Sənət
və mədəniyyət dialoqu
“Muğam
aləmi” III beynəlxalq elmi simpoziumu haqqında təəssüratlar
Ölkəmizdə müxtəlif
beynəlxalq səviyyəli festival, müsabiqə və
forumların keçirilməsi son illərdə artıq ənənə
halını almışdır. Sənətsevərləri həmişə
sevindirən belə tədbirlərdən biri “Muğam aləmi”
beynəlxalq festivalıdır. Ümumiyyətlə, qeyd etmək
lazımdır ki, XXI əsrdə muğam sənətinə
marağın artması, bu sənətin dövlətimiz tərəfindən
xüsusi himayə edilməsi sayəsində Azərbaycan
muğamı dünya miqyasında məşhurlaşmışdır.
Azərbaycan muğamının,
tar ifaçılığı və aşıq sənətinin
UNESCO-nun “Şifahi və qeyri-maddi mədəni irsin şah əsərləri”
proqramı üzrə tərtib edilən bəşəriyyətin
qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi
faktı buna parlaq misaldır. Azərbaycan muğam sənətinin
təbliğ edilməsi məqsədilə Heydər Əliyev
Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın təşəbbüsü və
rəhbərliyi ilə həyata keçirilmiş bir sıra
beynəlxalq əhəmiyyətli layihələri - “Azərbaycan
muğamı”, “Muğam-irs”, “Muğam ensiklopediyası”,
“Muğam-internet”, “Muğam-dəstgah”, “Muğam-antologiya”,
“Muğam aləmi” layihələrini xüsusilə qeyd etmək
lazımdır.
“Muğam aləmi” beynəlxalq
festivalının bədii rəhbəri görkəmli bəstəkar,
UNESCO-nun “Sülh naminə incəsənət xadimi”, Azərbaycan
Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz
Əlizadədir. Heydər Əliyev Fondu, Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar
İttifaqının təşkilatçılığı
ilə keçirilən festival bu il üçüncü dəfə
muğamsevərləri bir araya topladı.
İlk dəfə 2009-cu, daha sonra
2011-ci ildə gerçəkləşən musiqi
bayramının coğrafi hüdudları genişlənərək
daha çox ölkələri əhatə edir. Ötən
festivallarda İran, Türkiyə, Özbəkistan, Tacikistan,
Misir, Hindistan, Çin, Yaponiya, ABŞ, Almaniya, Fransa, Kanada,
İtaliya və başqa ölkələrin nümayəndələri
iştirak edib. Builki festivala ilk dəfə olaraq Tunis, Mərakeş
və Liviyadan da qonaqlar təşrif buyurmuşdular.
Novruz bayramı ərəfəsində
- martın 9-dan 19-dək keçirilən festivalın
üç hissədən ibarət olan əsas konsepsiyası
(elmi simpozium, müsabiqə və silsilə konsertlər) nəsillərin
varisliyi - əsrlər boyunca toplanmış milli-mənəvi
dəyərlərin qorunub saxlanması, təkmilləşdirilməsi
və gələcək nəsillərə ötürülməsi
- “Ustaddan-şagirdə” ideyasını təcəssüm
etdirirdi. Üçüncü festivalın təqdirəlayiq
cəhətlərindən biri də odur ki, bu dəfə tədbirlər
yalnız Bakının konsert salonlarında deyil, həmçinin
müxtəlif bölgələrdə - Gəncə, Qəbələ,
Naxçıvan, Lənkəran, Şirvan, Şamaxı,
Ağcabədi, Ağstafada keçirilmişdir. Bu, əlbəttə,
geniş kütlələrin Azərbaycan və xarici ölkə
ifaçılarının və ansambllarının
maraqlı çıxışları ilə tanış
olmasına imkan yaratmış və bölgələrin mədəni
həyatının canlanmasına səbəb olmuşdur.
Geniş və dolğun proqramı
olan festivalın çoxsaylı tədbirləri
sırasında - yeddi Azərbaycan muğamından ibarət
silsilə konsertlər, bəstəkarlarımızın
simfonik, kamera əsərləri, opera və balet
tamaşaları, etno-caz musiqisi axşamları, özündə
Şərqin və Qərbin melodiya və ritmlərini cəmləşdirən
flamenko sənəti, dünyanın müxtəlif ölkələrindən
təşrif buyurmuş Azərbaycan muğamının
dostları ilə “görüş-konsertlər” təqdim
olunmuşdur. Tamaşaçılar həmçinin beynəlxalq
elmi simpoziumda Azərbaycanın və müxtəlif xarici
ölkələrin musiqişünaslarının maraqlı məruzələrini
dinləmiş, solo və instrumental muğam ifaları üzrə
keçirilən beynəlxalq müsabiqə
iştirakçılarının
çıxışları ilə tanış olmuşlar.
Festivalın rəngarəng tədbirləri
içərisində elmi simpoziumu xüsusilə qeyd etmək
lazımdır. Çoxəsrlik tarixə malik olan muğam sənətinin
tədqiq və təbliği, milli musiqi alətlərimizin bərpa
və təkmilləşdirilməsi, muğam
ifaçılığı repertuarının zənginləşdirilməsi
və tədris edilməsi - bütün bu məsələlər
Azərbaycan musiqişünaslığının aktual sahələrini
təşkil edir. Respublikamızda belə irimiqyaslı elmi
simpoziumun keçirilməsi, sözsüz ki,
musiqişünaslıq elminin inkişafı və milli musiqi mədəniyyətimizin
təbliği baxımından çox əhəmiyyətlidir.
UNESCO-nun Ənənəvi Musiqi
Üzrə Beynəlxalq Şurasının (İCTM -
İnternational Counsil for Traditional Music of UNESCO) “Makam” elmi-tədqiqat
qrupunun iştirakı ilə Azərbaycan Bəstəkarlar
İttifaqında və Milli Azərbaycan Tarixi Muzeyində
keçirilən elmi simpoziumun proqramı iki istiqamətdə
- “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi
janrlarında musiqi alətlərinin rolu” və “Azərbaycan
muğam-dəstgahlarının müqayisəli təhlili”
bölmələri üzrə qurulmuşdu. Simpoziumun işində
müxtəlif xarici ölkələrin görkəmli
musiqişünas-alimləri, o cümlədən İCTM
nümayəndəsi Jan Dürinq (Fransa), Yurgen Elsner (Almaniya),
Geniçi Tsuge (Yaponiya), Mahmud Gettat (Tunis), Tamara Alibakiyeva,
İlhami Gökçen (Kanada), Ruhi Ayangil, Fikri Soysal, Giray
M.Zeki, Murat Salim Tokaç, Recep Uslu, Uçaner Burçin
(Türkiyə), Sayid Kordmafi (İran), Şeherezade Q.Hassan
(İraq), Saida Yelemanova (Qazaxıstan), Ravşan Yunusov (Özbəkistan),
Şaxım Qullıyev (Türkmənistan), Abduvali
Abduraşidov (Tacikistan), Rajeş Şah (Hindistan), habelə
tanınmış Azərbaycan musiqişünasları (Zemfira
Səfərova, Rəna Məmmədova, Səadət
Abdullayeva, Sevil Fərhadova, Sürəyya Ağayeva, Lalə
Hüseynova, İradə Köçərli, Ülkər
Talıbzadə, Seyran Qafarov və b.), folklorşünas alimlər
(Məhərrəm Qasımlı, Rafiq İmrani, Abbasqulu Nəcəfzadə
və b.) iştirak etdilər.
Simpoziumun mövzusu əsasən
muğamın instrumental təfsirinə, yəni muğam
ifaçılığında musiqi alətlərinin roluna həsr
olunmuşdu. Təqdim olunmuş məruzələrdə Azərbaycanın
və digər Şərq xalqlarının milli musiqi alətlərinin
təmsil edilməsi, bu alətlər haqqında ətraflı
məlumat verilməsi, onların arasındakı oxşar və
fərqli cəhətlərin aşkar edilməsi diqqəti cəlb
edən əsas məsələlərdən idi. Əksər
məruzələrin canlı musiqi illüstrasiyaları ilə
müşayiət olunması dinləyicilərdə bu alətlərin
tembr rəngarəngliyi, özünəməxsus ifa
xüsusiyyətləri haqqında aydın təsəvvür
yaratdı. Milli musiqi alətlərində qeyri-adi parlaq ifa
nümayiş etdirən musiqiçilərin təfsirində
müxtəlif xalq çalğı alətlərinin - tar,
kamança, saz, çəqanə, qanun, balaban, ney, zurna,
tütək, tənbur, santur, setar və s. geniş panoramı
təqdim olundu.
Azərbaycan muğamlarında, həmçinin
Şərq xalqlarının oxşar ənənəvi
janrlarında musiqi alətlərinin xüsusi əhəmiyyətə
malik olması fikri dinlənilən məruzələrin əsas
qayəsini təşkil etdi. Muğam
ifaçılığında əsrlər boyunca
qazanılmış vokal (xanəndə) və instrumental
ifaçılıq ənənələrinin davam və
inkişaf etdirilməsi - nəsillərin varisliyi prinsipi
simpozium iştirakçıları tərəfindən
xüsusi qeyd olundu. Ümumiyyətlə, hər bir xalq öz
milli musiqisini tarixən yaşatmaq üçün qədim
musiqi alətlərini qorumalı, onları bərpa edərək
və təkmilləşdirərək gələcək nəsillərə
ərməğan etməlidir. Çünki musiqi alətləri
həmin xalqın milli musiqi mədəniyyətinin ən vacib
atributlarından biridir.
Müxtəlif ölkələrin
musiqişünas-alimlərini bir araya gətirən “Muğam
aləmi” III beynəlxalq elmi simpoziumu Azərbaycan
muğamının, eləcə də oxşar Şərq
janrlarının aktual məsələlərinin müzakirə
edilməsi, yeni mülahizələr irəli sürülməsi,
zəngin elmi məlumatlar əldə edilməsi
baxımından çox səmərəli keçdi. Əsrarəngiz
“Muğam aləmi”nə daxil olmuş hər bir
iştirakçı bu möhtəşəm sənət
dünyasından xoş təəssürat və yeni
görüşlər arzusu ilə ayrıldı.
Sevda Hüseynova,
musiqişünas, Azərbaycan Bəstəkarlar
İttifaqının
baş məsləhətçisi
Mədəniyyət.-
2013.- 12 aprel.- S. 13.