Qan yaddaşımız

 

   Daşkənddə Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

  

   Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyi bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mərasim keçirib.

  

   Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər. Mərkəzin foyesində 1918-ci ilin mart hadisələrini əks etdirən fotoşəkillər, xalqımızın məruz qaldığı soyqırımı ilə bağlı Azərbaycan, rus və ingilis dillərində tərtib edilmiş stendlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar və məlumat nəşrləri nümayiş etdirilib.

   Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov azərbaycanlıların soyqırımı haqqında ətraflı məlumat verib. Bildirilib ki, erməni daşnakları 1918-ci ilin mart-aprel aylarında Bakı, Quba, Şamaxı, Lənkəran, Naxçıvan, Hacıqabul, Salyan, Zəngəzur və digər bölgələrimizdə yüzlərlə kənd və qəsəbələrimizi yerlə yeksan edib, minlərlə dinc sakini məhz azərbaycanlı olduğuna görə işgəncələrlə qətlə yetiriblər. Stepan Şaumyanın rəhbərliyi ilə 30 min dinc sakin - qoca, qadın, uşaq qəddarlıqla öldürülüb. Bakıdakı Təzəpir məscidi, İsmailiyyə binası (indiki AMEA-nın rəyasət heyəti) və digər abidələrimiz yandırılıb. Qubada 122, Dağlıq Qarabağda 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211 kənddə dinc insanlar məhv edilib. Sonralar Qubada aşkar olunan kütləvi məzarlıq məhz o qanlı günlərin nişanəsidir.

   Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qan yaddaşımızın bu səhifələrinin heç vaxt unudulmayacağını vurğulayıb, diasporumuzun üzvlərini tarixi həqiqətlərin yayılmasında, səfirliyimizin keçirdiyi tədbirlərdə fəal olmağa səsləyib.

   Sonda "Bakı soyqırımı" sənədli filmi nümayiş etdirilib.

 

 

   Mədəniyyət.- 2013.- 3 aprel.- S. 7.