Uşaqların
kitab bayramı
Aprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş V Milli Uşaq Kitabı Sərgisi açıldı.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Fizurə Quliyeva tədbiri açaraq bildirdi ki, 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası (İBBY) tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün - aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü elan edilib. F.Köçərli adına Respublika Uşaq Kitabxanası da hər il bu günü qeyd edir. Məqsəd balacaların informasiya tələbatını ödəmək, onları son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, mütaliəyə həvəsləndirməklə milli dəyərlərimizi aşılamaqdır: “Beynəlxalq Uşaq Kitabı Gününü kitabxanamız bir il kitab bayramı, bir il isə kitab sərgisi təşkil etməklə qeyd edir. Bu gün isə kitabxanamızın binasında məktəbliləri sevimli yazıçıları ilə görüşdürmək qərarına gəldik. Onlar həm son illərdə nəşr olunmuş yeni kitablarla tanış olacaqlar, həm də yazıçılarla canlı ünsiyyət qura biləcəklər. Eyni zamanda qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev “Firudin bəy Köçərlinin 150 illik yubileyi haqqında” sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələrlə əlaqədar kitabxanamızda ardıcıl tədbirlər keçiriləcək”.
“Təhsil” nəşriyyatının redaktoru, uşaq yazarı Sevinc Nuruqızı bildirdi ki, bütün dünyada bu bayram qeyd edilir: “Sərgidə müəllifi olduğum kitablardan “Muradın yuxusu”, “Bap-balaca əlifba”, “Tap-tapmaca”, “Cücələr” və s. nəşrlər yer alıb. Çox sevinirəm ki, burada müxtəlif nəşriyyatların rəngarəng, nəfis tərtibatlı uşaq kitabları nümayiş olunur. F.Köçərli adına kitabxananın əməkdaşlarına belə bir bayramı təşkil edib, məktəblilərdə kitaba maraq artırdıqlarına görə təşəkkürümü bildirirəm”.
Balacaların sevimli şair və yazıçıları İlyas Tapdıq, Nüşabə Məmmədli, Qəşəm İsabəyli, Aygün Bünyadzadə və digərləri də çıxışlarında tədbirin əhəmiyyətindən bəhs etdilər.
Qeyd edək ki, V Milli Uşaq Kitabı Sərgisində “Xalq yaradıcılığı paytaxtları-2013”, “Nağıllar aləmində”, “Sizin sevimli yazıçılarınız”, “Sehrli ilmələr”, “Azərbaycan-yurdum mənim”, “Gözlə bizi, Qarabağ”, “Kitablarda mən hələ”, “Dərədən, təpədən”, “Tarix - keçmişdən gələcəyə”, “Yubilyar yazıçılarımız” - ümumilikdə 25 bölmədə kitablar təqdim olunur. Sərgi aprelin 5-dək davam edəcək.
Tədbirin sonunda məktəblilərə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edildi.
Lalə Azəri
Mədəniyyət.-
2013.- 3 aprel.- S. 5.