Qan yaddaşımız rəsm əsərlərində
31
mart soyqırımına həsr olunmuş müsabiqənin
yekun sərgisi
Martın 30-da Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar
İttifaqının təşkilatçılığı
ilə Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycanlıların
Soyqırımı Gününə həsr olunmuş sərginin
açılışı keçirildi.
Açılışda
çıxış edən Rəssamlar İttifaqının
sədri, Xalq rəssamı Fərhad Xəlilov
xalqımızın qanlı tarixini anaraq qeyd etdi ki, artıq
bir neçə ildir ki, ittifaq və nazirlik tərəfindən
1992-ci ilin Xocalı faciəsi və 1918-ci ilin mart
soyqırımına həsr olunmuş müsabiqə
keçirilir. Hər il müsabiqəyə təqdim edilən
peşəkar rəsm əsərlərinin sayı artır. Bu
il də müsabiqəyə maraqlı işlər təqdim
olunub. Bu da ölkənin tarixini əks etdirən, onu
dünyaya tanıdan sənət adamlarının
sayının artması deməkdir.
Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Dekorativ-tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov tarix boyu ermənilərin xalqımızın başına gətirdiyi faciələrdən danışdı. Qeyd etdi ki, tarixi həqiqətlərin yayılmasında sənət adamlarının, o cümlədən rəssamların üzərinə mühüm məsuliyyət düşür. Onlar bu mövzuda işlərini beynəlxalq sərgilərə təqdim etməklə qan yaddaşımızın acı səhifələrini dünyaya çatdırmış olurlar.
Almaniyada yaşayan tanınmış azərbaycanlı rəssam İbrahim Əhrari dünyanın müxtəlif yerlərindəki soydaşlarımızın vətən qarşısında tarixi borcundan söz açdı. Qeyd etdi ki, hər bir ölkənin tarixini xalq, millət yazır. Hər bir sənətkar da daim bir suala cavab verməlidir ki, mən xalqıma, millətimə nə etdim?
Çıxışlardan sonra Rəssamlar İttifaqının sədri F.Xəlilov müsabiqədə qalib gələn rəssamların adını açıqladı, Eldar Babazadə, Adil Yusifov, Oqtay Quliyev, Adil Şıxəliyev, Zeynalabdin İsgəndərov və digər qalibləri təbrik etdi. 110 rəssamın qatıldığı müsabiqə “Ən yaxşı rəngkarlıq işi”, “Ən yaxşı qrafika işi”, “Ən yaxşı heykəltəraşlıq işi” və s. nominasiyalarda keçirilib. Daha sonra sərgiyə baxış keçirildi.
Reyhan
Mədəniyyət.- 2013.- 3 aprel.-
S. 5.