Bir Səs hadisəsi

 

   Böyük muğamın zirvə məqamında qərarlaşan Seyid Şuşinski

  

   O hadisə ki hədisə çevrilmədi, o olayın ki səsi çıxmadı, ondan hadisə çıxmaz, olay olmaz. Nüvəsində bəşəri-mənəvi mənalılıq, mayasında sehri-seyranlıq, mehri-heyranlıq olan hadisələrin səsi isə mütləq çıxır. Hələ nə qəribə ki, səsi çıxan o nəsnənin özü elə onun özündən ibarət ola - səs ola!..

  

   İndiki çağlarda səsini-sədanı eşitdirməyə nə var ki; dünyanın bu başında “qu” elə, o başında qulaq tutulsun. Amma o dövrlər səsin dövrəsi ayda-ildə bir düzənlənən məclis-mərəkə en-boyunda idi. Amma bəzən əsl Səs yiyəsinin səs-sorağı səsdən də tez yayılardı o vaxtlar. Təki o səs gözəl olsun, onu tək elə qulaqlar yox, ürəklər də eşidə bilsin. Belə oldumu, vəssalam və -

  

   Salam, möcüzə Səs!

  

   Bütün nəğməli Azərbaycana, şarkılı Şərqə səs salan, zövqlərdən kam alan Səs! Qulaqlara bulaq kimi axan, könüllərdə şimşək kimi çaxan Səs. Biri-birinə deyər “səs eləmə”, “səsini kəs”. Hələ “səsin batsın” kimi deyimləri demirəm. Amma elə səslər də var (olub və olacaq) ki, onları eşidəndə adam özü öz səsini kəsir. Elə səslər çağlayıb qurtarana qədər cınqırını da çıxarmır adam...

   İrsli-istedadlı Şuşanı - Azərbaycanın bu təbii konservatoriyasını səs-səda ilə, avazla təəccübləndirmək havayı cəhd imiş bir zamanlar. “Bir zamanlar” deyəndə ki, inşallah, yenə gələr o zamanlar (“su gələn arxa bir də gələr”). Burda doğulanların mayası-dayəsi təbiət idi və sən demə, XIX yüzilliyin sonlarında bu şəhər daha bir səs inqilabı gözləyirmiş. 1889-cu il tarixçəsi öncə şuşalıların, ardınca bütün azərbaycanlıların, sonralar Yaxın Şərqin hafizəsinə Seyid adlı bir səs və sənət nəhənginin adını yazacaqmış.

   Sonralar Şuşinski təxəllüsü ilə çağının bütün oxuyanlarına ata-ustadlıq edəsi bu uşaq İsa bulağının zümzümələri, Qırxqızın, Cıdır düzünün axar-baxarı, anasının laylaları ilə bərabər, artıq məmləkətin hər yerinə bəlli ilahi bir səsə də qulaq kəsilə-kəsilə böyüyürdü. O səsin sahibi ondan 28 yaş böyük idi. Adı Cabbar, soyadı Qaryağdıoğlu. O səs bütün başqa xanəndələrin ifalarına edilən təəccüblərin, heyrətlərin “barıtına su tökmüşdü”. O səs son illər paytaxtımızda beynəlxalq festivalları keçirilən dünyanın muğam aləm-arealının “zövq qidası” ehtiyacını ödəyirdi. Onun səs oktavasını ecazkar italyan tenoru Karuzo ilə müqayisə edən kim, onu “Şərq ifaçılığının peyğəmbəri” adlandıran kim, “Səs Günəşi” çağıran kim...

   Və həmin Səs Günəşinin Vətənində daha bir gözqamaşdırıcı işıq parlamaqda idi. Artıq qonum-qonşu “xəbərlər”ində bir Seyid “isim”ləşir, Şuşinski “sifət”ləşirdi. Qonşuya, məhəlləyə sığmayan bu səs küll-Azərbaycanın qulağına çatmaqda, bütün Yaxın Şərqin diqqətinə yetməkdə idi.

  

   Bir axşam...

  

   Elə bir axşam ki, o Səsin qarşısında parlaq səhərlər, günəşli gündüzlər açdı. Kim bilir, həmin o mübarək tale axşamı olmasaydı; bəlkə Seyidin məlum başarısı yaşının 19-unda yox...

   Bəli, Seyid 19 yaşına çatanda bu Səs də zilin zirvə qaşına yetmişdi.

   Həmin il Şuşanın “Yay klubu”nda növbəti bir konsert-tamaşa düzənlənir. O vaxtlar nə-necə adlandırıldığını bilmədiyim konferansye Seyidi səhnəyə, belə deyək, “uşaq ayağından” dəvət edir. Seyidsə o “taxta təpə”yə ağır ağsaqqal salğarıyla çıxır və muğamların da ən “ağbirçəyini” - “Şur”u ifa edir. O konsertdə iştirak etmiş babalar öz nəvə-nəticələrinə belə bəyan edirmişlər ki: “Salon bu uşağın səsindən kürreyi-ərzi-avaz xəyalatına dalmışdı...”

   Həmin o baba-nəvə nağıl-noğullarında bu kəlmələr də işlədilirmiş ki, Nuhun vaxtından ruhun taxtına qədər belə səs eşidilməyibmiş. Onun o vaxtaqədərki ifaçılarda görünməmiş zəngulələri salonun nitqini qurudubmuş. Çəpik çalası əllər tilsimə düşüb “qandal”lanmış, səhnəyə qalxıb onu bağrına basmaq istəyənlərin ayaqları halətdən donub sandallanıbmış...

   Amma belə bir rəsmi, daha doğrusu, mətbu söyləmə də var ki, həmin vaxt salonda olan Cabbar Qaryağdıoğlu ağır-ağır ayağa qalxıb, birayaq-birayaq səhnəyə tərəf irəliləyir. Seyidi bağrına basıb, üzünü, yalan olmasın, iki təsnif müddətinə onun üzünə söykəli saxlayır. Bu “fürsət”dən istifadə edib, bütün canına-qanına işləmiş həzz qəhərini boğur, sevincdən dolmuş gözlərinin yaşını qurudur və üzünü camaata çevirib: “İndi mən ölməkdən, haçansa bu sənətdən, bu dünyadan getməkdən qorxmuram, - deyir. Çünki bu sənət dünyasına Seyid gəlir!..”

   Bu sözləri böyük xalq sənətkarı, adlı-sanlı ustad deyirdi bu gəncə. O gəncə ki, o özü də tezliklə “ustad” çağrılacaqdı. Xalq məktəbindən çıxmış ali müəllim adı qazanacaqdı. Bəli, “ümumxalq-məktəb”dən çıxmış -

  

   Canlı məktəb...

  

   Hə, şərti olaraq “xalq məktəbi” deyilən əbədi ocağın yetirməsi olmuş Seyid Şuşinski bəziləri kimi “saysız-hesabsız” kontingentdə yox, az tələbə hazırlayıb, az peşəkar yetişdirib. Amma yetişdirib, ha!..

   Tarixən intellekt-inkişaf addımları qarşısına sədlər çəkilmiş Azərbaycan fitrəti müəllimlik, ustadlıq sarıdan heç bir dövrdə, heç bir bölgədə korluq çəkməyib. Belə simalardan, “canlı universitet”lərdən biri də Mir Möhsün Nəvvab idi ki, gələcəyin böyük müəllimi Seyid Şuşinski də ilk dərsini ondan alıb. Sonralar dövlət texnikum və universitetlərini bitirənlər, özlərinə sənət binəsi qurub, ev olan bir çox sənətkarlar məhz Nəvvabın dühasında yetişib, onun ustad ülgüsündən çıxıblar. Seyidin sonrakı müəllimi Cabbar Qaryağdıoğlu isə onun ifalarının birində riqqətə gələrək söz tapa bilməyib və öz qavalını qocafəndi bir tərzi-hərəkətlə ona bağışlayıb.

   Seyiddən (hətta vəfatından) sonra uzun müddət heç kim “Çahargah”ı ifa etmirmiş; - bəziləri ustada sayğıdan, bəziləri “bərayi-ehtiyat” duyğusundan, bir parası isə qorxudan. Seyidin ifaları millətimizin dədə-babalıq yollarını bağlamaqda davam edən sovet illərində xalqın daxili narazılığını, duyğusal üsyan-təlatümlərini bir qədər yumşaldıb, o siyasi “rejim xoru” dövrlərində camaatı yola verirmiş. O zamanın tamaşaçıları arasında qatı millətçi kimi tanınan içərişəhərli Mail kişi isə məclislərin birində deyib ki, sovetlər bizim milli maraq-çırağımızı söndürdü, cəddinə qurban olduğum Seyid isə oxuyanda az qala bunların “ləmpiçkələrini” söndürür!..

   Sonrakı illərdə Seyid Şuşinskidən az yazsalar da, yaxşı yazırdılar. 1970-ci illərdə isə şair Famil Mehdi “Başına döndüyüm Azərbaycanın Dəli Kürüyəm mən, Arazıyam mən” kimi misralarının davamında “Ələsgərin sazı, Qurbanın tarı, Seyidin, Cabbarın avazıyam mən” - deyə S.Şuşinskini də hörmət və fəxarətlə anır, bu qoşma muğam və təsniflərdə təkrar-təkrar səslənirdi.

   Paytaxta “xəlqi diplom”la gəlmiş bu tələbə qədim şəhərin “ustad şapalağı”ndan çəkinmədən yeniliklər edir, hər yüz qədim-qədəm addımından birini də (məlum “əfkari-ümumiyyə” tərəfindən nəm-nümlə qarşılansa da) novatorluqla atırdı. Təkcə elə “Çahargah”ına görə, onu heyrətlə “axırı əvvəl oxuyan!” adlandıranlar varmış. Belə ki, o, hər məclis-mərəkədə “Çahargah”ı “maye”dən yox, “mənsuriyyə”dən başlayarmış.

   Çağımızın “axıra qalmış” ağsaqqal-ağbirçəkləri Seyidin axır-macallarda (vəfatına iki il qalmış) oxuduğu “Mənsuriyyə”sindən məftun-məftun danışalar... sən də oturub susqun-susqun qulaq asasan! 74 yaşda “Mənsuriyyə”?!.

   Onun milli düşüncələrindən şövqlə danışanları da az eşitməmişəm. Söyləyirdilər ki, ahıl-qocamanlar məclislərində camaatı Füzulinin, Nəbatinin, Seyid Əzimin qəzəllərilə heyran edən Seyid, salondakıların əksəriyyətinin gənclər olduğunu görəndə “valı dəyişir”, milli ruhlu qəzəllərdən, Vətən daşlı, yurd qeyrətli misralardan, xalqı gizlicə-işarətlicə “qalx”a səsləyən ictimai-siyasi məzmunlu şeirlərdən oxuyurdu. Ən maraqlı mətnləri, döyüşkən misraları, him-cimli qafiyələri də ki, zəngulələrinin ən qırmanc ləpələrilə çatdırırmış salonlara.

   Bir az da xatirələrdəki Seyid Şuşinskidən bəhs edək.

  

   Deyək ki...

  

   Yox, öncə qeyd edək (daha doğrusu, təkrar edək) ki, bu virtuoz sənətkar haqda əzəl-başdan çox az yazılıb və bu mətbu laqeydlik hələ də davam etməkdədir. Onun barəsində yazılan kitablar, qəzet-jurnal məqalələri, tutumlu portret-verilişlər muğamlarımızın sayı qədər ola, ya olmaya. Qocaman, ahıl yaşlı muğam ifaçılarımız isə, sağ olsunlar, Seyid Şuşinskini hər yerdə, hər an çox sayğı ilə xatırlayırlar. Xalq artistləri Əlibaba Məmmədovun, Canəli Əkbərovun, rəhmətlik İslam Rzayevin və bir çox başqalarının keçmiş günlər, muğam sənətinin tədris-təlim məsələləri barədə beş sözündən üçü Seyid fenomeni, Seyid ustadlığı, Seyid şəxsiyyəti haqda olub və yəqin ki, hələ çox olacaq. Onun müəllimliyindən isə daha çox danışırlar. Qeyd edirlər ki, Seyid Şuşinski muğamın tədrisində, təlimində necə ustad cığırı açıbsa, nəhəng-nəhəng müasirləri hələ də özlərini “şəyird” hesab edir, onun möhtəşəm banilik qalasından kənara çıxa bilmirlər. Və çox maraqlıdır, Seyid Şuşinski ülgüsündən çıxan tələbələrin doxsan doqquz faizi zaman-zaman Xalq artisti fəxri adına layiq görülüb.

   Onun zirvə səs oktavası, muğamlara vurduğu məxsusi güllər (“Çahargah”a isə şəriksiz müəllif möhürü), digər sənətkarlıq elementləri haqda nə qədər desən, nəxəntərə yazsan, yenə azdır, adekvat deyil və s. Deməli, ey müəllimlər müəllimi, sözümüz sənin məlahətli, ecazkar səs-avazın dərinliyində olmasa da, qoy bu yazını bizə verdiyin təkrarsız ləzzət, zövq sərinliyində bitirək: ruhun şad, xatirin xatirələrdə daim abad olsun!..

  

 

   Tahir Əhmədalılar

 

   Mədəniyyət.- 2013.- 12 aprel.- S. 12.