“Bütün dünya - bir sərgi”
“AİTF-2013” 30-dan çox ölkədən
turizm şirkətlərini bir araya gətirəcək
Qafqaz regionunun turizm sənayesinin ən
böyük ixtisaslaşdırılmış sərgisi olan
“AİTF - Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər
Sərgisi” bu il 12-ci dəfə Bakıda keçiriləcək.
Aprelin 4-dən 6-dək Bakı
Ekspo Mərkəzində baş tutacaq sərgidə
dünyanın 30-dan çox ölkəsindən turizm
sektorunun müxtəlif istiqamətlərini təmsil edən
şirkət və təşkilatlar iştirak edəcək. Ənənəvi
sərgiyə bu dəfə də Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi fəal dəstək göstərir. Sərginin
təşkilatçıları qismində isə «ITE Group
plc» və onun tərəfdaşı «Iteca Caspian» MMC
çıxış edir.
19
ölkə milli stendi ilə çıxış edəcək
“AİTF” sərgisinin layihə koordinatoru
Xəyal Əliyevanın sözlərinə görə, bu il
sərgiyə 200-dən çox şirkət və qurum
qatılacaq ki, onlardan da 40%-i daimi
iştirakçılardır. Sərgidə 19 ölkə
öz milli stendi ilə çıxış edəcək.
Ötən sərgilərin daimi iştirakçıları
olan Türkiyə, Gürcüstan, Çexiya, BƏƏ,
Rusiya və s. ölkələrlə yanaşı, bu il Mərakeş,
Macarıstan, Sloveniya, Tailand, Tunis və Fransanın nümayəndə
heyətləri Bakıya gələcəklər: “Bu il müəyyən
müddət fasilədən sonra sərgi ziyarətçiləri
yenidən Misir turoperatorlarının təklifləri ilə
tanış ola biləcəklər. Sərgi
meydançasının təxminən 90%-i tutulub. Bir sıra
iri şirkətlər bu il öz stendlərinin
ölçüsünü əhəmiyyətli dərəcədə
(Türkiyə və Gürcüstan təmsilçiləri
iki dəfə) genişləndiriblər. Sərgidə «SilkWay
Travel», «Millennium Tour», «Gilan Turizm», «N-Travel», «Smart Holiday» və
s. aparıcı yerli turizm şirkətləri də iştirak edəcək. Bu il
yerli iştirakçıların
sırasına «İçərişəhər»
Dövlət Tarix-Memarlıq
Qoruğu da qoşulacaq”.
Sərgi koordinatoru qeyd
etdi ki, bir çox aviaşirkət və avia-agentliklər həm milli qrupların tərkibində, həm də ayrıca stendlərdə təqdim olunacaqlar. Məsələn,
«Turkish Airlines», «China Southern Airlines», «Air Astana», «Adria Airways» (Sloveniya) ayrıca stendlərlə çıxış edirlər.
AZAL konserni də
sərgidə genişləndirilmiş
ekspozisiyası ilə
iştirak edəcək.
Turizm bazarı maksimum əhatə olunacaq
Həmsöhbətimiz bildirdi ki, sərgi iştirakçıları
turizmin müasir təmayüllərini, xidmətlərin
çeşidlərini geniş
nümayiş etdirəcəklər.
Buraya turoperatorlar və turizm agentlikləri, mehmanxanalar,
mehmanxana şəbəkələri,
sanatoriya və pansionatlar, macəra turizmi, biznes səfərlərinin təşkili,
idman, ekoloji və təhsil turizmi, eləcə də elit istirahət
sahəsində ixtisaslaşmış
şirkətlər daxildir:
«Builki sərgidə həmçinin tibbi turizm sahəsi də geniş şəkildə təqdim
olunacaq. İlk dəfə olaraq
«AİTF-2013»ün ekspozisiyasında getdikcə populyarlaşan
«Xaricdə daşınmaz
əmlak» bölümü
fəaliyyət göstərəcək.
Bu ekspozisiyada Yunanıstan, Kipr və Türkiyə iştirak edəcək».
Yeni turizm istiqamətləri
Sərginin mühüm bir
cəhətini yeni turizm istiqamətləri təşkil edəcək.
X.Əliyevanın sözlərinə görə, Azərbaycandan
turist axınını
optimallaşdırmağa çalışan
İndoneziya, Macarıstan,
Sloveniya və Tunisin nümayəndələri
Bakıya səfər
edəcəklər. Monako,
Kanada, Mərakeş və Tunis sərgidə
ilk dəfə iştirak
edir. Sərgi günlərində iştirakçılar öz
stendlərində təqdimat
və seminarlar, habelə müxtəlif lotereya və putyovka uduşları da keçirəcəklər.
Azərbaycanın 22 bölgəsi
öz imkanlarını
nümayiş etdirəcək
«AİTF-2013» sərgisi eyni zamanda Azərbaycanın turizm potensialı ilə tanışlıq meydançasına çevriləcək.
Mədəniyyət və
Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovdan aldığımız
məlumata görə,
son illərdə turizm
sahəsində keçirilən
islahatlar və bu sektora dövlət
tərəfindən göstərilən
qayğı nəticəsində
müsbət dinamika müşahidə olunmaqdadır.
Son beş il ərzində Azərbaycana səfər edən turistlərin və daxili turizmdən istifadə edən ölkə vətəndaşlarının sayında artım turizmin ölkə iqtisadiyyatında əsas fəaliyyət növlərindən
biri kimi böyük potensiala malik olduğunu göstərir: «2001-ci ildən
başlayaraq hər il paytaxt Bakıda
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
keçirilir. 2010 və 2011-ci illərdə
«AİTF» sərgisi çərçivəsində
nazirliyin təşkilatçılığı
ilə I və II Ümumrespublika Daxili Turizm Sərgisi gerçəkləşib. Azərbaycan Prezidenti 2010-2012-ci illərdə
sərgilərin açılışında
iştirak edib. Bu, turizm sənayesinin
Azərbaycan iqtisadiyyatında
oynadığı əhəmiyyətli
rolu, habelə sərginin yüksək statusunu təsdiq edir. Sərgidə ilbəil iştirakçı
sayı artır.
2011-ci ildə sərgidə
24 ölkədən 179 şirkət,
2012-ci ildə 32 ölkədən
203 şirkət təmsil
olunub”.
Nazirlik təmsilçisi bildirdi ki, bu il də «AİTF» çərçivəsində Azərbaycanın daxili turizm potensialı yüksək səviyyədə
nümayiş etdiriləcək.
Gəncə, Xaçmaz,
Xızı, İsmayıllı,
Qax, Qəbələ,
Quba, Qusar, Lerik, Masallı, Mingəçevir, Naftalan,
Naxçıvan, Oğuz,
Salyan, Sumqayıt, Şamaxı, Şəki,
Tovuz, Lənkəran, Zaqatala, Balakən - ümumilikdə 22 regionun geniş ekspozisiyası həm yerli, həm də xarici turoperatorlar üçün turizm çeşidlərini zənginləşdirməyə
imkan verəcək: «Hər stenddə bölgələrin özünəməxsus
sənətkarlıq nümunələri,
mətbəxi, folkloru,
tarixi abidələri,
muzeyləri nümayiş
olunacaq. Eyni zamanda regionlarda
fəaliyyət göstərən
hotellər və istirahət mərkəzləri
də təmsil etdikləri rayonlar üçün ayrılmış
lövhədə öz
məhsullarını təqdim
edəcəklər».
Tvinninq layihəsinin təqdimat konfransı
Sərgi çərçivəsində
«Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi Turizm şöbəsinin imkanlarının gücləndirilməsi»
adlı tvinninq layihəsinin təqdimat konfransı keçiriləcək.
Layihə Avropa İttifaqı
adından çıxış
edən Avstriya Federal Təchizat Agentliyi (FTA) və Litva Dövlət
Turizm Departamentinin iştirakı ilə reallaşdırılır.
Türkiyə sərgidə
30 şirkətlə təmsil
olunacaq
Builki sərgidə Türkiyənin
stendi ötən ilkindən iki dəfə böyük olacaq. Türkiyənin
Azərbaycandakı səfirliyinin
mədəniyyət və
tanıtma müşaviri
Seyid Əhməd Arslanın sözlərinə
görə, sərgidə
qardaş ölkədən
30-dək şirkət iştirak
edəcək: «Türkiyədən
bu sərgiyə çox ciddi maraq var. Təxminən ölkənin 30-a yaxın
şirkətini təmsil
edən 80 nəfərlik
nümayəndə heyəti
bu sərgiyə qatılacaq. Həmçinin mədəniyyət nümunələri və
teatr oyunları da sərgidə nümayiş olunacaq».
Qeyd edək ki, aprelin 1-də Türkiyə
səfirliyinin mədəniyyət
və tanıtma müşavirliyinin veb saytının (www.turkiye.az) təqdimatı
və 2013-cü ilin reklam kampaniyaları ilə mətbuat konfransı keçirilib.
Seyid Əhməd Arslan bildirib ki, 15 mart tarixindən etibarən Bakının mərkəzi küçələrində,
avtobusların, taksilərin
üstündə, xəbər
agentliklərində Türkiyə
ilə bağlı reklam kampaniyası başlayıb, xüsusi videoçarx hazırlanıb
və bu görüntülərdə Türkiyənin
ayrı-ayrı regionlarının
turizm potensialı nümayiş olunub. Kampaniya 3 ay davam edəcək.
Müşavir Azərbaycandan Türkiyəyə
gedən turistlərin
sayında artım müşahidə olunduğunu
da bildirib. Onun sözlərinə görə, 2011-ci ildə
Türkiyəyə 578 min azərbaycanlı
turist gəlmişdisə,
keçən il turistlərin sayı 591
min nəfəri keçib:
«Azərbaycanlı turistlər
əsasən Antalyanı,
İstanbulu, İzmir və Ankaranı ziyarət edir».
«HOREX
Caucasus”a 7 ölkədən
30-dan çox şirkət
qatılacaq
Hər il olduğu kimi, bu il
də «AİTF» sərgisi
ilə eyni meydançada regionun mehmanxana və restoran sənayesinin yeganə ixtisaslaşdırılmış
tədbiri - «HOREX Caucasus-2013» VII Qafqaz Beynəlxalq «Mehmanxanalar, Restoran və Supermarketlər üçün avadanlıq
və ləvazimatlar» sərgisi də baş tutacaq. «Iteca Caspian» şirkətindən
verilən məlumata görə, «HOREX Caucasus-2013» sərgisində
mehmanxana və restoran biznesi, eləcə də biznes müəssisələri
üçün məhsullarını
nümayiş etdirən
Azərbaycan, Almaniya, İtaliya, Kanada, Lüksemburq, Türkiyə
və Rusiyanın
30-dan çox şirkəti
iştirak edəcək.
Stendlərdə
tekstil dizaynı və müxtəlif növ interyerlər üçün dekorlar üzrə məhsullar, mehmanxanalar üçün
kosmetik vasitələr
və ətriyyat, beşulduzlu hotellərdən
tutmuş «fast-food» sistemində
fəaliyyət göstərən
müəssisələrədək müxtəlif profillər
üçün peşəkar
mətbəxin yaradılması
üzrə avadanlıqlar,
restoranlar üçün
qab-qacaq, təmizlik vasitələri və avadanlıqlar, restoranlar şəbəkəsi üçün
idarəetmə üzrə
proqram təminatı və digər məhsullar nümayiş etdiriləcək. Sərginin «Hotel, restoran və kafelər üçün
içkilər» («HoReCa»)
bölümündə isə
şərab, məşhur
brendlərin istehsalı
olan çay və qəhvə, eləcə də içməli su növləri nümayiş
etdiriləcək.
İştirakçılar öz stendlərində
təqdimatlar və ustad dərsləri keçirəcək, iştirakçı
və ziyarətçilər
yeni avadanlıqları
bilavasitə istismar şəraitində görə
biləcəklər. Qeyd
edək ki, iki sərginin birlikdə keçirilməsi
mehmanxana nümayəndələrinə
«HOREX Caucasus-2013» sərgisində nümayiş etdirilən yeni texnologiyalarla birbaşa tanış
olmaq üçün
imkan yaradır.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 3 aprel.- S. 9.