Heydər
Əliyev və türk dünyası
Türkdilli
xalqların inteqrasiyası yolunda böyük öndərin
müəllifi olduğu təşəbbüslər bu gün
geniş coğrafiyada əməkdaşlığa meydan
açıb
“Xalqlarımızın
böyük tarixini yenidən qiymətləndirmək, hər
bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri,
mədəniyyət abidələrini bütün xalqlar
üçün doğma etmək bizim bu görüşlərin
mərkəzində duran vəzifələrdir. Bizim köklərimiz
bir dilə, bir mənəviyyata, bir dinə bağlı
olduğuna görə çox dərindir və mənəvi
dəyərlərimiz tarixin bütün mərhələlərində
nə qədər çətinliklərlə
rastlaşıbsa da, dayanmayıb, inkişaf edib. İndi isə
türkdilli xalqların müstəqil dövlətləri
olduğuna görə və bizim əlimizdə böyük
imkanlar yarandığına görə bu prosesləri daha da
gücləndirə, daha da mütəşəkkil edə bilərik.
Bu, bizim borcumuzdur”.
Böyük siyasətçi,
müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev
bu sözləri 1996-cı il noyabrın 6-da TÜRKSOY-un
Bakıdakı toplantısı çərçivəsində
keçirilən Türk dünyası
yazıçılarının III qurultayında söyləyib.
Adətən deyirlər ki, tarix
şəxsiyyəti yaradır, amma böyük şəxsiyyətlər
də öz əməlləri ilə tarix yazır, onu istiqamətləndirirlər.
Heydər Əliyev dövrün və zamanın gərdişini
gözəl bilən dövlət rəhbəri kimi Azərbaycanın
beynəlxalq aləmdə, o cümlədən türk
dünyasında aparıcı mövqelərə
çıxması, ümumtürk həmrəyliyinin təmin
olunmasında böyük rol oynamışdır. Təsadüfi
deyil ki, bu gün onun adı türk toplumlarında da hörmətlə
anılır, türk dövlətlərinin inteqrasiyasında
rolu məmnunluqla qeyd olunur.
Milli suverenlik və səmimi dostluq
Heydər Əliyevin 1993-cü ildə
ölkə rəhbərliyinə qayıdışı nəticə
etibarilə təkcə Azərbaycan dövlətçiliyi
üçün deyil, eyni zamanda yeni müstəqillik əldə
etmiş digər türk dövlətlərinin inkişafı
üçün önəmli hadisə idi. Çünki həmin
dövrdə məkr və küdurətdə əlbir olan
xarici qüvvələrin səyləri ilə gənc Azərbaycan
dövlətinin məhv edilməsi postsovet məkanındakı
digər türk respublikaları üçün də
acınacaqlı nəticələr doğura bilərdi. Azərbaycan
dövlətinin iflası həmin ölkələrin də
böyük güclərin geosiyasi əsarətinə
keçməsinə, “velikorus” şovinizminin yeni imperiya
boyunduruğuna düşməsinə yol aça bilərdi.
Heydər Əliyev Azərbaycanın müstəqilliyini və
dövlətçiliyini qorumaqla digər türk dövlətlərinin
bərabərliyi, gələcək tərəfdaşlığı
üçün tarixi xidmət göstərmiş oldu.
1992-1993-cü illər hakimiyyəti
dövründə Azərbaycanda ümumtürk həmrəyliyinin
dar çərçivədə, yalnız Türkiyə ilə
münasibətlərdə təşviq edilməsi, Mərkəzi
Asiyanın türk respublikaları ilə münasibətlərin
gözardı edilməsi xarici siyasətdə boşluqlara yol
açmışdı. Rəsmi Bakı bəzən bu
respublikalara “demokratiya dərsi” keçmək
missiyasını da üzərinə götürməyə təşəbbüs
edirdi. Nəticədə Azərbaycanın Qazaxıstan,
Özbəkistan kimi iri türkdilli respublikalarla münasibətləri
soyumuşdu. Xarici qüvvələrin dəstəklədiyi
Ermənistanla müharibədə ölkəmiz, Türkiyə
istisna olmaqla, digər türk dövlətlərinin hətta mənəvi
dəstəyindən də məhrum olmuşdu.
Məhz buna görə Heydər Əliyev
Azərbaycanın siyasi rəhbərliyinə
qayıtdığı gün, 1993-cü ilin 15 iyununda Ali
Sovetdə proqram xarakterli çıxışında xarici
siyasətin önəmli istiqaməti kimi türkdilli dövlətlərlə
işbirliyini qeyd etmişdi: «Xarici siyasət sahəsində
görüləsi işlər çoxdur. Birinci növbədə,
yaxın qonşularımızla sıx münasibətlər
yaradılmalıdır. Bu baxımdan Türkiyə ilə əlaqələr,
şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda,
keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli
ölkələrlə əlaqələrimiz sürətlə
inkişaf etməlidir. Bizim bu dövlətlərlə əlaqələrimiz
uzun illər çox yaxın olub. Bu əlaqələri
qırmaq olmaz, əksinə, inkişaf etdirmək
lazımdır”.
Bu siyasət türkdilli
xalqların inteqrasiyasında pafosdan uzaq səmimi dostluğu və
qarşılıqlı faydalı tərəfdaşlığı
ehtiva edirdi. İnteqrasiya sözdə yox, əməldə
olmalı və həmin müstəvidə hər türkdilli
dövlət öz yerini tapmalı, potensial imkanları ilə
bu həmrəyliyə praktik töhfə verməli idi.
Ortaq keçmişdən müştərək gələcəyə:
“Heç bir qüvvə bizi ayıra bilməyəcək”
Bundan sonra Azərbaycanın
dünyaya açılmasında, o cümlədən türk
dövlətləri ilə münasibətlərdə real
addımlar atıldı. Heydər Əliyev sonralar bu
inteqrasiyanın mahiyyətini türk ideoloqu İsmayıl bəy
Qaspralının məşhur kəlamı ilə belə ifadə
etmişdi: “XX əsrin əvvəllərində türk
xalqlarını yaxınlaşdırmaq, onları vahid siyasi,
iqtisadi və mədəni gücə çevirmək istəyən
görkəmli şəxsiyyətlərimiz «Dildə, fikirdə
və əməldə birlik» şüarı ilə
çıxış edirdilər. Biz uzun mübarizələrdən
sonra XX əsrin sonunda bu imkana nail olmuşuq. Şübhəsiz,
indiki şəraitdə türkdilli dövlətlərin
qarşılıqlı əməkdaşlığı bu sahədəki
uğurlarımızı daha da artıracaqdır».
Bu baxımdan Azərbaycan-Türkiyə
əlaqələrinin keyfiyyətcə yeni məcrada, hər
hansı siyasi korporativizmə yer verməyən əsasda
qurulması xüsusi önəm kəsb edirdi. Çünki
Heydər Əliyevdən öncəki hakimiyyət
dövründə bu əlaqələrdə
şüarçılıq özünə daha çox yer
tapmışdı, münasibətlər bir çox hallarda
iki ölkədəki populist siyasətçilərin bəyanatları
ilə yönəldilirdi.
Yeri gəlmişkən, Heydər Əliyev
hakimiyyətə gələndən sonra həmin populist
qüvvələr Azərbaycanın guya Türkiyədən
uzaqlaşacağı, Rusiyanın boyunduruğuna düşəcəyi
barədə iddialar səsləndirməyə
başlamışdı. Ölkəmizin 1993-cü ilin
sentyabrında MDB-yə üzv olması həmin dairələr
tərəfindən spekulyasiya mövzusuna çevrilmişdi.
Heydər Əliyev 1994-cü ilin 9
fevralında qardaş ölkəyə ilk rəsmi səfəri
zamanı Türkiyə Böyük Millət Məclisində
etdiyi tarixi çıxışında həmin ittihamları
rədd edərək MDB üzvlüyünün ölkəmizin
suverenliyinə və Türkiyə ilə münasibətlərə
xələl gətirməyəcəyini bildirdi. Əksinə,
bununla Azərbaycanın MDB-dəki türk respublikaları ilə
əməkdaşlığına zəmin
yarandığını diqqətə çatdırdı:
“Biz bu birliyə daxil olmaqla nə uduzduq? Heç nə
uduzmadıq, amma qazandığımız o oldu ki, vaxtilə
möhkəm, sıx əlaqələrimiz olan respublikalarla əlaqələri
saxlayaraq iqtisadiyyatımızın inkişafı
üçün müəyyən şərait
yaradırıq”.
Heydər Əliyev iki ölkənin
strateji tərəfdaşlığının tarixi formulunu da
bəyan etmişdi: «Azərbaycan və Türkiyə bir millət,
iki dövlətdir». Sonralar dillər əzbəri olan bu
sözlər ölkələrimizin qardaşlıq münasibətlərinin
kredosuna çevrildi.
Azərbaycan Prezidenti TBMM-dəki
nitqində qardaş ölkələrin ortaq tarixi irs üzərində
gələcəyə birgə addımlayacağını
vurğuladı: “Biz kökü bir olan xalqıq. Bizim tariximiz
bir, dilimiz bir, dinimiz birdir. Ona görə də tariximiz, milli köklərimiz,
adət və ənənələrimizin hamısı bizi
bir-birimizə sıx bağlayıbdır. Əsrlər boyu
tarixin bütün mərhələlərində bizi
bir-birimizdən ayırmağa çox çalışsalar
da, buna müvəffəq olmamışlar. Xalqlarımız bu
həsrətlə yaşayıblar və nəticədə də
bir-birinə qovuşublar. Bundan sonra heç bir qüvvə
bizi ayıra bilməyəcəkdir. 1918-ci ildə Türk
ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı
daşnakların təcavüzündən xilas etməsi hər
bir azərbaycanlının qəlbində yaşayır.
1923-cü ildə qurulan Türkiyə Cümhuriyyəti
müstəqil Azərbaycan Respublikası üçün
örnəkdir”.
Üç dənizin əfsanəsi - türk
dünyasını bağlayan kəmər
Heydər Əliyevin Azərbaycanın
rəhbərliyinə gəlişi ilə Türkiyə ilə
münasibətlər gerçək tərəfdaşlıq,
qarşılıqlı fayda üzərində təşəkkül
tapdı. O, Azərbaycana rəhbərlik etdiyi 10 ildə dəfələrlə
Türkiyədə səfərlərdə olmuş, Türkiyənin
dövlət və hökumət rəhbərləri Azərbaycana
çoxsaylı səfərlər etmişlər. Bu təmaslar
müxtəlif beynəlxalq və regional tədbirlərdə
də davam edirdi. Təkcə bir faktı qeyd etmək yetər
ki, Heydər Əliyev on illik prezidentliyi dövründə
xarici ölkələrin rəhbər şəxsləri ilə
500-dən çox görüş keçirmiş, bu
görüşlərin təxminən 100-ü Türkiyənin
payına düşmüşdü.
Bu intensiv təmaslar, daimi məsləhətləşmələr
fonunda iki ölkənin xarici siyasəti sıx koordinasiya
içində bir-birini tamamlayırdı. Azərbaycan müstəqil
dövlət quruculuğunda üzləşdiyi çətinliklərdə
hər zaman Türkiyəni yanında gördü, eyni zamanda,
atdığı addımlarda, həyata keçirdiyi iqtisadi
layihələrdə daima Türkiyəni göz önündə
tutdu.
Yeri gəlmişkən,
1994-cü ildə Azərbaycan xarici neft şirkətləri ilə
ilk müqaviləni (“Azəri-Çıraq-Günəşli”)
imzalayanda Türkiyənin payı (TPAO şirkəti) cüzi -
1,75 faiz idi. Bunun səbəbi türk şirkətinin
müqavilə üzrə danışıqlara gec
qoşulması, Qərb sərmayədarları ilə
müqayisədə astagəllik etməsi olmuşdu. Lakin
sonradan Heydər Əliyev Azərbaycanın layihədəki
payı hesabına Türkiyəyə əlavə 5 faiz
ayrılması barədə qərar verdi. Nəticədə
Türkiyə «Əsrin müqaviləsi»nin mühüm
iştirakçılarından birinə çevrildi.
1996-cı ildə Azərbaycanın imzaladığı ikinci
böyük müqavilə - «Şahdəniz» layihəsində
Türkiyəyə daha yüksək - 9 faiz pay ayrıldı.
Ümumilikdə Azərbaycanın ayrı-ayrı neft-qaz layihələrində
Türkiyə 35 faiz pay əldə etdi.
Heydər Əliyevin bu tərəfdaşlığa
verdiyi ən böyük töhfə isə ölkəmizin
enerji ehtiyatlarının Bakı-Tbilisi-Ceyhan neft kəməri
vasitəsilə Türkiyə üzərindən dünyaya
açılması oldu. Əsas ixrac neft kəmərinin
Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına
çəkilməsi Heydər Əliyevin mürəkkəb
geosiyasi şəraitdə, dünya gücləri və neft nəhəngləri
ilə gərgin danışıqlarda nümayiş etdirdiyi
çevik diplomatiya hesabına mümkün olmuşdu.
“Şübhəsiz, mənim ürəyimdən keçən
arzu bu xətti Ceyhana çəkməkdir. Onun çəkilməsi
tək məndən asılı deyil. Konsorsiumda 11 xarici neft
şirkəti var. Amma hər şeyi vaxtı gələndə
həll edəcəyik”, - deyə o, 1996-cı il noyabrın
13-də Türkiyə jurnalistlərinə müsahibəsində
bildirmişdi.
1999-cu ilin noyabrında İstanbulda
Bakı-Tbilisi-Ceyhan neft kəmərinə dair həlledici qərar
verildi, ilkin hökumətlərarası saziş imzalandı.
“İstanbul bəyannaməsi”nə Azərbaycan, Türkiyə,
Gürcüstanın dövlət başçıları və
layihəyə dəstək verən ABŞ rəhbəri Bill
Klintonla yanaşı, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin də
imza atması kəmərə daha böyük regional önəm
qazandırdı. Qazaxıstanın bu layihəyə
qoşulmasında Heydər Əliyevin mühüm təşəbbüskar
rolu olmuşdu. 2002-ci ildə boru xəttinin təməli
atıldı və beləcə üç dənizin (Xəzər,
Qara və Aralıq dənizləri) əfsanəsi gerçək
oldu. Eyni zamanda, Bakı-Ceyhan türk dünyasını (Orta
Asiyadan Türkiyəyədək) bir-birinə bağlayan
strateji kəmərə çevrildi, bu gün Qazaxıstan da
neftinin bir hissəsini bu marşrutla ixrac edir.
Bu, uzaqgörən siyasətin real nəticəsidir. Bakı-Ceyhan
kəməri yeni regional enerji və nəqliyyat layihələrinə
zəmin yaratdı, onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz xətti
istifadəyə verildi. Hazırda inşası davam edən
Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycan-Türkiyə
əlaqələrinə deyil, eləcə də Mərkəzi
Asiya respublikalarının Xəzər və Azərbaycan
üzərindən Türkiyəyə bağlanmasına,
Avropa-Asiya nəqliyyat dəhlizinə tarixi töhfə olacaq.
Xəzərdə
birləşən dostluq telləri: “Bizim əməkdaşlığımız
zamanın hökmüdür”
Heydər Əliyev
Türkiyə ilə qardaşlıq bağlarını
möhkəmlətməklə bərabər, Mərkəzi
Asiyadakı türk respublikaları ilə sıx əməkdaşlığı
da daima prioritet saymışdır. Çünki
Azərbaycan bu coğrafiyadakı strateji yerinə,
güclü iqtisadi və infrastruktur imkanlarına görə
Türkiyə və Mərkəzi Asiyanın türk ölkələri
arasında əvəzolunmaz körpüdür. Heydər Əliyevin prezidentliyi dövründə bu
körpü real tərəfdaşlıq müstəvisi kimi təşəkkül
tapdı və möhkəmləndi.
Hərçənd Azərbaycanın
1992-1993-cü illərdə Xəzərin o tayındakı
türk respublikaları ilə sərin münasibətləri
bu tərəfdaşlıqda arzuolunmaz fon
yaratmışdı və onu qısa zamanda aradan qaldırmaq
asan deyildi. Heydər Əliyev 1994-cü ilin 18 oktyabrında
türk dövlət başçılarının
İstanbul sammitində bu gerçəyi etiraf etmişdi:
“Ötən müddətdə Azərbaycan tərəfinin
buraxdığı səhvlər nəticəsində Azərbaycanın
Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla,
Qırğızıstanla əlaqələri çox zəif
olub. Bildirmək istəyirəm ki, Azərbaycan
bu əlaqələrin gücləndirilməsinə
çalışır və çalışacaqdır.
Bizim əməkdaşlığımız
zamanın hökmüdür. Bizim əməkdaşlığımız
xalqlarımızın, ölkələrimizin tarixi kökləri,
əsrlər boyu toplanmış adət-ənənələrinin
birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında
qurulub. Bu, çox böyük əsasdır
və biz bu imkanlardan səmərəli istifadə etməliyik».
Heydər Əliyevin
bu etirafı onun siyasi lider kimi böyüklüyünün
nümayişi idi. Bu bəyanat həm də
Azərbaycan rəhbərinin, bütün tərəfdaşlar
kimi, türk respublikaları ilə də açıq və səmimi
münasibət qurmaq niyyətini göstərirdi. Azərbaycan Prezidenti bu təmkinli siyasəti
sonrakı müddətdə türk dövlət
başçıları ilə keçirdiyi bütün
görüşlərdə nümayiş etdirmiş, ortaya
çıxan müəyyən anlaşmazlıqları səbirlə
aradan qaldıraraq qarşılıqlı münasibətlər
üçün müsbət zəmin yaradılmasına
çalışmışdır. O, türk dövlət
başçılarının 1994-2001-ci illərdə
keçirilmiş 6 sammitinin hamısında iştirak
etmişdir və bu əməkdaşlıq formatında Azərbaycanın
təşəbbüskar mövqeyi hər zaman öndə
olmuşdur. Azərbaycan rəhbəri türk dövlət
başçıları forumunun regional təşkilat kimi
möhkəmlənməsinin vacibliyini daima
vurğulamışdır: “Bu təşkilat artıq 7 ildir
ki, yaşayır. Biz mədəniyyət,
iqtisadiyyat, başqa bütün sahələrdə əməkdaşlıq
edirik. Tarixi bir daha təhlil edir,
müştərək tarixi abidələrimizi yada salır və
onların yubileylərini keçiririk. Bu,
çox böyük əhəmiyyətə malikdir. Bu,
türk dünyasının inkişafının təməlidir”
(28 noyabr 1999-cu il, Türkiyə, İsparta
Universiteti).
Bu gün ölkəmizin Mərkəzi
Asiyadakı türk respublikaları ilə münasibətlərinə,
həmin respublikaların Türkiyə ilə əməkdaşlıq
mənzərəsinə, ortada olan layihələrə nəzər
salsaq, onların hamısında Azərbaycanın təşəbbüslərini,
Heydər Əliyevin müəllifliyini qeyd edə bilərik.
1998-ci ildə Bakıda, Azərbaycanın ev sahibliyi ilə
«Böyük İpək yolu» layihəsinin (Avropa-Asiya nəqliyyat
dəhlizi) təməlinin qoyulması, sonrakı illərdə
Özbəkistan, Qazaxıstan, Türkmənistan, Azərbaycan
və Türkiyənin iştirakı ilə bu yöndə
yeni təşəbbüslərin gündəmə gəlməsi
və hazırda gerçəkləşən layihələr
türk xalqlarının inteqrasiyasına əməli töhfələrdir.
Xalqlarımızın ümumi mədəni sərvəti
Türk dövlətləri
və toplumlarının inteqrasiyasının mühüm bir
istiqamətini də mədəni əməkdaşlıq,
müştərək mədəni layihələr təşkil
edir. Dərin tarixi köklərə malik
bağların yeni şəraitdə daha effektiv müstəviyə
çıxarılmasında, Beynəlxalq Türk Mədəniyyət
Təşkilatının - TÜRKSOY-un formalaşması, bu
formatda bir çox layihələrin reallaşması Azərbaycanın
aktiv rolu sayəsində mümkün olub. Heydər
Əliyev türk xalqlarının mədəni abidələrinin,
böyük ədiblərinin, şəxsiyyətlərinin
yubiley mərasimlərində yaxından iştirak edir və
xalqlarımızın ümumi mədəni sərvətinin
bizi birləşdirən tarixi dəyər olduğunu diqqətə
çatdırırdı. Bu fikir onun
1994-1996-cı illərdə türkmən şairi Məhdimqulunun,
qazax ədəbiyyatının klassiki Abayın, böyük
özbək hökmdarı Əmir Teymurun, qırğız
eposu “Manas”ın yubiley mərasimlərindəki
çıxışlarının ana xəttini təşkil
edib.
Heydər Əliyev 1996-cı ilin
noyabrında dahi şairimiz Məhəmməd Füzulinin 500
illiyi, 2000-ci ilin aprelində isə böyük türk eposu
“Kitabi-Dədə Qorqud”un 1300 illiyi ilə bağlı türk
dünyasının təmsilçilərini, dövlət və
hökumət adamlarını, alim, şair və
yazıçıları, mədəniyyət xadimlərini
Bakıya topladı. UNESCO səviyyəsində
qeyd olunan bu möhtəşəm yubileylər, eyni zamanda,
ümumtürk mədəniyyətinin təntənəsi idi.
“Belə yubiley tədbirlərinin birlikdə
keçirilməsində əsas məqsəd
xalqlarımızın əsrlər boyu yaratdığı zəngin
mənəvi irsi indiki nəsillərə qaytarmaq, eyni kökə,
eyni tarixə malik olduğumuzu bir daha dərk etməkdir.
Digər tərəfdən, belə yubiley tədbirlərini
keçirməklə biz nümayiş etdiririk ki,
İbn-Sinanın, Nizaminin, Nəvainin, Yunis İmrənin,
Füzulinin, Məhdimqulunun, Mahmud Qaşqarinin, Abayın, bir
çox başqa dahilərimizin yaradıcılığı,
"Kitabi-Dədə Qorqud", "Manas",
"Alpamış" kimi ölməz dastanlarımız
bütün bəşəriyyətin mədəni sərvətidir”,
- deyə Heydər Əliyev 2000-ci il aprelin 8-də eposun 1300
illiyi münasibətilə türkdilli dövlət
başçılarının Bakıda keçirilən VI
zirvə görüşündə bildirmişdi.
Onun təşəbbüskarı,
müəllifi olduğu regional layihələr türk
xalqlarının yaşadığı geniş coğrafiyada
uzunmüddətli inkişaf və əməkdaşlığa
meydan açdı. Heydər Əliyevin 2001-ci ildə
iştirak etdiyi sonuncu türk zirvəsində (27 aprel 2001-ci il, İstanbul) bəyan etdiyi bu sözləri isə
21-ci yüzilliyin türk dünyası üçün vəsiyyət
kimi qəbul etmək olar: “Türkdilli dövlətlər
dünyanın çox mühüm coğrafi-strateji bir regionunda
yerləşirlər. Onlar əlverişli
mövqeyə, zəngin təbii ehtiyatlara, yüksək
intellektual potensialı olan insan resurslarına malikdirlər.
Əminəm ki, yeni əsr dövlətlərimiz
üçün sabitlik, dinamik inkişaf, konstruktiv dialoq,
qarşılıqlı faydalı əməkdaşlıq və
rifah əsri olacaqdır. Bütün bunlara biz əldə
etdiyimiz tarixi nailiyyətlərin - milli
azadlığımız, dövlət müstəqilliyimiz və
müştərək işbirliyimizin daha da möhkəmləndirilməsi
nəticəsində nail olacağıq”.
Vüqar
Əliyev
Yazı Zərdabi Mətbuat Mərkəzinin
“Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri
Azərbaycan KİV-lərində” mövzusunda keçirdiyi
müsabiqəyə təqdim olunur.
Mədəniyyət.-
2013.- 3 aprel.- S. 6; 7.