Gənclər
şəhərimizi necə görmək istəyirlər?
Memarlıq
və İnşaat Universitetində tələbə dizaynerlərin
müsabiqəsi keçirilib
Respublikamızın nüfuzlu ali təhsil
ocaqlarından olan Memarlıq və İnşaat Universitetində
tələbələrin istedad və bacarığının
üzə çıxarılması, yaradıcılıq
imkanlarının genişləndirilməsi məqsədilə
maraqlı tədbirlər həyata keçirilir.
Universitetin “Dizayn” və
“Memarlıq layihələndirilməsi və şəhərsalma”
kafedralarının “Memarlıq” fakültəsinin tələbələri
arasında keçirdiyi yaradıcılıq müsabiqəsi
də bu qəbildəndir. Dörd mövzu (“Şəhər
fraqmentinin mühit dizayn həlli”, “İctimai bina interyerlərinin
dizayn həlli”, “Firma üslubu təşkilatın qrafik təqdimat
kompleksi”, “Müasir məktəb layihəsi”) üzrə
keçirilən müsabiqəyə tələbələr
forma, üslub və dizayn baxımından bir-birindən
maraqlı işlər təqdim ediblər.
Dosent Zahidə Məmmədovanın
sədrlik etdiyi müsabiqə komissiyası bütün layihələri
diqqətlə nəzərdən keçirərək qalibləri
müəyyən edib. “Şəhər fraqmentinin mühit
dizayn həlli” mövzusu üzrə III kurs tələbəsi
Sevda Mikayılova, “İctimai bina interyerlərinin dizayn həlli”
mövzusunda III kurs tələbəsi Fatimə Cabarlı,
“Firma üslubu təşkilatın qrafik təqdimat kompleksi”
mövzusu üzrə IV kurs tələbəsi Ədilə
Tahirova, “Müasir məktəb layihəsi”ndə isə III
kurs tələbəsi Üzeyir Qasımov qalib elan edilib. Qaliblər
fəxri diplom və pul mükafatına layiq
görülüblər. Hər mövzu üzrə layihələri
bəyənilən iki tələbə isə uğurlu
iştirakçı kimi mükafatlandırılıb.
Müsabiqə qaliblərindən
Fatimə Cabarlı ölkəmizdə yaradıcı gənclərə
göstərilən diqqət və qayğıdan məmnunluğunu
bildirərək belə tədbirlərin gənclərin bilik
və bacarıqlarının üzə çıxmasında
mühüm rolu olduğunu vurğulayıb: “Möhtərəm
Prezidentimiz İlham Əliyevin gənclərə göstərdiyi
diqqət və qayğı bizim hər birimizin
yaradıcılıq həvəsini daha da gücləndirir və
bizi yeni layihələr üzərində daha əzmlə
işləməyə sövq edir. Sevib-seçdiyimiz peşədə
ilk uğurlarımızla əziz müəllimlərimizin bizə
çəkdiyi zəhməti doğrultmağa
çalışırıq. Gələcəkdə layiqli
övladlar kimi dövlətimizə və xalqımıza sədaqətlə
xidmət etmək bizim ən uca amalımızdır”.
Mədəniyyət.-
2013.- 12 aprel.- S. 13.