcılıq atmosferi vardı. O çətin illərdə - repressiya dövründə Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Ələsgər Ələkbərov, Dram Teatrının baş rəssamı Nüsrət Fətullayev, rejissor Ələsgər Şərifzadə tez-tez bizim evə gəlib-gedərdilər. Mən də balaca idim, balaca kətilimin üstündə oturub onlara kənardan tamaşa edərdim. Bu hərəkətim onları valeh edərdi. Bir gün Hüseyn Cavid məni dizinin üstündə oturdub, adımı soruşdu. Dedim: "Solmaz". Dedi: "Çox gözəl. Solmayacaqsan heç vaxt!.." Mən belə bir mühitdə böyümüşəm.

  

   Xatırladaq ki, Solmaz xanımın əmisi Xalq yazıçısı Qılman İlkin, xalası oğlu isə özünə qardaş hesab etdiyi Həsən Seyidbəyli idi. Onun gələcək sənət seçimində bu insanların, şübhəsiz ki, böyük rolu oldu.

  

   - Hamının əziz-xələfi idim. Buna görə də onlar özlərinə borc bilirdilər ki, mənim gələcək sənətimin özülünü qoysunlar. Xüsusilə xalam oğlu Həsən daima mənə deyirdi ki, sən multiplikator olmalısan. Buna görə də məsləhət görürdü ki, çoxlu rəsm çəkim. Əlimdən kağız-qələm düşmürdü. Şəkilləri də karikatura formasında çəkirdim. Evimizə üz cizgiləri qəribə olan insanlar gələndə tez əlimə karandaş götürüb onların şəklini çəkirdim. Böyüklər baxıb əvvəlcə heyrətlənir, sonra da gülürdülər ki, necə də oxşatmışam.

   İllər arxada qaldıqca Solmaz xanımın arzuları böyüyür, sənətə qarşı olan sevgisi günbəgün artır. Bu minvalla yollar onu Ə. Əzimzadə adına rəssamlıq məktəbinə gətirir.

   - Əzim Əzimzadə adına rəssamlıq məktəbində beş illik təhsil bir akademiyaya bərabərdir. Bir gün mən Maral Rəhmanzadəyə yaxınlaşıb çəkdiyim şəkilləri ona göstərdim. O, mənimlə dostlaşdı, qrafikanı öyrətdi. Maral xanım əmimi, atamı çox yaxşı tanıyırdı. Onlar həmyaşıd idilər, Mərdəkanda bir yerdə böyümüşdülər.

   Solmaz xanım rəssamlıq məktəbində təhsil alarkən paralel olaraq ingilis dili kurslarına gedir və bu bacarığını nəzərə alaraq onu Xarici Dillər İnstitutunun III kursuna qəbul edirlər. İnstitutu müvəffəqiyyətlə bitirir.

   - 1952-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq şöbəsini bitirib sənədlərimi Leninqrad Bədii Dekorativ-Tətbiqi Sənət İnstitutunun keramika fakültəsinə verdim. İmtahanqabağı özümə o qədər cəfa verdim ki, “əla” qiymət aldım.

   Bir xasiyyətimi deyim, mən həyatda inadkar adam deyiləm, amma sənətdə çox inadkaram. Bir işi başlayanda mütləq sona kimi davam etdirirəm. Çünki sənətimə məhəbbətim həddindən artıq çoxdur.

  

   “İlk tamaşadan sonra mənə qonaqlıq verdilər”

  

   Bakıda 1931-ci ildə fəaliyyətə başlayan Kukla Teatrı II Dünya müharibəsi zamanı bağlanır. Sənət ocağı qapılarını uzun illərdən sonra - 1965-ci ildə yenidən balacaların üzünə açır. Bu vaxt teatrda yeni kadrlara tələbat vardı.

   - Atam mənə dedi ki, Kukla Teatrı açılıb, işçi tələb olunur. İstəyirsənsə, ora get. Getdim. Uşaqlığım yadıma düşdü. Uşaq vaxtı atam məni tez-tez Dram Teatrına aparardı. Onun bir neçə əsəri dram teatrında səhnəyə qoyulmuşdu. Premyeralara gedirdik. Butafor sexini çox sevirdim. Orada Bədurə xanım Əfqanlı işləyirdi. Onun işlərinə baxıb ilham alırdım. Mən kukla sənəti üzrə təhsil almasam da, dünya miqyasında keçirilən kukla teatr festivallarında iştirak etmişəm. Elə bu festivallar, görüşlər sənət məktəbim oldu. Kukla Teatrında 25 il işlədim və 60 tamaşaya quruluş verdim. İlk tamaşam “Şəngülüm, Şüngülüm və Məngülüm” oldu. Hətta bu tamaşanın premyerasından sonra mənim üçün teatrın işçiləri qonaqlıq da vermişdilər.

   Solmaz xanım teatrda istedadına inandığı, yaradıcılığını bəyəndiyi rejissor Tamilla Məhərrəmova ilə bir çox səhnə əsərlərinə həyat verir.

   - Biz Tamilla xanımla ən əvvəl əsəri oxuyurduq, sonra bir-birimizə sual verirdik: biz bu tamaşada uşaqlara nə aşılamaq istəyirik və fikrimizi bu dəfə hansı formada çatdıracağıq.

   Onların birgə işlərindən olan “Sehrli quyu” tamaşası Zaqafqaziya teatrlarının festivalında uğurla nümayiş olunur.  

   - Boş vaxtlarım olan kimi Moskvaya, Sergey Obraztsovun kukla teatrına gedirdim. Onun özü və rejissorları ilə görüşürdüm. Obraztsovun bir sözü heç yadımdan çıxmır. O deyirdi ki, bizim teatrda ən böyük səhv insanın üz cizgilərinin düzgün mütənasibliyi ilə kuklada verilməsidir. Kukla Teatrının kuklaları ilə adi gəlinciklərin, kuklaların arasında çox böyük fərq var.  

   Solmaz xanımın ən çox bəyəndiyi tamaşaları “Qaravəlli”, “O olmasın, bu olsun”, “Malçiş-Kibalçiş”, “Cunquş”, “Olye Lukoye və ya sehrli çətirlər”dir.

   - “O olmasın, bu olsun”u Hindistana, Özbəkistana festivala aparmışdıq. Cunquştamaşası da Hindistanda çox böyük uğur qazandı.

 

   Kukla filmləri

  

   Solmaz Musayeva rejissor Vaqif Behbudovla birgə ilk kukla filmləri üzərində çalışır. Çəkdiyi beş filmdən ikisi mükafat qazanır. Özbəkistanda keçirilən kinofestivaldaGöyçək Fatmabirinci dərəcəli diplomla mükafatlandırılır. Festival zamanı “O olmasın, bu olsundörd dəfə Daşkənd televiziyası ilə nümayiş olunur. Malçiş-Kibalçişisə o dövrdə SSRİ Mədəniyyət Nazirliyinin birinci dərəcəli diplomuna layiq görülür.

   - Bir gün xalam oğlu Həsən Seyidbəyli mənə dedi ki, başqalarının ssenarilərinə cizgi film çəkirsən, bəs mənim ssenarimə niyə çəkmirsən? Qorxursan ki, pis alınar? Qorxma! Çək. Mən dedim ki, sən yaz, mən çəkərəm. Yazdı. İtlə pişiyin dostluğundan bəhs edən "Etibarlı dost" adlı ssenarisinə cizgi film üçün kuklaları düzəltdim. Bu cizgi filmini çəkib bitirənə kimi Həsən dünyasını dəyişdi. Titrlərdə adını qara haşiyədə yazdırmalı olduq. Kaş o görəydi bu filmi. Əsl cizgi filmi idi!.. Mən çox həvəslə bu işlə məşğul olmuşam.  

   Solmaz xanım Kukla Teatrını möcüzələr teatrı adlandırır. O, 1990-cı ildə təqaüdə çıxandan sonra fikrində-xəyalında canlandırdığı bir arzusunu da reallaşdırmaq qərarına gəlir.

   - Mən həmişə xarici səfərlərdə olarkən hədiyyə dükanlarındakı suvenir kuklaları görüb öz-özümə deyirdim ki, yaxşı olardı, bizim ahu baxışlı, qaraqaş, qaragöz, milli koloritli gəlinciklərimiz olaydı. Gün gəldi ki, ürəyimdən keçən bu arzumu həyata keçirdim.

  

   Suvenir gəlinciklər

  

   Çox keçmir ki, Solmaz xanım suvenir gəlinciklər hazırlayır. Əvvəllər buna hobbi kimi yanaşsa da, Pakistan festivalındakı uğuru onu daha da ruhlandırır. Sənətin bu sahəsində özünü təsdiqləyir.

   - Mən çox festivallarda olmuşam, çox uğurlar qazanmışam. 1994-cü ildə Pakistanda keçirilən İslam ölkələrinin tətbiqi sənəti üzrə festivaldan isə olduqca məmnun qaldım. Festivala təqdim etdiyim gəlinciklər Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus libaslarda idi. Onları geyindirərkən çalışmışdım ki, baş örtüklərindən tutmuş çarıqlarına qədər milli koloritdə olsun. Jüri tətbiqi sənətə yeni cərəyan gətirdiyimi əsas tutaraq məni xüsusi diplomla mükafatlandırdı.  

   Solmaz xanımın əl işləri arasındaQadın toyu”, “Novruzadlı əsərləri, ikisüjetli kompozisiyası - “Xalça toxuyan qız “Ana” öz gözəlliyi ilə insanı heyran edir. Xatırladaq ki, Azərbaycanın əksər diyarşünaslıq muzeylərində Solmaz xanımın əl işləri var.

   Sənətində bir çox ilklərə imza atan istedadlı, işıqlı, ürəyi xeyirxahlıqlarla dolu Solmaz Musayevanın 85 yaşı tamam oldu. Uşaqların böyüklərin sevimlisi olan rəssama ömrünün 85-ci baharında uzun ömür bahar çiçəkləri kimi rəngli, ətirli günlər arzulayırıq.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2013.- 12 aprel.- S. 11.